Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-250/2024 22.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi ilə, «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 749 manat olan bir ədəd mal almışdır. Müqavilə bağlanıldıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 12 ay ərzində ödəmək ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq bəzi ödənişləri etdikdən sonra qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 169 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə (dəbbə pulu) 15 manat təşkil edir.Mübahisənn məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyi icra etməmişdir. Göstərilənlərə əsasən, cavabdehdən «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 169 manat əsas borc, 15 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 214 manat məbləğində pul vəsaititnin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən “Satıcı” dəyəri 549 olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə ilkin ödəniş 200 manat etməklə malı qəbul edib, müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən malı tam qüsursuz halda təhvil verilmişdir. «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 169 manat əsas borc və 15 manat dəbbə pulu olmaqla, ümumilikdə 184 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 200 manat ilkin ödəniş edərək 549 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinin bağlanması ilə yarandığından məhkəmə hesab edir ki, bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən, pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5-ci maddəsinə əsasən, faktorinq müqaviləsi yazılı formada bağlanır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən,, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 169 manat əsas borc, 15 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 214 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 169 manat əsas borc, 15 manat dəbbə pulu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 214 manat məbləğində pul tutularaq iddiaçı «ULTRATEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-250/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-250/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver