Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-166/2025 04.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc və dəymiş ziyan” tələbinə dair mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında 03 may 2024-cü il tarixli, MAS-6271 saylı “daxili lizinq müqaviləsi” bağlanmış, müqaviləyə əsasən "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 435.22 manat, ümumilikdə isə 15233 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinə əməl etməmiş, nəticədə mübahisəli maşın ondan götürülmüş və maşın təhvil alınan zaman ona ziyan dəydiyi müəyyən olunmuşdur. Odur ki, hazırda iddiaçı lizinq müqaviləsi üzrə yaranmış borcu və dəymiş ziyanı tələb edir, cavabdeh isə borcu qismən qəbul edərək azaldılmasını xahiş edir. İddia tələbi İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2019-cu il buraxılışlı, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli minik avtomobilinin MMC-yə geri qaytarılması və cavabdehdən 03 may 2024-cü il tarixli, MAS6271 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 dekabr 2024-cü il tarixə 1120,46 manat əsas, 434,35 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 644,24 manat dəbbə pulu olmaqla, cəmi 2199,05 manat məbləğində borcun, habelə ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 may 2024-cü il tarixli, MAS6271 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 fevral 2025-ci il tarixə 1413,97 manat gecikdirilmiş əsas, 576,04 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1799,95 manat dəbbə pulu, lizinq obyekti olan "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2475,04 manat olmaqla, ümumilikdə 6265 manat manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 03 may 2024-cü il tarixli, MAS-6271 saylı “daxili lizinq müqaviləsi”nə əsasən "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 435.22 manat, ümumilikdə isə 15233 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 15233 manatın 11945 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6271 saylı daxili lizinq müqaviləsinə əsasən 20 dekabr 2024-cü il tarixə ümumilikdə 2199.05 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1 -ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, sözügedən avtomobilə görə onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsi dörd dəfə yenilənmişdir. Belə ki, avtomobil ondan alınması barədə qətnamə qəbul edilsə də, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə yenilənmiş, habelə o, həmin avtomobilə görə 31000 manat yaxın məbləğdə ödəniş etmişdir. Həmçinin, 6 il idarə etdiyi avtomobil ilə yüngül qəzalar keçirmiş və nəticədə avtomobilə ziyan dəymişdir. Hazırda iddia tələbini qismən qəbul edərək bildirir ki, ona hesablanmış cərimə borcunun məbləği çox hesablanmışdır. Odur ki, iddianın qismən təmin edilməsini və cərimə borcunun azaldılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı
“... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
Mülki-Prosessual Məcəlləsi
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 03 may 2024-cü il tarixli, MAS-6271 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 11945 manat dəyərində əmlakı, yəni 2019-cu il buraxılışlı, "xxxx" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFKE164017 olan qara rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17% həcmində mükafat ödənilməsi şərti ilə 35 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 aprel 2021-ci il tarixdə verilmiş AE N seriyalı, 017767 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan 03 may 2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında cəmiyyətin mülkiyyətində olan "Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İşdə olan İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi ilə X2 və X3 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi haqqında aktının surətindən görünür ki, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təhvil-təslimi aparılarkən iki dədə dövlət qeydiyyat nişanlarının olmaması, arxa və qabaq buferin sınıq, arxa baqajın, sağ və sol qapıların əzik olması, qeydiyyat şəhadətnaməsinin olmaması qeyd olunmuşdur. İşdə olan 14 noyabr 2024-cü il tarixli, 2482 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə daxili lizinq müqaviləsi üzrə ümumilikdə 1420,31 manat gecikmə borcu yarandığı, hər gecikdirilmiş gün üçün ümumi lizinq məbləğinin 0,3 faizi miqdarında dəbbə pulu hesablanacağı barədə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 05 mart 2025-ci il tarixli, 364 nömrəli arayışından görünür ki, Cavabdeh 01 fevral 2025-ci il tarixə borcu, əsas məbləğ üzrə 1413,97 manat, mükafat məbləği üzrə 576,04 manat, 1799,95 manat cərimə olmaqla, cəmi 3789,96 manat təşkil edir. İşdə olan X7 MMC-nin qüsur aktının surətindən görünür ki, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin cəmi 2475,04 manat müəyyən edilmişdir. İşdə olan 24 dekabr 2024-cü il tarixli qəbz haqqında məlumatdan görünür ki, İddiaçı MMC iddia tələbi üzrə ümumilikdə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsini müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dövriliklə müəyyənləşdirilmiş muzdu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “muzd ödəmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iddia tələbi 2 hissədən ibarətdir: 1) gecikdirilmiş borcun ödənilməsi və 2) avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi. Məhkəmə iddia tələbinin “gecikdirilmiş borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 03 may 2024-cü il tarixli, MAS-6271 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə gecikdirilmiş 1413,97 manat əsas və 576,04 manat mükafatın tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Odur ki, məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1799,95 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 150 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, 03 may 2024-cü il tarixli, MAS-6271 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin 4.4.1-ci bəndinə əsasən lizinq obyektinə texniki (servis) xidməti göstərilməsi, orta, cari və əsaslı təmirin aparılması lizinq alan tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarında olan X7 MMC-nin qüsur aktının surətindən görünür ki, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin cəmi 2475,04 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında həmin məbləği mübahisələndirməmiş, həmçinin, ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təmir-bərpası üçün tələb edilən məbləğ 2475,04 manat olmaqla qəbul edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində məhkəmə xərcinin 73 %-i, yəni 73 manatı cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalı, qalan 27 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1413,97 manat əsas, 576,04 manat gecikdirilmiş mükafat, 150 manat dəbbə pulu, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2475,04 manat dəymiş zərər olmaqla, cəmi 4615,05 manat pul və 100 manat məbləğində məhkəmə xərcinin 73%-i, yəni 73 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalı, qalan 27 manat hissəsi isə iddiaçının özünə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1413,97 manat əsas, 576,04 manat gecikdirilmiş mükafat, 150 manat dəbbə pulu, "xxxx" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2475,04 manat dəymiş zərər olmaqla, cəmi 4615,05 (dörd min altı yüz on beş manat beş qəpik) manat pul və 100 manat məbləğində məhkəmə xərcinin 73%-i, yəni 73 (yetmiş üç) manatı İddiaçı MMC-nin xeyrinə tutulsun, qalan 27 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə