Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-158/2025 04.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 iyul 2024-cü il və 22 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən qəhvəüyüdən Delonghi, blender Bosch, ütü Generator Braun, blender Braun, Samsung Charger, imei kod **********41723 olan, “Samsung Galaxy S23” markalı mobil telefon müqavilələrə əsasən cavabdehə verilmiş, lakin cavabdeh həmin məbləğdən bugünə qədər heç bir ödəniş etməyərək borcunu ödəməkdən yayınmışdır. Hazırda iddiaçı cavabdehdən alqı-satqı müqavilələri üzrə yaranmış borcu və ödənilmiş dövlət rüsumunu tələb edir. İddia tələbi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 12 iyul 2024-cü il tarixli müqaviləyə əsasən qəhvəüyüdən Delonghi, blender Bosch, ütü Generator Braun, blender Braun üçün 2550,96 manat ödənilməmiş hissə, 765,29 manat cərimə, həmçinin, 22 iyul 2024-cü il tarixli müqaviləyə əsasən **********41723 imei kodlu, “Samsung Galaxy A02” markalı mobil telefon üçün 1979,22 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 592,87 manat cərimə olmaqla, cəmi 5908,93 manat borcun və 79,09 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 12 iyul 2024-cü il və 22 iyul 2024-cü il tarixli müqavilələrə əsasən qəhvəüyüdən Delonghi, blender Bosch, ütü Generator Braun, blender Braun, Samsung Charger, imei kod **********41723 olan, “Samsung Galaxy S23” markalı telefon alınmış və nəticədə 5908.93 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2550.96 manat (18 ay x 141.72 manat + 0 manat ilkin ödəniş) olan qəhvəüyüdən Delonghi, blender Bosch, ütü Generator Braun, blender Braun üçün ümumilikdə, 3316.25 manat olmaqla ondan, 2550.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 765.29 manat dəbbə, həmçinin 22 iyul 2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1976.22 (min doqquz yüz yetmiş altı manat, 22 qəpik) manat (18 ay x 109.79 manat + 0 manat ilkin ödəniş) olan Samsung Charger, imei kod **********41723 olan, “Samsung Galaxy S23” markalı telefon üçün ümumilikdə, 2592.69 manat olmaqla ondan, 1979.22 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 592.87 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Habelə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə cavabdehlə arasında bağlanılmış 12 iyul 2024-cü il və 22 iyul 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim akt”ından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 11 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12 iyul 2024-cü il tarixli, 14026954 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 329,94 manat olan “Braun MQ7087X” modelli blenderi, qiyməti 1200,06 manat olan “Generator Braun İS7282BL” modeli ütünü, qiyməti 469,98 manat olan “Bosh MMB6384M” modeli blenderi, qiyməti 109,98 manat olan “Delonghi KG210” modeli qəhvəüyüdəni 18 ay müddətinə, ayda 141,72 manat şərti ilə satın almışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22 iyul 2024-cü il tarixli, 18555707 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 1612,08 manat olan “Samsung Galaxy S23” markalı, **********41723, **********41727 İMEİ kodlu mobil telefonu 18 ay müddətinə, ayda 109,79 manat şərti ilə satın almışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə “Braun MQ7087X” modelli blenderə, “Generator Braun İS7282BL” modeli ütüyə, “Bosh MMB6384M” modeli blenderə, “Delonghi KG210” modeli qəhvəüyüdənə görə cəmi 2550,96 manat ödənilməmiş hissə, 765,29 manat cərimə, həmçinin “Samsung Galaxy S23” markalı, **********41723, **********41727 İMEİ kodlu mobil telefona görə 1979,22 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 592,87 manat manat cərimə olmaqla, ümumilikdə 5908,93 manat borcu vardır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh müxtəlif adda məişət avadanlıqları satması və əşyaları cavabdehin mülkiyyətinə verməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda həmin avadanlıqların əvəzi olaraq pul məbləğinin iddiaçıya ödənildiyinə dair sübutetmə yükü cavabdehə keçir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh məhkəməyə gəlməmiş, iddiaçıya qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi 12 iyul 2024-cü il və 22 iyul 2024cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə əsas borcun tutulması hissəsində və 22 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğin tutulması hissəsində əsaslı olsa da, cərimə borcu yüksək hesablanmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 765,29 manat cərimə borcu azaldılaraq 130 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 592,87 manat cərimə borcu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 79,09 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 79,09 manat məbləğində dövlət rüsumunun 80 % məbləğində 63,27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 12 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Braun MQ7087X” modelli blenderə, “Generator Braun İS7282BL” modeli ütüyə, “Bosh MMB6384M” modeli blenderə, “Delonghi KG210” modeli qəhvəüyüdənə görə 2550,96 manat ödənilməmiş hissə, 130 manat cərimə, eləcə də, 12 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy S23” markalı, **********41723, **********41727 İMEİ kodlu mobil telefona görə 1979,22 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ, 100 manat cərimə olmaqla, ümumilikdə 4783,78 manat borc və ödənilmiş 79,09 manat məbləğində dövlət rüsumunun 80 % məbləğində 63,27 manatı tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 12 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Braun MQ7087X” modelli blenderə, “Generator Braun İS7282BL” modeli ütüyə, “Bosh MMB6384M” modeli blenderə, “Delonghi KG210” modeli qəhvəüyüdənə görə 2550,96 manat ödənilməmiş hissə, 130 manat cərimə, eləcə də, 12 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy S23” markalı, **********41723, **********41727 İMEİ kodlu mobil telefona görə 1979,22 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ, 100 manat cərimə olmaqla, ümumilikdə 4783,78 manat borc və ödənilmiş 79,09 manat məbləğində dövlət rüsumunun 80 % məbləğində 63,27 manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə