Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2540/2025 04.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 22:30 radələrində Bakı şəhəri, S.S.Axundov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Man Tga 18400” markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Vitz” markalı, **-DX-*** və “Kia Optima” markalı, 99 TR-230 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5004376 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota Vitz” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1490 (bir min dörd yüz doxsan) manat, “Kia Optima” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 3500 (üç min beş yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA110425 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 1490 (bir min dörd yüz doxsan) manat, PXA109613 saylı sığorta aktına əsasən isə 3500 (üç min beş yüz) manat məbləğində zərərçəkənlərə sığorta ödənişi həyata keçirilmişdir. (Ümumilikdə 4990,00 ( dörd min doqquz yüz doxsan) manat) İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddianı tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsi və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA********** nömrəli, xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan PXA109613 nömrəli sığorta aktından görünür ki, 2022-ci il mayın 2-də Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş hadisə nəticəsində sığortalanmış “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobil “Kia Optima minik” markalı, 99–TR–230 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, "xxxx" ASC tərəfindən 3500 manat pul X1 ödənilmişdir. İş materiallarında olan PXA110425 nömrəli sığorta aktından görünür ki, 2022-ci il mayın 2-də Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş hadisə nəticəsində sığortalanmış “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobil “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, "xxxx" ASC tərəfindən 1490 manat pul X2 ödənilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, 2022-ci il mayın 2-də Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş hadisə nəticəsində “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət nömrə nişanlı avtomobil “Kia Optima minik” markalı, 99–TR–230 dövlət nömrə nişanlı və “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, toqquşma nəticəsində “MAN TGA 18400 yük” markalı avtomobilin sol yan, “Kia Optima minik” markalı avtomobilin isə sağ yan, “Toyota Vitz minik” markalı avtomobilin isə sağ yan hissələri zədələnmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətçisi X4, sürücüsü Cavabdeh olan “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə mülkiyyətçisi X3 olan “Kia Optima minik” markalı, 99–TR–230 dövlət nömrə nişanlı və mülkiyyətçisi X5 olan “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət nömrə nişanlı nəqliyyat vasitələri toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. İş materiallarında olan “AUTOBox” automobile services tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 730 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia Optima minik” markalı, 99–TR–230 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinə 3500 manat maddi zərər dəymişdir. İş materiallarında olan “AUTOBox” automobile services tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1595 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, S.S.Axundov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinə 1490 manat maddi zərər dəymişdir. İş materiallarında olan iddiaçının 06 iyun 2022-ci il tarixli məktubundan görünür ki, cavabdehə ödənilmiş 4990 manat sığorta ödənişinin ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət nəfinə 70 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.S.Axundov küçəsi ərazisində hərəkət edən zaman “MAN TGA 18400 yük” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Kia Optima minik” markalı, 99–TR–230 dövlət qeydiyyat nişanlı və “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət qeydiyyat nişanlı avtomobillərlə toquşmuş və nəticədə “Kia Optima minik” markalı, 99–TR– 230 dövlət qeydiyyat nişanlı və “Toyota Vitz minik” markalı, 77–DX–131 dövlət qeydiyyat nişanlı avtomobilərə maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmış, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilərə iddiaçı tərəfindən ümumilikdə 4990 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilərə görə ödənilmiş 4990 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və 4990 manat pul, Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində vuurulmuş zərər və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-2540/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2540/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver