Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1677/2025 16.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1890 (bir min səkkiz yüz doxsan) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 189 (bir yüz səksən doqquz) manat cərimə, ümumilikdə 2102 (iki min bir yüz iki) manat 60 (qəpik) borc və 41 (qırx bir) manat 03 (üç) qəpik ödənilmiş dövlət rüsumu «ABS TELECOM» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********86945 İPHONE 13, RAKET XXXL xidməti, ZƏMANƏT 1 İL xidməti almış və nəticədə 2102.60 (iki min yüz iki manat. 60 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1890 (min səkkiz yüz doxsan manat) manat (yəni 18 ay x 105 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********86945 İPHONE 13, RAKET XXXL xidməti, ZƏMANƏT 1 İL xidməti üçün ümumilikdə, 2102.60 (iki min yüz iki manat, 60 qəpik) manat olmaqla-ondan 1890 (min səkkiz yüz doxsan manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 189 (yüz səksən doqquz manat) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı zamanı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarından görünür ki, iddiaçı AR MPM-in 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə Cavabdeh Salyan Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsində göstərilən telefonun onun tərəfindən götürülmədiyini bildirərək ərizəyə etiraz etmiş, iddia icraatı qaydasında baxılmasını xahiş etmiş və həmin tarixdə də Salyan Rayon Məhkəməsinin hakimi Ənnağı Məmmədli tərəfindən iddia icraatına keçirilməsi haqqında qərardad qəbul edilmişdir. "xxxx" MMC-nin rəhbəri Nümayəndə Elektron Məhkəmə İnformasiya Sisteminə ərizə yerləşdirməklə nümayəndəsinin məhkmənin baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etidiyini, buna görə də məhkəmənin baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan məhkmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkmə prosesinin keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş telefonun götürülməsi ilə bağlı müqavilə onun tərəfindən imzalanmış, lakin telefon onun tərəfindən götürülməmişdir. Məhkəmə prosesi zamanı verilən suallara cavab olaraq cavabdeh bir daha telefonun götürülməsi ilə əlaqədar müqaviləni imzaladığını təsdiq etmiş, telefonu həmin vaxt onunla bir yerdə olan şəxs tərəfindən götürüldüyünü demiş, lakin həmin şəxsin kim olması, harada olması barədə məhkəməyə məlumat verə bilməmişdir. Nəticədə bir daha ərizədə qeyd olunmuş telefonla bağlı idiaçıya borclu olduğunu etiraf etmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh “imei kod **********86945 İPHONE 13, RAKET XXXL xidməti, ZƏMANƏT 1 İL xidməti”-ni almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 1890 (min səkkiz yüz doxsan manat) manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 189 (yüz səksən doqquz manat) manat cərimə pulu, ümumilikdə 2102.60 manat borcu vardır. xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı 41.03 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq”dan görünür ki, iddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında borcunun olması barədə cavabdehə məlumat vermiş, könüllü şəkildə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən 189 manat cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 1890 manata mütənasib olmadığından 189 manat məbləğində cərimə pulunun 89 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 40.26 manat pul cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, cavabdehdən 1890 (bir min səkkiz yüz doxsan) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 89 (səksən doqquz) manat cərimə, ümumilikdə 2002 (iki min iki) manat 60 (qəpik) borc və 40 (qırx) mamat 26 (iyirmi altı) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1890 (bir min səkkiz yüz doxsan) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 89 (səksən doqquz) manat cərimə, ümumilikdə 2002 (iki min iki) manat 60 (qəpik) borc və 40 (qırx) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-1677/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1677/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver