Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-553/2024 28.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İNEX” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, İddiaçı MMC ilə Cavabdeh Ramız qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2950 nömrəli “nisyə alqısatqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10664 manat borcun, müqavilə uzrə hesablanmış cərimə 69,42 manat gecikmə faizinin və dövlət rüsumu qismində ödənilmiş 123 manat, cəmi 10856.42 manat məbləğin Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh Ramız qızı arasında xx.xx.2023-cü il tarixli, 2950 nömrəli “nisyə alqı-satqı haqqında” müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh Ramıiz qızına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 manat müəyyən edilmişdir. Müqavilə əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 3136 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2024-cü il tarixdə 534 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir və bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin numayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 31 oktyabr 2023-cü il tarixli, 2950 nömrəli “nisyə alqı-satqı haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, ELOS TRİO, kuşetka, Lampa Lupa, alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklam üçün RollUP və stabilizator Cavabdeh təhvil verilmişdir. 15 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 31 oktyabr 2023-cü il tarixli, 2950 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə 10664 manat qalıq borc, müqavilə üzrə hesablanmış 69.42 manat cərimə borcu vardır. 12 aprel 2024-cü il tarixli (pretenziya qaydalarına əsasən) xəbərdarlığın surətindən görünür ki, Cavabdeh müvaviləyə əsasən üzərini düşən öhdəlikləri 3 gün ərzində icra etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məhkməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının nümayəndəsinin izahatından və iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh təhvil-təslim aktında sözügedən, ümumilikdə 13800 manat dəyərində olan malları (ELOS TRİO, kuşetka, Lampa Lupa, alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklem üçün RollUP və stabilizator) nisyə qaydada almış, beləliklə cavabdehin həmin malların dəyərini iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Buna baxmayaraq cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malların ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin iddia ərizəsində tələb olunan cərimə məbləğinin müqavilənin şərtlərinə uyğun olduğu müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 31 oktyabr 2023-cü il tarixli, 2950 nömrəli “nisyə alqı-satqı haqqında” müqaviləyə əsasən 10664 manat qalıq borc, 69,42 manat cərimə borcu, eyni zamanda ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 10856.42 manat pul tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-553/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-553/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver