Məhkəmə qərarları › İş №e-2(059)-295/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-295/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-295/2025 26.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 6349,62 manat ödənilməmiş hissə, 3174,81 manat cərimə olmaqla, cəmi 9524,43 manat borcun və 115,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 və 23 iyul 2024-cü il tarixli ( 04017378, 01883128 və 01883129 nömrəli) və 02 avqust 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq ümumi qiyməti 2781 manat dəyərində olan “İphone 13” markalı mobil telefon, “Vinil mat”, “Vinil şəffaf” və “Apple adapter”, ümumi qiyməti 2688 manat dəyərində olan “Zigzag” markalı moped, ümumi qiyməti 454,14 manat dəyərində olan “Oppo A18” markalı mobil telefon və “ Vinil şəffaf”, eləcə də ümumi qiyməti 426,48 manat dəyərində olan “Honor X9B” markalı mobil telefon satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək heç bir ödəniş etməmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı "xxxx" MMC-yə qeyd olunan müqavilələr üzrə ümumilikdə 9524,43 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 iyul 2024-cü il tarixli, 04017378 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 2781 manat olan “İphone 13” markalı, **********87388 İMEİ kodlu mobil telefonu, “Vinil mat”, “Vinil şəffaf” və “Apple adapter” 18 ay müddətinə, ayda 154,50 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 iyul 2024-cü il tarixli, 01883128 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 2688 manat olan “Zigzag” markalı mopedi 24 ay müddətinə, ayda 112 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış il 23 iyul 2024-cü tarixli, 01883129 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 454,14 manat olan “Oppo A18” markalı, **********75250 İMEİ kodlu mobil telefonu və “Vinil şəffaf” 18 ay müddətinə, ayda 25,23 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02 avqust 2024-cü il tarixli, 10777472 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 426,48 manat olan “Honor X9B” markalı **********36729 İMEİ kodlu mobil telefonu 12 ay müddətinə, ayda 35,54 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan 23 yanvar 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 18 fevral 2025-ci il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə 15 və 23 iyul 2024-cü il tarixli ( 04017378, 01883128 və 01883129 nömrəli) və 02 avqust 2024-cü il tarixli, 10777472 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq “İphone 13” markalı, **********87388 İMEİ kodlu mobil telefonu “Vinil mat”, “Vinil şəffaf” və “Apple adapter” , “Zigzag” markalı mopedi, “Oppo A18” markalı **********75250 İMEİ kodlu mobil telefonu və “Vinil şəffaf”, “Honor X9B” markalı **********36729 İMEİ kodlu mobil telefona görə 6349,62 manat ödənilməmiş hissə, 3174,81 manat cərimə olmaqla, ümumilikdə 9524,43 manat borcu vardır. İşdə olan 20 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 115,25 (bir yüz on beş manat 25 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri ümumiyyətlə yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinin İ və İİİ cümlələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinin İ cümləsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Məhkəmə, iddiaçının "borcun tutulması" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 6349,62 manat olan əsas kredit borcu üzrə 3174,81 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 3174,81 manat məbləğində hesablanmış cərimə məbləğinin 635 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh sözügedən müqavilələr üzrə alıcı kimi üzərinə düşən öhdəlkləri ümumiyyətlə yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 15 və 23 iyul 2024-cü il ( 04017378, 01883128 və 01883129 nömrəli) və 02 avqust 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 6349,62 manat ödənilməmiş hissə, 635 manat cərimə olmaqla, cəmi 6984,62 manat borc və ödənilmiş 115,25 manat dövlət rüsumunun 73%-i, yəni 84,13 manatı tutularaq, ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 15 və 23 iyul 2024-cü il ( 04017378, 01883128 və 01883129 nömrəli) və 02 avqust 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 6349,62 manat ödənilməmiş hissə, 635 manat cərimə olmaqla, cəmi 6984,62 (altı min doqquz yüz səksən dörd manat 62 qəpik) manat borc və ödənilmiş 115,25 manat dövlət rüsumunun 73%-i, yəni 84,13 (səksən dörd manat 13 qəpik) manatı tutularaq, ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar