Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-256/2024 29.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFNE440081, mühərrik nömrəsi 147H0605247 olan ağ rəngli minik avtomobilinin MMC-yə geri qaytarılması və 29 noyabr 2021-ci il tarixli, MAS-4668 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik, eləcə də istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 14 fevral 2024-cü il tarixə olan 1111,04 manat əsas, 405,25 manat gecikdirilmiş mükafat, həmçinin həmin günə hesablanmış 202,34 dəbbə pulu olmaqla, cəmi 1718,63 manat məbləğində borcun, habelə ödənilmiş 100,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Məmmədov Murad Mülkişah oğlu arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Murad Məmmədov illik 17,5 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,96 manat, ümumilikdə isə 22406 manat məbləğində pulu iddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22406 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Bundan sonra, 04 aprel 2022-ci il tarixli öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən Məmmədov Murad Mülkişah oğlunun sözügedən daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini X1 öz üzərinə götürmüşdür. Daha sonra, 11 aprel 2022-ci il tarixli öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən sonuncunun sözügedən daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini X2 öz üzərinə götürmüşdür. Sonda isə 10 may 2022-ci il tarixli öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən sonuncunun sözügedən daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdehin “daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə cəmi 1718,63 manat borcu vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 29 noyabr 2021-ci il tarixli, MAS-4668 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 17000 manat dəyərində əmlakı, yəni 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFNE440081, mühərrik nömrəsi 147H0605247 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17,5% həcmində mükafat ödənilməsi şərti ilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan eyni tarixli təhvil-təslim aktının surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə satılan, dəyəri 17000 manat məbləğində olan sözügedən avtomobil Məmmədov Murad Mülkişah oğluna (lizinq alana) təhvil verilmişdir. İşdə olan 29 noyabr 2021-ci il tarixdə verilmiş BB seriyalı, 172677 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440081 ban nömrəli, 147H0605247 mühərrik nömrəli ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan 10 may 2022-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinin, eləcə də eyni tarixli təhvil-təslim aktının surətlərindən görünür ki, bu müqaviləyə əsasən 29 noyabr 2021ci il tarixli, MAS-4668 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC qarşısındakı bütün öhdəliklər Cavabdeh ötürülmüş, habelə “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 14 fevral 2024-cü il tarixə borcu, əsas məbləğ üzrə 1111,04 manat, mükafat məbləği üzrə 405,25 manat, 202,34 cərimə olmaqla, cəmi 1718,63 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 22 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə öhdəliklərin ötürülməsi müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, öhdəliklərin ötürülməsi müqaviləsinin, eləcə də daxili lizinq müqaviləsinin əlavəsinə əsasən sözügedən avtomaşın, illik 17,5% həcmində mükafat ödənilməsi şərtilə 48 ay müddətinə hər ay 395,96 manat, sonuncu ay isə 395,43 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmiş və bu zaman Mülki qanunvericiliyin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddənin İ və İİ hissələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı hadisə və səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə, lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə, cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 14 fevral 2024cü il tarixə borcu, əsas məbləğ üzrə 1111,04 manat, mükafat məbləği üzrə 405,25 manat, 202,34 cərimə olmaqla, cəmi 1718,63 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsi əsasən pul məbləğini, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Belə ki, lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq alan, bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFNE440081, mühərrik nömrəsi 147H0605247 olan ağ rəngli minik avtomobili cavabdehdən alınaraq, iddiaçıya geri qaytarılmalı, eləcə də 1111,04 manat əsas, 405,25 manat mükafat, 202,34 dəbbə pulu olmaqla, cəmi 1718,63 manat borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFNE440081, mühərrik nömrəsi 147H0605247 olan, ağ rəngli minik avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1111,04 manat əsas, 405,25 manat mükafat, 202,34 dəbbə pulu olmaqla, cəmi 1718,63 (bir min yeddi yüz on səkkiz manat 63 qəpik) manat borc və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-256/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-256/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver