Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2154/2025 28.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında tələb edilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında tələb edilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1010 (min on) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin, 30,10 (otuz manat, on qəpik) manat dövlət rüsumu, ümumilikdə 1040,10 (min qırx manat, 10 qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən Cəmiyyətdə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Mercedes Benz E320 CDİ” markalı, 90RZ942 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan qərara əsasən “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh X4 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 1010 (min on) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edirlər ki, 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X7 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı-xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx"ASC-nin hesabına 1010 (min on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildirirlər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Buna görə də “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin qeydiyyata necə düzgün aparılmadığı üçün xx.xx.2022-ci il tarixdə həmin polis əməkdaşın görsə üzdən tanıyar. Hadisəni düzgün qeydiyyata almamış, hansı məqsədlə günahı olmadığı halda kiminsə maddi ziyanını ödəməlidir. Həmçinin həmin siğorta məbləğinin hansı hesablanma qaydasına görə və ya qüsur aktına əsasən hesablanması müəyyən edilmir. Qeyd olunan siöorta məbləğinin hesablanması zamanı onun iştirakı təmin olunmamışdır. İşə yenidən baxılaraq araşdırma aparılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında tələb edilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə elektron ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini və işə onların iştirakları olmadan baxılaraq yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 15 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, 3 il əvvəl ağsaqqal bir kişi ondan 100 manat pul almış, işi düzüb-qoşan isə oğlu olmuşdur. Onun barəsində heç bir protokol tərtib olunmamışdır. Polisin tərtib etdiyi protokolu indi görür. Protokoldan xəbəri olmamışdır. Avtomobilin ən çoxu 300 manat xərci olardı. Yazılan məbləğ tamamilə absurddur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər DYPİ-nin polis polkovniki X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 169023 saylı qiymətləndirməyə dair hesabatın ksero surətindən görünür ki, “Mercedes Benz E320 CDİ” markalı, 90RZ942 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1010 manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx"ASC-nin hesabına 1010 (min on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində Bakı şəhərində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətçisi X1, sürücüsü Cavabdeh olan “Kamaz 5511 yük” markalı, 52BF725 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə mülkiyyətçisi X2 olan “Mercedes Benz E320 CDİ” markalı, 90RZ942 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. İş materiallarında olan iddiaçının 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, cavabdehə ödənilmiş 1010 manat sığorta ödənişinin ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət nəfinə 40.25 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində hərəkət edən zaman “Kamaz 5511 yük” markalı, 52BF725dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E320 CDİ” markalı, 90RZ942 dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş və nəticədə “Mercedes Benz E320 CDİ” markalı, 90RZ942 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmış, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilə iddiaçı tərəfindən 1010 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 1010 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh arqument olaraq göstərir ki, ödənilmiş sığorta məbləği şişirdilmiş və ümumiyyətlə araşdırma onun iştirakı olmadan aparılmışdır. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə həmin arqumentə münasibətdə bildirir ki, subroqasiya hüququ ödənilmiş sığorta ödənişinin geri tələb edilməsidir. Sığorta ödənişinin məbləği hazırki mübahisənin predmeti deyildir. Sığortaçının şərtsiz olaraq ödənilmiş vəsaitin subroqasiya üzrə geri tələb etməsi hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və 1010 manat sığorta ödənişi, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30.10 (otuz manat on qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş, cəmi 30.10 (otuz manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1010 (min on) manat sığorta ödənişi məbləği və 30.10 (otuz manat, on qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1040.10 (min qırx manat, on qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev