Məhkəmə qərarları › İş №e-2(059)-140/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-140/2024

01.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-140/2024 01.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 5214 manat məbləğində borcun və 72,14 manat dövlət rüsumu üzrə xərclərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən abonent kodu **********000 olan Cavabdeh su təchizatı sistemindən suyun buraxılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla, ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 05 oktyabr 2023-cü il tarixə 5214 manat borcu yaranmışdır. Beləliklə, iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 07 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı sayğac göstəricisinə əsasən hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə sonuncunun borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcdan 2016-cı il tarixdən ümumiyyətlə, qərəzli olaraq hər hansı bir məbləğdə ödəniş edilməmişdir. Bundan əlavə, Cavabdeh bu barədə xəbərdarlıq məktubları, həmçinin borc barədə aylıq bildirişlər verilsə də, sonuncu buna əhəmiyyət verməmiş, borclar ödənilməmiş qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli, 33558203 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, bu müqavilə xidməti təqdim edən iddiaçıyla istehlakçı olan cavabdeh arasında sonuncuya aid Siyəzən şəhərinin Vidadi küçəsindəki 45 A saylı fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədardır. İşdə olan İddiaçı ASC tərəfindən 17 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş abonent kartının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcu 5214 manat (2016-cı il üzrə 381,65 manat, 2017-ci il üzrə 388,35 manat, 2018-ci il üzrə 351,90 manat, 2019-cu il üzrə 422,10 manat, 2020-ci il üzrə 775,80 manat, 2021-ci il üzrə 1181,50 manat, 2022-ci il üzrə 1185,30 manat və 2023-cü il üzrə 527,40 manat) təşkil etmişdir. İddia ərizəsində qeyd edilmiş qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 72,14 (yetmiş iki manat 14 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh Siyəzən şəhərinin Vidadi küçəsindəki 45 A saylı fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etdiyinə görə iddiaçı ASC ilə arasında bu barədə müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə iddiaçı qarşısında yaranmış bütün öhdəliklər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü maddəsinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrindəndir. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə” dair tərəflər arasında bağlanmış 01 yanvar 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən istehlakçı müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 ay müddətində bank, poçt, internet və ya POS-terminallar vasitəsilə ödəyir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Siyəzən şəhərinin Vidadi küçəsindəki 45 A saylı fərdi yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc mövcuddur və realdır, o cümlədən suölçən cihazın göstəriciləri əsasında hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 5214 manat məbləğində borc və ödənilmiş 72,14 manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 5214 (beş min iki yüz on dörd) manat məbləğində borc və ödənilmiş 72,14 (yetmiş iki manat 14 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar