Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-629/2025 21.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 228.4 manat ödənilməmiş hissə, 22.84 manat cərimə olmaqla ümumilikdə 251.24 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, üz qırxan philips almış və nəticədə 251.24 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 374.04 manat (yəni 18 ay x 20.78 manat + 0 manat ilkin ödəniş) olan philips markalı üz qırxan maşın üçün ümumilikdə, 251.24 manat olmaqla ondan 228,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.84 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145.64 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı Philips markalı üz qırxan maşını aldıqdan sonra 5-6 ay müddətində məhsulda hər hansı bir qüsur olmamış, normal işləmiş, lakin həmin müddətdən sonra üz qırxan maşın enerji yığması məqsədilə elektrikə qoşulmuş vəziyyətdə olarkən özlüyündən işləməyə başlamış və daha sonra normal işləməmişdir. O, məhsulu satıcı şirkətə qaytarmaq istəmiş, lakin satıcı şirkət məhsulun qüsurunun yaranma səbəbini aydınlaşdırmaq üçün sözügedən məhsulu şirkətin texniki servisinə göndərmişdir. Texniki servisin mütəxəssisi tərəfindən məhsula baxılaraq bildirilmişdir ki, əşyadakı qüsur əşya alıcıya təhvil verildikdən sonra yaranmış qüsurdur. Lakin o heasb edir ki, əşyadakı qüsur satıcı şirkətin məsuliyyətini yaradan qüsurdur. Ona görə də tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh dəyəri 374.04 manat olan üz Qırxan Philips S5587/10 telefonu nisyə qaydada almış və malın qiymətini ayda 20.78 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli müqavilə üzrə əsas məbləğdən 145,64 manat ödəniş etmişdir, 228,4 manat əsas borc və gecikməyə görə 22,84 manat cərimə borcu hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh öhdəliyinin 3 (üç) iş günü ərzində icra olunması tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı baradə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və onlar arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sözügedən müqavilədən irəli gələn öhdəliyini tam icra etmiş, lakin cavabdeh öz öhdəliyinin icrasını tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh mövcud müqavilə üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı hazırki tələbində haqlıdır. Cavabdehin iddia tələbinə etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsaslı olması məhkəmə araşdırması zamanı təsdiqini tapdığı halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbinin əsassızlığını təsdiq edə bilməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilədən irəli gələn öhdəliyini tam icra etməməsinin səbəbi kimi almış olduğu məhsulun qüsurlu olmasına və həmin qüsurun məhz əşyanın ona verilməzdən əvvəl mövcud olan səbəblərdən irəli gəldiyinə istinad etsə də məhkəməyə bu halı təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən ümumilikdə 251.24 manat pul tutularaq iddiaçıya verilməlidir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləğləri müqavilələrin şərtlərinə uyğundur. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 228.4 manat əsas borc, 22.84 manat cərimə borcu olmaqla ümumilikdə 251.24 (iki yüz əlli bir manat iyirmi dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-629/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-629/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver