Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1925/2025 19.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********28527 İphone 15 Pro Max markalı telefon üçün 3763.63 (üç min yeddi yüz altmış üç manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 376.36 (üç yüz yetmiş altı manat, otuz altı qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Apple 20W USB-C adapter, İMEİ KODU **********22859 İphone 13 markalı telefon üçün, 1019 (min on doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 101.90 (yüz bir maant, doxsan qəpik) manat dəbbə, ümumilikdə 5308.09 manat borc, 73.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********28527 İphone 15 Pro Max markalı telefon, Apple 20W USB-C adapter, İMEİ KODU **********22859 İphone 13 markalı telefon almış və nəticədə 5308.09 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4195.02 manat (18 ay x 221.39 manat + 210 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********28527 İphone 15 Pro Max markalı telefon üçün ümumilikdə, 4163.59 manat olmaqla ondan, 3763.63 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 376.36 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1660.80 manat (12 ay x 129.90 manat + 102 manat ilkin ödəniş) olan Apple 20W USB-C adapter, İMEİ KODU **********22859 İphone 13 markalı telefon üçün ümumilikdə, 1144.50 manat olmaqla ondan, 1019 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 101.90 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1073.19 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını xahiş edərək, iddia tələblərini müdafiə etdiklərini bildiriərək, iddia tələbinin təmin olunmnası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş təkrar göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) X1 bildirmişdir ki, oğlu Xocalıda hərbiçi işləyir. Aylıq 1200 manat maaş alır. Elə bir məbləğ müəyyən olunsun ki, oğlu həmin borc məbləğini ödəyə bilsin. İphone 15 Pro Max markalı telefonu nişanlısı üçün almışdır. Evin yeganə qazanc gətirənidir. Əlavə gəlir yerləri yoxdur. Məhkəmədən bu halları nəzərə alaraq müvafiq qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02698484 saylı müqavilənin ksero surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehə Apple 20W USB-C adapter, İMEİ KODU **********22859 İphone 13 markalı telefon satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 08602572 saylı müqavilənin ksero surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehə İMEİ KODU **********28527 İphone 15 Pro Max markalı telefon satılmışdır. İddiaçının 17 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 4782.63 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 478.26 manat dəbbə, ümumilikdə 5308.09 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehə "xxxx" MMC-yə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 73.09 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 02698484 saylı və xx.xx.2024-cü il tarixli, 08602572 saylı müqavilələr bağlanmış və cavabdehə Apple 20W USB-C adapter, İMEİ KODU **********22859 İphone 13 markalı telefon və İMEİ KODU **********28527 İphone 15 Pro Max markalı telefon satılmışdır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 101.90 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50.95 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 376.36 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 188.18 manat məbləğində pul tutulmalıdır. İddiaçı cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə etmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 70.22 manat pul cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1019 (bir min on doqquz) manat ödənilməmiş hissə, 50.95 (əlli manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3763.63 (üç min yeddi yüz altmış üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 188.18 (bir yüz səksən səkkiz manat on səkkiz qəpik) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 70.22 (yetmiş manat iyirmi iki qəpik) manat, cəmi 5091.98 (beş min doxsan bir manat doxsan səkkiz qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1019 (bir min on doqquz) manat ödənilməmiş hissə, 50.95 (əlli manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3763.63 (üç min yeddi yüz altmış üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 188.18 (bir yüz səksən səkkiz manat on səkkiz qəpik) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 70.22 (yetmiş manat iyirmi iki qəpik) manat, cəmi 5091.98 (beş min doxsan bir manat doxsan səkkiz qəpik) manat pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-1925/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1925/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver