Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-930/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh qarşı (bundan sonra - Cavabdeh və ya cavabdeh) “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 803 (səkkiz yüz üç) manat əsas borc və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 99A - da yerləşən ” Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 20 dekabr 2024-cü il tarixdə Salyan şəhəri, A.Hüseynov küç., ev.150-də yaşayan Cavabdeh işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 803 manat olan 1 ədəd LG 43 smart 43LM63 markalı televizoru alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü televizora görə hər ay mağazaya 67 manat ödəniş etməli idi. Lakin cavabdeh 3 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh hal-hazırda mağazanın xəzinəsinə 803 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün o, Salyan şəhəri, A.Hüseynov küç., ev.150 ünvanında yaşayan Cavabdeh ünvanına məktub göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsədə Cavabdeh bundan qəsdən imtina etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışdır. Odur ki, Cavabdeh ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Alqı-satqı” (hissə-hissə) müqaviləsinə əlavədən görünür ki, satıcı qismində çıxış edən İddiaçı cavabdehə kredit məbləği 803 manat olan LG 43 smart 43LM63 markalı televizoru satmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07 yanvar 2025ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 803 (səkkiz yüz üç) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 803 (səkkiz yüz üç) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-930/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-930/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver