Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-221/2025 08.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında 02 oktyabr 2024-cü il tarixli, SUM 19567 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən “Apple İphone 15 128 gb black” markalı mobil telefon müqaviləyə əsasən cavabdehə verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək, borcunu müəyyən olunmuş qrafik üzrə ödəməkdən yayınmışdır. Hazırda iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış borcu və ödənilmiş dövlət rüsumunu tələb edir. İddia tələbi İddiaçı MMC ilə Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 02 oktyabr 2024-cü il tarixli, SUM 19567 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1127 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 282 ABŞ dolları cərimə, cəmi 1409 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 02 oktyabr 2024-cü il tarixli, SUM 19567 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1361 ABŞ dolları dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan “Apple İphone 15 128 gb black” markalı 01 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra, cavabdeh ilkin olaraq 234 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1% həmində “satıcı”nın xeyrinə faiz ödəyir. İddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlamış alqı-satqı müqaviləsinə əsasən qalan 1127 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətinə ödəməli olmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da, onun hal-hazırki vaxta ödənilməmiş 1127 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı MMC” arasında bağlanmış 02 oktyabr 2024-cü il tarixli, SUM19567 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, cavabdeh satış qiyməti 1361 ABŞ dolları olan “Apple İphone 15 128 gb black” markalı mobil telefonun satış qiymətinin 234 ABŞ dolları hissəsini ilkin ödəniş qismində satıcının xeyrinə ödəmiş, habelə qalıq qalan borcu 12 ay müddətində, 11 ay 93 ABŞ dolları, sonuncu ay isə 104 ABŞ dolları ödəmək şərti ilə satın almışdır. İşdə olan 02 oktyabr 2024-cü il tarixli qaimənin surətindən görünür ki, “Apple İphone 15 128 gb black” markalı, **********57104 imei kodlu mobil telefon satıcı Hikmet Mehtiyev tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. İşdə olan 06 yanvar 2025-ci il tarixli son xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan xx/xx-18924 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 02 oktyabr 2024-cü il tarixli, SUM 19567 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1127 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 282 ABŞ dolları cərimə, cəmi 1409 ABŞ dolları borcu vardır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı MMC tərəfindən Cavabdeh “Apple İphone 15 128 gb black” markalı mobil telefon satması və bu telefonun cavabdehin mülkiyyətinə verməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda həmin mobil telefonun əvəzi olaraq pul məbləğinin iddiaçıya ödənildiyinə dair sübutetmə yükü cavabdehə keçir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh məhkəməyə gəlməmiş, iddiaçıya qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə məhkəmə xx/xx-18924 nömrəli maliyyə arayışını və ödəniş cədvəlini nəzərə alaraq iddia tələbini 02 oktyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq 1127 ABŞ dolları borcun tutulması hissəsində əsaslı hesab etsə də, 282 ABŞ dolları cərimə borcunun yüksək hesablandığı qənaətindədir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğ azaldılaraq 60 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 22 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 44 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun 84 % məbləğində 36,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 02 oktyabr 2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə “Apple İphone 15 128 gb black” markalı mobil telefona görə 1127 ABŞ dolları əsas, 60 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1187 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə əsas borc və ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun 84% məbləğində 36,96 manatı tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 02 oktyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Apple İphone 15 128 gb black” markalı mobil telefona görə 1127 ABŞ dolları əsas, 60 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1187 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə əsas borc və ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun 84 % məbləğində 36,96 manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə