Məhkəmə qərarları › İş №e-2(057)-2735/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2735/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2735/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 1 il xidməti, tozsoran X1, robot tozsoran Xiaomi X20 Max 2 ədəd üçün 3051.96 (üç min əlli bir manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 305.20 (üç yüz beş manat, iyirmi qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qəhvəbişirən Delonghi üçün 2329.02 (iki min üç yüz iyirmi doqquz manat, iki qəpik) manat ödənilməmiş hissə, 232.90 (iki yüz otuz iki manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 5919.08 manat borc, 79.20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən zəmanət + 1 il xidməti, tozsoran X1, robot tozsoran Xiaomi X20 Max 2 ədəd, qəhvəbişirən Delonghi almış və nəticədə 5919.08 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3243.96 manat (18 ay x 180.22 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 1 il xidməti, tozsoran X1, robot tozsoran Xiaomi X20 Max 2 ədəd üçün ümumilikdə, 3357.16 manat olmaqla ondan, 3051.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 305.20 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3206.22 manat (18 ay x 134.79 manat + 780 manat ilkin ödəniş) olan qəhvəbişirən Delonghi üçün ümumilikdə, 2561.92 manat olmaqla ondan, 2329.02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 232.90 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1069.20 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını xahiş edərək, iddia tələblərini müdafiə etdiklərini bildiriərək, iddia tələbinin təmin olunmnası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, iddia tələbi ilə razı olduğunu və heç bir etirazı olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia olunan əşyaları götürmüşdür. Kredit götürən zaman maaşı yaxşı olmuş, həmçinin yoldaşı da işləmişdir. Sonradan yoldaşı işdən çıxmışdır. Evdə işləyən tək o qalmışdır. İki uşağı var, maddi vəziyyəti ödəniş etməyə imkan vermir. Başqa banka da borcu var, ödənişlər edir. Ödəniş etməkdən boyun qaçırtmır, sadəcə aylıq ödənişin az olmasını istəyir ki, ödəniş etməyə gücü çatsın. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilənin ksero surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehə tozsoran X1, robot tozsoran Xiaomi X20 Max 2 ədəd satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin ksero surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehə Delonghi markalı qəhvəbişirən satılmışdır. İddiaçının 18 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 5380.98 manat ödənilməmiş hissə, 538.10 manat dəbbə, ümumilikdə 5919.08 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehə "xxxx" MMC-yə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 79.20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilələr bağlanmış və cavabdehə tozsoran X1, robot tozsoran Xiaomi X20 Max 2 ədəd, Delonghi markalı qəhvəbişirən satılmışdır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 79.20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3051.96 (üç min əlli bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 305.20 (üç yüz beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2329.02 (iki min üç yüz iyirmi doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 232.90 (iki yüz otuz iki manat doxsan qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 79.20 (yetmiş doqquz manat iyirmi qəpik) manat, cəmi 5998.28 (beş min doqquz yüz doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3051.96 (üç min əlli bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 305.20 (üç yüz beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2329.02 (iki min üç yüz iyirmi doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 232.90 (iki yüz otuz iki manat doxsan qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 79.20 (yetmiş doqquz manat iyirmi qəpik) manat, cəmi 5998.28 (beş min doqquz yüz doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manat pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar