Məhkəmə qərarları › İş №e-2(057)-601/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-601/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-601/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********95117 REALME C33 markalı telefon üçün 156.6 (bir yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.98 (qırx altı manat doxsan səkkiz qəpik ) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 121.4 (bir yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36.42 (otuz altı manat qırx iki qəpik) manat cərimə ümumilikdə 361.4 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********95117 REALME C33 markalı telefon, HOFFMANN LED TV almış və nəticədə 361.4 (üç yüz altmış bir manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 533.88 (beş yüz otuz üç manat, 88 qəpik) manat (18 ay x 29.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********95117 REALME C33 markalı telefon üçün ümumilikdə, 203.58 (iki yüz üç manat, 58 qəpik) manat olmaqla ondan, 156.6 (yüz əlli altı manat, 60 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.98 (qırx altı manat, 98 qəpik ) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500.04 (beş yüz manat, 4 qəpik) manat (18 ay x 28.78 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TVüçün ümumilikdə, 361.4 (üç yüz altmış bir manat, 40 qəpik) manat olmaqla ondan, 121.4 (yüz iyirmi bir manat, 40 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36.42 (otuz altı manat, 42 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 755.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sifarişli məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 19131101 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən HOFFMANN LED TV cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ********* saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********95117 REALME C33 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 30 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 278 manat ödənilməmiş hissə, 83.40 manat cərimə borcu olmaqla, cəmi 361.40 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, ********* saylı, 19131101 saylı, xx.xx.2023-cü il tarixli kredit borcu 121.4 manata mütənasib olmadığından 36.42 manat məbləğində cərimə pulunun 05 manat, xx.xx.2023-cü il tarixli müqavilə üçün kredit borcu 156.6 manata mütənasib olmadığından 46.98 manat məbləğində cərimə pulunun 05 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 19131101 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 121.4 (bir yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu və ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 156.6 (bir yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19131101 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 121.4 (bir yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu və ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 156.6 (bir yüz əlli altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar