Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2478/2025 20.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3427 (üç min dörd yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsini Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş edilməsi nəzərdə tutulmamışdır, nəqliyyat vasitəsinin dəyərini təşkil edən 71.340,00 (yetmiş bir min üç yüz qırx) manat məbləğində pul vəsaitinin isə xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1189.00 (bir min bir yüz səksən doqquz) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk 2 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, 3-cü ayda ödənişi gecikmə ilə həyata keçirmiş, növbəti aylarda isə heç bir ödəniş edilməmişdir (Maliyyə arayışı əlavə olunur). Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. Bununla bağlı Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B- 052-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildiririk ki, tərəflərindən əsas borc, dəbbə məbləği və təmir aktının borcludan tutulması ilə bağlı Salyan Rayon Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(057)-1241/2025 nömrəli qətnaməsi ilə tələblərindən 2365 manat təmin edilmişdir. Lakin bu məbləğ Şirkətlərinə dəymiş real zərəri bağlamamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 24535 km yürüşü olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-124-SA-24 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 61,980.00 (altmış bir min doqquz yüz səksən) manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobilərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobil X1. xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satılqıdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Mülki Məcələnin 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Odur ki, cavadeh Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqavilənin dəyəri 71.340,00 (yetmiş bir min üç yüz qırx) manat, xx.xx.2024-cü il tarixli, B-124-SA- 24 nömrəli ikinci əqdin dəyəri isə 61,980.00 (altmış bir min doqquz yüz səksən) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 3568 manat aylıq ödəniş edilmiş, o cümlədən məhkəmə tərəfindən 2365 manatın cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər və qətnamə ilə tutulan məbləğ də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 71340 manat-ikinci müqavilə dəyəri 61980 manat = 9360 manat – ümumi ödənişlər 3568 + 2365 manat = 3427 manat) Cavabdeh İddiaçı MMC-yə 3427 (üç min dörd yüz iyirmi yeddi) manat borcu qalmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edirlər ki, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (1-ci müqavilə dəyəri 71340 manat-ikinci müqavilə dəyəri 61980 manat = 9360 manat – ümumi ödənişlər 3568 + 2365 manat = 3427 manat) 3427 (üç min dörd yüz iyirmi yeddi) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin 18 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında və 20 oktyabr 2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddiaya etiraz edir. Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi təmin olunmuş və ondan iddiaçının xeyrinə 2364 manat məbləğində pulun tutulması qət olunmuşdur. Məhkəmə tərəfindən qəbul edilmiş həmin qətnamə ilə razılaşmış və ödəniş etmişdir. Hazırda iddiaçı tərəfindən yenidən eyni əsasla iddianın qaldırılması onun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Qeyd olunan səbəbədən iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı MMC-nin direktoru Ayunur Xankişiyeva tərəfindən xx.xx.2025-ci il tarixində Salyan Rayon Məhkəməsinin hakimi Rüstəm Alıyevə ünvanlanmış ərizədən görünür ki, Salyan Rayon Məhkəməsinin icraatında olan e-2(057)-2478/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:40-a baxış iclası təyin edilmişdir. İş çoxluğu ilə əlaqədar nümayəndələrinin baxış iclasında iştirakı üzrlü səbəbdən mümkün olmadığı üçün baxış iclasının iştirakları olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etdmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmənin 18 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 71340 manat pulu 60 ay ərzində hər ay 1189 manat olmaqla ödənişi tam etdikdən sonra avtomobil həmin şəxsin mülkiyyətinə verilməli idi. Həmin vaxta qədər onların mülkiyyətində qalmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbləri qismən təmin olunmuş, təmin olunan məbləğ maddi ziyanlarını tam bağlamamışdır. Həmin avtomobil tərəflərindən məhkəmə qətnaməsi qəbul edilməmişdən əvvəl 61900 manata 3-cü şəxsə satılmışdır. Cavabdeh ilə imzalanmış müqavilədə ona əsaslanmışlar ki, 1-ci və 2-ci müqavilələr arasında məbləğə münasibətdə fərqlər mövcuddur. Hazırki mülki iş üzrə cavabdeh olan şəxsdən daha əvvəl nəqliyyat vasitəsində olan zərərə münasibətdə 2365 manat miqdarında məhkəmə qətnaməsi ilə ziyan tələb edilmiş və məhkəmənin müvafiq qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən ümumilikdə 3427 manat məbləğində iddiaçıya zərər dəymişdir. Həmin zərər isə cavabdeh tərəfindən bugünədək ödənilməmiş olaraq qalmışdır. Məhkəmə, tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-052-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. 28 mart 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW2P3195100), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 3567 manat gecikdirilmiş borc, 1070 manat cərimə borcu vardır. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1033 manat ödəmək şərti ilə ümumi dəyəri 61980 manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. 25 noyabr 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW2P3195100), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən X4 təhvil verilmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1241/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 54.27 manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) : 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 645.1-ci maddəsinə əsasən, əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. 645.3-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. 645.4-ci maddəsinə əsasən, malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər. 645.5-ci maddəsinə əsasən, bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki işin mübahisəsiz halları ilə bağlı münasibət bildirərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-052-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə götürülmüş yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən isə müqavilə üzrə öz üzərinə öhdəliklərini lazımi qaydada yerinə-yetirilməmişdir. Bunun nəticəsində müqavilə predmeti iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən Cavabdeh barəsində “öhdəlik üzrə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Salyan Rayon Məhkəməsinin e-2(057)-1241/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmçinin İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1033 manat ödəmək şərti ilə ümumi dəyəri 61980 manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. Belə ki, iddiaçı tərəfindən Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin dəyəri 71340 manat təşkil etmiş, daha sonra iddiaçıya geri qaytarılmış və daha sonra “Skoda Kamiq” MPİ markalı, Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobil X4 61980 manat məbləğinə satılmışdır. İddiaçı ilə X7 arasında bağlanan müqavilə predmeti ilə Cavabdeh arasında bağlanan müqavilə predmeti eynilk təşkil edir. Həmçinin iddiaçı nəqliyyat vasitəsinin satışından müəyyən gəlirlər əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbəindən iddiaçı əldə edə biləcəyi gəlirlərindən olmuş və hər iki müqavilə arasında olan fərqin miqdarı 9360 manat təşkil edir. Cavabdeh tərəfindən 3568 manat miqdarında aylıq ödənişin edilməsi və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh 2364.72 manat miqdarında pul vəsaitinin iddiaçın xeyrinə ödənilməsi nəticəsində yuxarıda qeyd olunan 9360 manat fərqdən 3427 manat məbləğində müqavilə fərqi mövcuddur ki, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə onu tələb edir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddianın hazırki hüquqi əsasını Mülki Məcəllənin 645.2-ci maddəsinin tələbləri çıxış edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülən iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu norma satıcı və alıcı arasındakı satış müqaviləsinin ləğvindən sonrakı vəziyyəti tənzimləyir. Yəni, Əgər alıcı öz öhdəliyini (məsələn, pulu vaxtında ödəməyi) pozarsa, satıcı bu səbəbdən müqaviləni ləğv edərsə və sonra malını başqa şəxsə, lakin daha aşağı qiymətə sata bilərsə, onda satıcı əvvəlki alıcıdan qiymət fərqinə uyğun zərərin əvəzini tələb edə bilər. (hazırki mülki mübahisədə də bu hallar sübutlarla öz təsdiqini tapmışdır). Bu maddə satıcını ədalətsiz zərərdən qorumaq məqsədi daşıyır. Əgər alıcının pozuntusu ucbatından satıcı bazarda malını ucuz satmağa məcbur qalırsa, o zaman bu itki satıcının deyil, müqavilə öhdəliyini pozan alıcının üzərinə qoyulur. Beləliklə, Mülki Məcəllənin 645.2-ci maddəsi ümumlikdə tərəflər arasında bağlanan müqavilə intizamını möhkəmləndirir, bazar münasibətlərində ədalətli iqtisadi balansı qoruyur, zərərin real, ağlabatan ölçüdə kompensasiyasını təmin edir. Məhkəmə həmçinin hazırki iddia tələbinin təmin olunması üçün mülki qanunvericiliyin müvafiq normasından irəli gələn şərtlər dairəsini müəyyən etməyi vacib hesab edir. Belə ki, Birinci şərt tərəflər arasında alqı-satqı müqaviləsi mövcud olmalıdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-052-SA-24 saylı müqaviləsinin bağlanması ilkin şərtin mövcudluğunu təsdiq edir. İkinci şərt “alqı-satqı müqaviləsi alıcının pozuntusu səbəbindən ləğv olunmalıdır ki, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk 2 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, 3-cü ayda ödənişi gecikmə ilə həyata keçirmiş, növbəti aylarda isə heç bir ödəniş edilməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Üçüncü şərt satıcı tərəfində müqavilə predmeti olan məshul başqa şəxsə satmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B- 124-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1033 manat ödəmək şərti ilə ümumi dəyəri 61980 manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. Dördüncü şərt yeni satış ağlabatan müddətdə baş verməlidir ki, Üçüncü şərt satıcı tərəfində müqavilə predmeti olan məshul başqa şəxsə satmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-124-SA-24 saylı müqaviləsi məhz həmin müqavilənin predmeti sayılan nəqliyyat vasitəsi Cavabdeh alındıqdan 02 ay sonra digər alıcı X2. Beşinci şərt yeni qiymət əvvəlkindən daha aşağı olmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilənin dəyəri 61900 manat təşkil edir. Bu da Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli B- 052-SA-24 saylı müqavilə dəyəri olan 71340 manatdan 9360 manat daha aşağı qiymət hesab olunur. Qeyd olunan hər 5 şərtə əməl olunduğundan iddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülən iddia tələbinin hüquqi əsası olan Mülki Məcəllənin 645.2-ci maddəsinin tələbi tərəflər arasında olan mülki hüquqi mübahisəyə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 54.27 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3427 (üç min dörd yüz iyirmi yeddi) manat və 54.27 (əlli dörd manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3427 (üç min dörd yüz iyirmi yeddi) manat pul vəsaiti və 54.27 (əlli dörd manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3481.27 (üç min dörd yüz səksən bir manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-2478/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2478/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver