Məhkəmə qərarları › İş №e-2(058)-122/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-122/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-122/2024 16.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1970 manat pulun ödənilmiş 39.70 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat rüsumunun əvəzinin, yəni cəmi 2019.70 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Atatürk ptospekti ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** PK *** və “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanli avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1820 (bir min səkkiz yüz iyirmi) manat, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı X4 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 10 aprel 2023-cü il tarixli, 0391/23 nömrəli məktubla cavabdeh Ələkbərov X2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakın hal-hazırkı tarixədək cabadehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə verilmiş ekspert rəyi ilə razı olmadığını bildirmiş və iş üzrə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir, həmçinin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə tərəfindən cavabdehin yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasına dair vəsatəti təmin olunmamışdır. Cavabdeh1 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2022-ci il tarixli X4 haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. "xxxx" ASC-nin 4216/22 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 1820 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC-nin 4106/22 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanli avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 150 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-cü il tarixli "xxxx" ASC-nin CM2924/22 saylı işə dair sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 150 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin CM2963/22 saylı işə dair sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1820 manat məbləğində sığorta ödənişi edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-KD-*** FORD CONNECT markalı, dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud deyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş Qala Sığorta” ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında baş vermiş yolnəqliyyat hadisə nəticəsində 2014-cü il buraxılışlı Hyundai Elantra markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1920,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2007-ci il buraxılışlı Opel Astra markalı “**-VO-*** dövlət qeydiyyat nişanlı avtomobtin təmir-bərpa xərci təxminən 150,00 manat müəyyən edilir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası qanunun 25.1.2-ci maddəsinə əsasən həmin qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1820 (bir min səkkiz yüz iyirmi) manat, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat sığorta ödənişi edilmişdir. İddiaçı hazırda ödəmiş olduğu sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə hesab edir ki, zərərin vurulmasında Cavabdeh2 təqsirliliyi onun barəsində qəbul edilmiş X4 haqqında qərarla öz təsdiqini tapdığından iddiaçının zərərçəkmiş şəxslərə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 39.70 manat dövlət rüsumunun əvəzinin və müvəqqəti təminat tədbirinin verilməsinə görə ödənilmiş 10 manat rüsumun əvəzinin də MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq suroqasiya qaydasında 1970 (bir min doqquz yüz yetmiş) manat və məhkəmə xərcinin əvəzi qismində 40.70 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar