Məhkəmə qərarları › İş №e-2(058)-810/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-810/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-810/2025 28.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, 14 iyun 2024cü il tarixli, MAS-6308 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2025-ci il tarixə 1226.95 manat gecikdirilmiş əsas, 431.98 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 550.16 manat dəbbə pulu, cəmi 2209.09 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X11 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli MAS-6308 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.27 manat, ümumilikdə isə 16750 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16750 manatın 13050 manatı əsas məbləğ təşkil edir. 04 sentyabr 2024-cü il tarixdə X11 , X13 və İddiaçı MMC arasında MAS-6308 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış 14 iyun 2024-cü il tarixli MAS-6308 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Z.Mirzəyev öz üzərinə götürmüşdür. 09 sentyabr 2024-cü il tarixdə X12, X9 və İddiaçı MMC arasında MAS-6308 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış 14 iyun 2024-cü il tarixli MAS-6308 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Fatoyev öz üzərinə götürmüşdür. 20 sentyabr 2024-cü il tarixdə X9 , Cavabdeh və İddiaçı MMC arasında MAS-6308 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış 14 iyun 2024-cü il tarixli MAS-6308 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6308 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 22 may 2025-ci il tarixə ümumilikdə 2209.09 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC tərəfindən 19 avqust 2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq bildirilmişdir ki, Cavabdeh tərəfindən lizinq obyekti olan avtomobil geri qaytarıldığından həmin hissədə iddia tələbindən imtina etdikləri bildirilmiş və cavabdehdən 14 iyun 2024-cü il tarixli, MAS-6308 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə 1886.22 manat gecikdirilmiş əsas, 698.80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2466.93 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1154,34 manat, ümumilikdə 6206,29 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, sözügedən lizinq müqaviləsi əsasında təhvil almış olduğu “Khazar SD” minik markalı avtomobil uzun müddətdir ki, İddiaçı MMC tərəfindən ondan geri alınmışdır. Avtomobil onun istifadəsində olarkən onun tərəfindən avtomobilə heçbir zərər vurulmamışdır, ona görə də iddianı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi hissəsində qəbul etmir, lizinq müqaviləsinə əsasən lizinq obyektindən istifadəyə dair borcunun ödənilməsi hissəsində isə iddianı qismən qəbul edir, belə ki, onun lizinq obyektindən istifadəyə görə qalıq borcu iddia tələbində göstərilən məbləğdən azdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə, işin faktiki hallarını, tədqiq olunan iş materiallarını və sübutları nəzərə alaraq, həmçinin hazırki mübahisə ilə bağlı qanunvericiliyin tətbiq edilməli olan normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, № MAS-6308 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X11 arasında müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakın muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi və müqavilədə qeyd olunan məbləğdə lizinq ödənişlərinin ödənilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “təhvil-təslim aktının” surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli öhdəliklərin ötürülməsi barədə № MAS-6308 saylı müqavilənin surətindən görünür ki, X3 xx.xx.2024-cü tarixli, MAS-6308 saylı daxili lizinq müqaviləsində əsasında Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəliklər X7 ötürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “təhvil-təslim aktının” surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi № MAS-6308 görünür ki, X4 xx.xx.2024-cü tarixli, MAS-6308 saylı daxili lizinq müqaviləsində əsasında Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəliklər X5 ötürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “təhvil-təslim aktının” surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 təslim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, daxili lizinq müqaviləsi üzrə X3 illik %17 hesablanmaqla 36 aylıq müddətinə hər ay 465.27 manat lizinq ödənişi ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi № MAS-6308 görünür ki, X2 xx.xx.2024-cü tarixli, MAS-6308 saylı daxili lizinq müqaviləsində əsasında Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “təhvil-təslim aktının” surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, daxili lizinq müqaviləsi üzrə Cavabdeh illik %17 hesablanmaqla 36 aylıq müddətinə hər ay 465.27 manat lizinq ödənişi ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli lizinq müqaviləsi üzrə əsas borc 1226.95 manat, 431.98 manat mükafat borcu, cərimə borcu isə 550.16 manat olmaqla cəmi 2209.09 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı MMC ilə X11 adlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən əmlak lizin predmeyi olaraq müqavilə şərtlərində razılaşdırılmış müddətə və məbləğdə lizinq ödənişləri ödənilməklə X1 və istifadəsinə verilmişdir. Lakin sözügedən müqavilə üzrə lizinq alan, yəni X11 həmin lizinq müqaviləsinə əsasən yaranmış öhdəliyini müəyyən müddət sonra rəsmi şəkildə, yəni öhdəlyin ötürülməsi barədə müqavilə bağlanmaqla digər şəxsə ötürmüşdür. Daha sonra isə sözügedən müqavilədən irəli gələn öhdəlik daha bir neçə dəfə öhdəliyi daşıyan şəxslər tərəfindən öhdəlyin ötürlməsi barədə müqavilələr əsasında digər şəxslərə rəsmi şəkildə ötürülmüşdür. Məhkəmə araşdırması nəticəsində aydın olmuşdur ki, xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə hazırki idda tələbi üzrə Cavabdeh ötürülmüş və lizinq predmeti elə həmin tarixdə ona təhvil verilmişdir. Belə olan halda cavabdeh, yəni Cavabdeh həmin tarixdən etibarən sözügedən lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmək vəzifəsi daşımağa başlamışdır. İş materiallarından aydın olur ki, Cavabdeh lizinq predmetindən istifadəyə görə əsas və mükafat məbləği daxil olmaqla aylıq 465.27 manat lizinq ödənişi ödəmək öhdəliyi daşımışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh sözügedən müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun xx.xx.2025-ci il tarixə ümumilikdə 2209,09 manat borcu yaranmış və iddia ərizəsində cavabdehdən məhz həmin məbləğdə pul, həmçinin lizinq obyektinin geri qaytarılması tələb olunmuşdur. Lakin daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək iddianın “lizinq obyektinin qaytarılması” hissəsində tələbindən imtina etmiş, pul tələbi hissəsində isə iddia tələbinin həcmi artırılaraq cavabdehdən lizinq obyetinə müvəqqəti sahiblik və istifadəyə görə xx.xx.2025-ci il tarixədək (yəni hazırki mülki işin məhkəmənin icraatında olduğu müddətdə lizinq ödənişlərinin hesablanmağa davam etməsi nəticəsində) yaranmış 1886,22 manat gecikdirilmiş əsas,698,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2466,93 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1154,34 manat pulun, yəni ümumilikdə 6206,29 manat pulun, eyni zamanda ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyirinə tutulması tələb olunmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında lizinq ödənişlərindən qalıq borcu olduğunu etiraf etsə də borcunun iddia tələbində qeyd olunan məbləğdə olması halı ilə razılaşmamışdır. Belə ki, cavabdeh borcunun təxminən 700 manat civarında olduğunu bildirmişdir. İddianı “lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi hissəsində isə ümumiyyətlə qəbul etməyən cavabdeh tələbin həmin hissəsinə etirazının əsası kimi onun tərəfindən lizinq obyektinə heç bir zərər vurulmadığına və buna dair iddiaçı tərəfin heç bir sübutunun olmadığına istinad etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin izahatı və iş materialları ilə müəyyən olunan işin faktiki və formal hallarından aydın olur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin predmeti olan lizinq obyekti xx.xx.2024-cü il tarixdən etibarən cavabdehin sahibliyinə və istifadəsinə verilmiş və cavabdeh malik olduğu hüquqlara qarşılıq lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin vaxtında və tam icrasını yerinə yetirmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, cavabdeh sözügedən müqavilədən irəli gələn öhdəliklərini tam icra etməmişdir. Belə ki, cavabdehin iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixədək iddiaçıya aralarındakı mövcud müqaviləyə əsasən 1226,95 manat əsas, 431.98 manat mükafat, 550.16 manat cərimə olmaqla ümumilikdə 2209,09 manat borcu yaranmışdır, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab edir. Lakin məhkəmə, qalan hissədə iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı, məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq lizinq obyektinin geri qaytarılması hissəsində tələbindən imtina etmiş, imtinasının əsası kimi lizinq obyektinin cavabdeh tərəfindən 04 avqust 2025-ci il tarixdə lizin verənə, yəni iddiaçıya geri qaytarıldığı göstərilmişdir. Lakin iddiaçı, lizinq obyektinin geri qaytarıldığını qeyd etdiyi tarixədək lizinq ödənişlərini hesablamağa davam edərək “lizinq ödənişi tələbi” hissəsində tələbin həcmini artırmışdır. Məhkəmə, iddia tələbini həm “lizinq obyetinə dəymiş zərərin əvəzinin ödənilməsi” hissəsində, həm də “lizinq ödənişlərinin tələb olunması” hissəsində tələbin həcminin artırılmasını əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanan tələbin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə olunmuş “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, sözügedən lizinq obyekti xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən X8 təhvil verilmişdir. Göründüyü kimi sözügedən tarixdə lizinq obyektinin təhviltəslimində cavabdeh iştirak etməmişdir və lizinq obyektinin cavabdehin sahibliyindən nə vaxt çıxması naməlumdur. Beləliklə lizinq obyetinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmış olması işin mübahisəsiz halı olsa da məhz hansı tarixdə qaytarılması müəyyən deyil. Belə olan halda, məhkəmə hesab edier ki, lizinq ödənişlərinin xx.xx.2025-ci il tarixədək hesablanmasına əsas verəcək hal yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı, lizinq obyektinə cavabdeh tərəfindən maddi zərər vurulmasına istinad edərək vurulmuş zərərin əvəzini tələb etsə də lizinq obyekti olan avtomobildəki qüsurlar məhz 04 avqust 2025-ci il tarixdə akt tərtib edilərək lizinq obyektinin təhvil-təslimi aparılarkən müəyyən edilmişdir. Cavabdeh təmin təhvil-təslim işində iştirak etmədiyinə görə, dolayısıyla lizinq obyektinin cavabdehin sahibliyindən nə vaxt çıxması müəyyən olmadığına görə avtomobildə müəyyən olunan zərərin cavabdeh tərəfindən vurulmuş olması sübuta yetmir. Hansı ki, qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu (delikt) zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqazidd əməl nəticəsində törədilir. Halbuki cavabdeh tərəfindən belə bir əməlin törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, lizinq obyekti lizin verənə qaytarılmış olduğu halda, nə vaxt qaytarılması, dolayısıyla cavabdehin sahibliyindən və istifadəsindən nə zaman çıxması və lizinq obyektində müəyyən edilən qüsurların (zərərin) obyektin məhz cavabdehin sahibliyində və istifadəsində olduğu dönəmdə baş verməsi müəyyən edilə bilməmişdir. Belə olan halda ehtimallara dayanaraq tələbin həmin hissədə də əsaslılığı qənaətinə gəlmək yolverilməzdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələblərinin və cavabdehin etirazlarının taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə məhkəmə, işin bütün faktiki hallarını, tədqiq olunan iş materiallarını və sübutları nəzərə alaraq, həmçinin hazırki mübahisə ilə bağlı qanunvericiliyin tətbiq edilməli olan normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 14 iyun 2024-cü il tarixli, MAS-6308 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2025-ci il tarixə yaranmış 1226.95 manat əsas, 431.98 manat mükafat borcu tutularaq iddiaçıya ödənilməli, cərimə borcu isə müqavilənin şərtlərinə uyğun hesablanmasına baxmayaraq qanunvericiliyin məhkəməyə verdiyi səlahiyyət əsasında iddiaçının əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmaqla azaldılaraq 50 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün ödəmiş olduğu 100 manat dövlət rüsumundan ibatətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37,08 manat hissəsinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyun 2024-cü il tarixli, MAS-6308 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1226.95 manat əsas borc, 431.98 manat mükafat borcu, 50 manat dəbbə pulu olmaqla cəmi 1708,93 (bir min yeddi yüz səkkiz manat doxsan üç qəpik) borc və ödənilmiş dövlət rüsumunun 37,08 manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar