Məhkəmə qərarları › İş №e-2(057)-98/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-98/2025

18.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-98/2025 18.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayon Qırxçıraq kəndində yerləşən və ona məxsus 0.12 ha torpaq sahəsinin daş hasarına cavabdeh tərəfindən bitişik olaraq tikilmiş su hovuzu və heyvan saxlanması üçün tikilmiş qanunsuz daş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ot tayasının yanması və su hovuzunun sızması nəticəsində iddiaçıya məxsus daş hasara dəymiş zərərin cavabdehin hesabına bərpa edilməsi, cavabdehin ona məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və həmin hissənin cavabdehdən alınaraq ona geri qaytarılması, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 350 azn və dövlət rüsumunun əvəzi olan 100 azn pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 2800 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmənin baxış iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli elektron ərizə ünvanlayaraq göstərmişdir ki, hazırda mübahisənin məhkəmədən kənar həll edilməsi niyyətindədirlər. Bu səbəbdən məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi vəkilin ərizəsini nəzərə alaraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X1 İdarəsi tərəfindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X1 İdarəsi tərəfindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar