Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-395/2024 01.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-ti Cavabdeh qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 269 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 399.96 manat (18 ay x 22.22 manat + 0 manat ilkin ödəniş), “HOFFMANN LED” TV üçün 44.96 manat ödənilməmiş hissə, 4.04 manat cərimə borcu vardır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 200 manat (10 ay x 20 manat + 0 manat ilkin ödəniş), “HOFFMANN LED” TV üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu vardır. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi daxil olmuş, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-395/2024 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN LED” markalı televizor verilmiş, həmin televizorda nöqsan olduğundan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə yeni televizor verilmişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən verilmiş “HOFFMANN LED” markalı televizor servisə təqdim olunmuş və bildirilmişdir ki, həmin televizorun ekranının kənar zədə nəticəsində sınması aşkar olunmuşdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 399.96 manat olan “HOFFMANN LED” markalı televizoru Kontakt Home satış şəbəkəsindən almışdır. Bir qədər sonra həmin aldığı televizorun ekranında qaralmalar başlamış və yekunda işləməməsi ilə nəticələnmişdir. Belə olan halda o, Kontakt Home servis xidmətləri şöbəsinə həmin televizoru aparmış, servisdə ona bildirilmişdir ki, xarici təsir nəticəsində, yəni ekrana zərbə dəyməklə qaralmalar əmələ gəlmişdir. Sonra xx.xx.2023-cü il tarixdə “Kontakt Home” servis xidmətləri şöbəsindən dəyəri 200 manat olan “HOFFMANN LED” markalı işlənmiş televizor almışdır. Sonuncu aldığı televizor 1 ay müddət keçdikdən sonra, əvvəl aldığı televizorda əmələ gəlmiş problemlər kimi, onda da həmin promler aşkarlanmışdır. Buna görə də, o, “Kontakt Home” servis xidmətləri şöbəsinə təkrar həmin problemlə sonuncu aldığı televizoru aparmış və servisdə ona bildirilmişdir ki, televizorun nasaz vəziyyətdə olmağın səbəbi ekrana zərbə dəyməsidir. Lakin onun tərəfindən istər əvvəl istərsə də, sonra aldığı televizorların ekranına heç bir zərbə dəyməmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən qaldırılmış iddia əsassızdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxraılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 399.96 manat olan “HOFFMANN LED” televizoru nisyə qaydada almış və malın qiymətini ayda 22.22 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 200 manat olan “HOFFMANN LED” televizoru nisyə qaydada almış və malın qiymətini ayda 20 manat olmaqla, 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 355 manat ödəniş etmişdir, 44.96 manat əsas borc və gecikməyə görə 4.04 manat cərimə borcu hesablanmışdır, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas məbləğdən 0 manat ödəniş etmişdir, 200 manat əsas borc və gecikməyə görə 20 manat cərimə borcu hesablanmışdır. “Link Servis” tərəfindən verilmiş 483573 nömrəli xx.xx.2023-cü il tarixli sifariş sənədindən görünür ki, Cavabdeh, “HOFFMANN LED” televizoru servisə təhvil vermişdir. 483573 nömrəli təhvil-təslim aktından görünür ki, “HOFFMANN LED” televizor xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. “Reset Service” xx.xx.2024-cü il tarixli aparılan işlər barədə çıxarışdan görünür ki, “HOFFMANN LED” televizor mexaniki təsir – zərbə nəticəsində ekranın sınması aşkar olunmuşdur. Aparılan işlər barədə müştəri ödənişli təmirdən imtina etmiş, məhsulu təhvil almaq istəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı “ABC Telecom» MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh “ABC Telecom» MMC-dən “HOFFMANN LED” televizoru 399.96 manat məbləğində 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən “HOFFMANN LED” televizoru 200 manat məbləğində 10 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Lakin aylıq ödənişləri vaxtında ödəməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə qismən haqlıdır. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas məbləğdən ödənilməmiş 44.96 manat, 4.04 manat cərimə hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddianın həmin hissələrinə dair sübut məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 200 (iki yüz) manat, 5 (beş) manat cərimə, cəmi 205 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 200 (iki yüz) manat, 5 (beş) manat cərimə, cəmi 205 (iki yüz beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-395/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-395/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver