Məhkəmə qərarları › İş №e-2(057)-642/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-642/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-642/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu X7 qarşı ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sadıqova X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu X7 qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 20 oktyabr 2023-cü il tarixdə Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində imzaladığı və notarius tərəfindən təsdiq edilmiş mirasdan imtina barədə (8i-8828 reyestr nömrəli) ərizənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əri X5 xx.xx.2023 ildə şəhid olmuşdur. Həmin vaxt güclü stres və travma yaşamışdır. Uzun müddət şokda olmuşdur. Yoldaşı şəhid olduqdan düz bir ay sonra SADİQOV BƏHRƏM İBRAHİM OĞLU və Cavabdeh2 QİZİ ona ərinin şəhid olmasına düşən 11000 (on bir min) manat pulun, son haqq hesaba görə pulun və əlavə olaraq X8 verilən 10000 (on min) manat pulun alınması üçün imza etməli olduğumu bildirdilər. Onu aldadaraq bu pulun alınmasına deyil, mərhum əri X2 bütün mirasından imtina etməyi barədə ərizəyə və bununla bağlı bütün notarial hərəkətləri aparmaq üçün etibarnaməyə aldadaraq və məcbur edilərək imza etdirdilər. xx.xx.2023-cü il tarixdə cavabdehlər onu aldadaraq iradə ifadəsinin ziddinə olaraq şəhid ailəsinə düşən 11000 manat kompensasiyanı almaq adı altında Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində aşağıdakı məzmunlu ərizəyə imza etdiriblər: Bildirirəm ki, mərhum ərim X5 xx.xx.2023 ildə vəfat etmişdir. Onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan bütün daşınar və daşınmaz əmlaklardan mənə çatası paydan Cavabdeh3 xeyrinə imtina edirəm. Sağ qalmış arvada çatası½ paya dair mülkiyyət hüququ haqqında şəhadətnaməni də istəmirəm. Bu ərizə mənim sözlərim əsasında tərtib edildi, ərizəmi oxudum, ərizəm həqiqi niyyətimə uyğundur, razıyam və doğruluğunu imzamla təsdiq edirəm.” O, hesab edirdi ki, bu ərizələr pulun alınması ilə bağlıdır. Notarius da heç ona bu ərizə və etibarnamənin nədən ibarət olduğunu, onun hüquqi nəticəsinin necə olduğunu da izah etmədi. Qeyd: Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. çap tarixi: xx.xx.2024 19:18 Etibarnamədə çox kiçik şriftlərlə göstərilmişdir: Qeyd: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrimiz etibar edən qismində mənə ətraflı izah olundu. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə 15 il müddətinə verilib və xx.xx.2038 ilsaat 23:59-dək qüvvədədir. çap tarixi: xx.xx.2024 19:22 Ərizə ilə etibarnamənin arasında 3 dəqiqə fərq var ki, bu qədər hüquq və vəzifələrimin izah edilməsi üçün çatan vaxt deyil. Hardasa bir-bir bunların izahı və ona oxunması 30 dəqiqədən çox vaxt aparmalıdır ki, bu yerinə yetrilməyib. Notariusda heç bir hüquq və vəzifələri ona izah edilməyib və tez bura imza et çıxaq gedək deyərək onu aldadıb iradə ifadəsinin ziddinə olaraq şəhid ərinin bütün mirasından, hüquqlarından güzəştlərindən və ona çatası hər bir daşınar və daşınmaz əmlakdan, ona çatacaq pensiyadan belə imtina etdiriblər. O isə həmin vaxt ərinin şəhid olması xəbərini eşidəndən keçirdiyi şokun, travmanın, stresin təsiri altında olmuşdur. O, bir anlıq düşünmüşdür ki, bu pul şəhid ərinin qan puludur və onun yas mərasiminin, qəbirsütü başdaşının, şəhidlər üçün kənd ərazisində nəzərdə tutulan abidənin tikintisi üçün xərclənəcək və o qadın olaraq bunu etmək iqtidarında deyildir. Buna görə də, 11000 manat pulun alınmasını düşünüb ərizəyə imza etmişdir. Daha sonra ona baldızı bildirdi ki, onu aldadaraq hər şeydən imtinaya qol çəkdiriblər və qardaşının bütün statusundan və əmlakından məhrum ediblər. Hətta onu onunla olan nikahından da çıxaracaqlarını bildirdi. O, bundan sonra anlamışdır ki, onu aldadaraq mirasdan imtina etdiriblər və bütün səlahiyyətləri olan etibarnaməyə imza etdiriblər. O, dərhal bu etibarnaməni və ərizənin məzmununu başa düşən yaxınlarına göstərmiş və ona bildirildi ki, o, bütün mirasdan imtina etməklə hər bir şeydən məhrum olunmuşdur. Eyni zamanda müəyyən etmişdir ki, cavabdehlər onun məlumatı olmadan şəhid statusu ilə mənzil növbəsinə dayanıblar. Onu isə buna görə mənzil növbəliyinə götürmürlər. xx.xx.2023-cü ildə dərhal Salyan regional Asan xidmətə getmiş və notariusa aşağıdakı məzmunlu ərizə vermişdir: “xx.xx.2023 tarixdə Salyan regional "ASAN xidmət" mərkəzində notariat ofisində SALYAN RAYONU, XƏLƏC Ə/D, XƏLƏC KƏNDİ ünvanında qeydiyyatda olan SADİQOV BƏHRƏM İBRAHİM OĞLUNA (ŞV:AA*******, SƏYYAR-ASAN3-xx.xx.2021, FİN:xxxxxxx, d/t:xx.xx.1969), reyestrdə 7E-5476 nömrə ilə qeyd olunmuş etibarnamə vermişəm. Xahiş edirəm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edəsiniz. Bu zaman isə ərizəyə imza edərkən mənə bildirilənlərə diqqət edək: Etibarnamənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aşağıda göstərilən vəzifələrim və etibarnamə verdiyim şəxsdən etibarnamənin qaytarılmasını tələb etmək hüququm Salyan regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən mənə izah edildi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd: bu ərizə etibaredilmişi başqasına etibaretmə qaydasında səlahiyyətləri başqasına ötürmüş şəxslərə şamil edilmir. Qeyd: Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Artıq onun hər şeyi başa düşdüyünü və aldadıldığını görən notarius bütün hüquq və vəzifələri ona geniş şəkildə izah edir. Amma etibarnamədə kiçik şriftlərdə görünməyən yerdə qeyd yazır, amma onun imtina etdiyini aldadıldığını iddia edəndə isə bu qədər hüquq və vəzifələrim izah olundu. Cavabdehlər xx.xx.2023-cü il tarixdə bilərəkdən ona bu hüquq və vəzifələrinin izahına imkan verməmiş və məcburi şəkildə aldatmaqla 11000 manatı almaq adı altında aldatmaqla şəhidin bütün mirasından və əldə edəcəyi güzəştlərdən məhrum etməyə çalışıblar. Salyan regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 mirasdan imtina barədə ərizəsini ləğv etmədi və məhkəməyə verilməli olduğunu bildirdi. xx.xx.2023-cü il tarixli mirasdan imtina barədə ərizə onun iradə ifadəsinin ziddinə olduğuna və təzyiq altında, aldadılaraq və ərizənin hüquqi nəticəsi izah edilmədən imzalandığı üçün etibarsız hesab edilməli və onun qanun üzrə vərəsə kimi hüququm tanınmaqla qanun üzrə vərəsə kimi şəhadətnamə verilməlidir. Çünki bu ərizə onun ərinin şəhid olması xəbərini eşitdikdən sonra hadisənin şokunu, stresini, tarvmasını yaşadığı müddətdə baş verib. Eyni zamanda onu ərizəyə imza etməyə aparanda ona yalnız əri şəhid olduğuna görə kompensasiya şəklində olan 11000 manat pulun alınması üçün olduğunu bildiriblər və bundan istifadə etməklə bütün daşınar və daşınmaz əmlakdan, sağ qalmış arvada çatası ½ paydan, şəhid ailələrinə güzəşt kimi verilən mənzildən, şəhid ailələrinə verilən Azərbaycan Rezspublikası Prezidentinin təqaüdündən məhrum ediblər. Onun niyyəti yalnız kompensasiyanın alınması üçün olmuşdur. Bu ərizə tamamilə onun iradə ifadəsəni əks etdirmir və imzalandığı andan etibarsız hesab edilməlidir. Odur ki, xx.xx.2023-cü il tarixli mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sadıqova X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini, Cavabdeh3 3666 manat və 5000 manat şəhid olmağa görə verilmiş kompensasiyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh3 İddiaçı iddiasını qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə onun şəhid oğlu arasında bağlanmış nikah formal xarakterli olmuş, toy mərasimi baş tutmamışdır. İddiaçı şəxsən könüllü olaraq notariat ofisinə gəlmiş, ona heç bir təzyiq və təsir göstərilməmişdir. İddiaçı ərinin şəhid olması nəticəsində şokda olduğu üçün öz hərəkətlərinin nəticəsini anlamadığı bildirsə də, şəhidin atası olaraq ən böyük sarsıntını o özü keçirmişdir. Odur ki, o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və heç bir mötəbər sübuta dayanmır. Məhz bu səbəbdən iddia təmin edilməməklə rədd edilməlidir. İddiaçı iddia ərizəsində bildirir ki, şəhid olan həyat yoldaşının şəhid olma xəbərini eşidəndən sonra keçirdiyi şokun, travmanın və stressin təsiri altında olmuşdur və bu səbəbdən nəyə imza atdığının mahiyyətini dərk etməmişdir. İlk şoku, travmanı elə X4 böyüdüb başa çatdırmış mərhum şəhidin valideynləri keçirmişdir və bu gün də oğullarının itki acısını çəkməkdədirlər. Yəni iddiaçının keçirdiyi şokun və travmanın bir neçə qatını şəhidin valideynləri keçirib. Eyni zamanda notarial hərəkətlərin aparıldığı zaman iddiaçı affekt vəziyyətində olmayıb və nəyə imza atdığının mahiyyətini dərk etmişdir. Onun həqiqətən də travma vəziyyətində olduğunu, nəyə imza atdığının mahiyyətini dərk etmədiyini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının notarial hərəkətlər aparılan zaman prosedur qaydalarına riayət edilmədiyinə gəldikdə isə bildiririk ki,bu da iddiaçının sübuta dayanmayan iddiasıdır. Belə ki, mirasdan imtina kifayət qədər ciddi məsələdir və notariat hərəkərlərinin aparılması barədə təlimat da notariusdan tələb edir ki, şəxsdən nəyə imza atdığını soruşsun. Bu qaydalara riayət edilmiş və iddiaçı mirasdan könüllü imtina edilməsi barədə ərizəyə imza atmışdır. Onu heç kim hədələməmiş, zor tətbiq etməklə qeyd edilən ərizəyə imza atmağa məcbur etməmişdir. iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlər heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Miras əmlakdan könüllü imtina barədə ərizə iddiaçının iradə ifadəsinin göstəricisidir. O heç kim tərəfindən aldadılmayıb, ərizəyə imza atmağa məcbur edilməyib. İddiaçı ərizəyə imza ataraq mirasdan imtina etdiyini bildirən zaman hərəkətlərinin mahiyyətini dərk etmişdir. İddiaçı ərizəni oxumuş və imza edərək öz iradəsini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisələrə dair qanunda nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Odur ki, iddia tələbi əsassız olduğundan və iddia ərizəsində qeyd edilənlər təkzibedilməz, mötəbər sübuta dayanmadığından rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı hazırki iddia tələbinin rədd edilərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlərdən Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu X1 Aygün Oktay qızının iddiasını qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı mərhum əri X2 vəfatından sonra ona çatası paydan Cavabdeh3 xeyrinə imtina etməsi ilə bağlı notariat ofisinə müvafiq sənədlərlə müraciət edərək ərizə vermişdir. Mövcud qanunvericiliyin tələblərinə tam riayət etməklə iddiaçının fəaliyyət qabiliyyəti yoxlanılmış və onun tam fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. İddiaçı şəxsən könüllü olaraq notariat ofisinə gəlmiş, ona hüquq və vəzifələri dərindən izah edilmiş və ona heç bir təzyiq və təsir göstərilməmiş, tam fəaliyyət qabiliyyətli olmaqla ərizəyə imza etmişdir. Odur ki, o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.2022-ci il tarixində nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Şuşa şəhərində ölmüşdür. İddiaçı notariat ofisinə verilmiş ərizəsindən görünür ki, o, mərhum əri X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan daşınar və daşınmaz əmlaklardan ona çatası paydan Cavabdeh3 xeyrinə imtina etmişdir. Sağ qalmış arvada çatası ½ paya dair mülkiyyət hüququ haqqında şəhadətnaməni də istəməmişdir. MM-nin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-nin 337.1-ci maddəsinə görə, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. MM-nin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. MM-nin 1268.1-ci maddəsinin tələbinə görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. MM-nin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. MM-nin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 99-cu maddəsinə görə, əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu X7 qarşı ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi və pul tələbinin təmin edilməsi baxımından iddiaçı tərəfindən hər hansı sübut təqdim edilə bilmədiyi üçün həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Habelə, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu X7 qarşı ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi və pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar