Məhkəmə qərarları › İş №e-2(059)-246/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-246/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-246/2025 24.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında 17 iyul 2024-cü il, 09 fevral 2024-cü il və 12 aprel 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən imei kod **********05279 olan “İphone 13” markalı telefon, imei kod **********79067 olan “İnfınıx zero 30” markalı telefon və imei kod **********67705 olan “Xiaomı Poco X6 pro” markalı telefon müqavilələrə əsasən cavabdehə verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək, borcunu müəyyən olunmuş qrafik üzrə ödəməkdən yayınmışdır. Hazırda iddiaçı cavabdehdən alqı-satqı müqavilələri üzrə yaranmış borcu və ödənilmiş dövlət rüsumunu tələb edir. İddia tələbi İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən **********05279 imei kodlu “İphone 13” markalı telefon üçün 2951,2 manat ödənilməmiş hissə, 885,36 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 09 fevral 2024-cü il tarixli müqaviləyə əsasən **********79067 imei kodlu “İnfınıx zero 30” markalı telefon üçün 741,8 manat ödənilməmiş hissə, 222,54 manat cərimə, habelə 12 aprel 2024-cü il tarixli müqaviləyə əsasən **********67705 imei kodlu “Xiaomı Poco X6 pro” markalı telefon üçün 473,5 manat ödənilməmiş hissə, 142,05 manat cərimə olmaqla, cəmi 5440,05 manat borcun və 74,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 17 iyul 2024-cü il, 09 fevral 2024-cü il və 12 aprel 2024-cü il tarixli müqavilələrə əsasən imei kod **********05279 olan "İphone 13” markalı, imei kod **********79067 olan “İnfınıx zero 30” markalı və imei kod **********67705 olan “Xiaomı Poco X6 pro” markalı telefonlar alınmış və 5440,05 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3124,98 manat (18 ay x 173,61 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********05279 olan "İphone 13” markalı telefon üçün ümumilikdə 3860,16 manat olmaqla, ondan 2951,2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 885,36 manat dəbbə, həmçinin, 09 fevral 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1188 manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********79067 olan “İnfınıx zero 30” markalı telefon üçün ümumilikdə 964,34 manat olmaqla, ondan 741,8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 222,54 manat dəbbə, habelə, aprel 2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 711,54 manat (18 ay x 39,53 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********67705 olan “Xiaomı Poco X6 pro” markalı telefon üçün ümumilikdə 615,55 manat olmaqla, ondan 473,5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 142,05 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 858,02 manat təşkil edir. Habelə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə cavabdehlə arasında bağlanılmış 17 iyul 2024-cü il, 09 fevral 2024-cü il və 12 aprel 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim akt”ından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 15 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, səhhətində yaranmış problemlər ilə əlaqədar "xxxx" MMC-yə olan aylıq borcunu ödəyə bilməsə də, bu borcundan ötən ay 1200 manat məbləğində ödəniş etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını cavabdehin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, X5 ilə "xxxx" MMC arasında bağlanmış 17 iyul 2024-cü il tarixli, 16952042 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də, sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3125,02 manat olan "İphone 13” markalı, **********05279 imei kodlu telefonu 18 ay müddətinə, ayda 173,61 manat şərti ilə satın almışdır. İşdə olan X5 ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən, eləcə də, sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 1188 manat olan “İnfınıx zero 30” markalı, **********79067 imei kodlu telefonu 18 ay müddətinə, ayda 66 manat şərti ilə satın almışdır. İşdə olan X5 ilə "xxxx" MMC arasında bağlanmış 12 aprel 2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 711,59 manat olan “Xiaomı Poco X6 pro” markalı, **********67705 imei kodlu telefonu 18 ay müddətinə, ayda 39,53 manat şərti ilə satın almışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışları və və ödəniş cədvəllərindən görünür ki, cavabdeh X3 iddiaçı "xxxx" MMC-yə 17 iyul 2024-cü il tarixli 16952042 saylı müqavilə üzrə “İphone 13” markalı, **********05279 imei kodlu telefona görə xx.xx.2025-ci il tarixdə əsas və cərimə borcundan hər birinə 600 manat ödənildiyi nəzərə alınmaqla 2351,18 manat ödənilməmiş hissə, 285,36 manat cərimə, 09 fevral 2024-cü il tarixli ******* saylı müqavilə üzrə “İnfınıx zero 30” markalı, **********79067 imei kodlu telefona görə 741,8 manat ödənilməmiş hissə, 222,54 manat cərimə, 12 aprel 2024-cü il tarixli ******* saylı müqavilə üzrə “Xiaomı Poco X6 pro” markalı, **********67705 imei kodlu telefona görə 473,5 manat ödənilməmiş hissə, 142,05 manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh X4 müxtəlif markalı telefonlar satması və əşyaları cavabdehin mülkiyyətinə verməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda həmin avadanlıqların əvəzi olaraq pul məbləğinin iddiaçıya ödənildiyinə dair sübutetmə yükü cavabdehə keçir. Məhkəmə iclasında iştirak edən cavabdeh alqı-satqı müqavilələri üzrə iddiaçının tələbini qəbul etdiyini bildirib, borcunu səhhətində olan problemlərlə bağlı ödəyə bilmədiyini qeyd etmişdir. Bununla belə məhkəmə 24 aprel 2025-ci il tarixli maliyyə arayışları və ödəniş cədvəllərini nəzərə alaraq iddia tələbini 17 iyul 2024-cü il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq 2351,18 manat borcun və 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğin tutulması hissəsində əsaslı hesab etsə də, qalıq 285,36 manat cərimə borcunun yüksək hesablandığı qənaətindədir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğ azaldılaraq 120 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, digər 09 fevral 2024-cü il və 12 aprel 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə əsas borcun tutulması hissəsində tələb əsaslı olsa da, hər iki müqavilə üzrə cərimə borcu yüksək hesablanmışdır. Odur ki, 09 fevral 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 222,54 manat cərimə borcu azaldılaraq 40 manat, 12 aprel 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 142,05 manat cərimə borcu azaldılaraq 25 manat məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 74,41 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 74,41 manat məbləğində dövlət rüsumunun 69% məbləğində 51,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X1 iddiaçı "xxxx" MMC-nin xeyrinə 17 iyul 2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə “İphone 13” markalı, **********05279 imei kodlu telefona görə 2351,18 manat ödənilməmiş hissə, 120 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ, 09 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “İnfınıx zero 30” markalı, **********79067 imei kodlu telefona görə 741,8 manat ödənilməmiş hissə, 40 manat cərimə, 12 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Xiaomı Poco X6 pro” markalı, **********67705 imei kodlu telefona görə 473,5 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla, ümumilikdə 3775,08 manat borc və ödənilmiş 74,41 manat məbləğində dövlət rüsumunun 69 % məbləğində 51,57 manatı tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 17 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “İphone 13” markalı, **********05279 imei kodlu telefona görə 2351,18 manat ödənilməmiş hissə, 120 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ, 09 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “İnfınıx zero 30” markalı, **********79067 imei kodlu telefona görə 741,8 manat ödənilməmiş hissə, 40 manat cərimə, 12 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə “Xiaomı Poco X6 pro” markalı, **********67705 imei kodlu telefona görə 473,5 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla, ümumilikdə 3775,08 manat borc və ödənilmiş 74,41 manat məbləğində dövlət rüsumunun 69 % məbləğində 51,57 manatı manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar