Məhkəmə qərarları › İş №e-2(059)-31/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-31/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-31/2024 13.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat məbləğində sığorta ödənişi və 55 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3555 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 29 avqust 2020-ci il tarixində Bakı- Quba yolunun 138 km-də Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərərə görə 3500 məbləğində sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini istifadə və idarə etməyə, habelə digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, DYPİ tərəfindən tərtib edilmiş 29 avqust 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokola və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh sözügedən yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili istifadə və idarə etməyə, eləcə də digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan qaydada cərimə edilmişdir. Bununla da, sığortaçının subroqasiya qaydasında pul vəsaitini geri tələb etmə hüququ yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı “İcbari Sığorta Bürosu” X3 nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 19 mart 2014-cü il tarixdə verilmiş AC seriyalı, 220105 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2011-cı il buraxılışlı, "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X5r. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh 06 aprel 2019cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və o, 06 aprel 2029-cu il tarixədək “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan 26 dekabr 2019-cu il tarixli, PST********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ASC "xxxx" Sığorta Şirkətində 26 dekabr 2019-cu il tarixdən 26 dekabr 2020-ci il tarixədək sığorta olunmuşdur. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, həmçinin DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İİ Tağımının əməkdaşı tərəfindən 29 avqust 2020-ci il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 29 avqust 2020-ci il tarixdə, saat 16:10 radələrində Bakı-Quba yolunun 138-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi X2 mülkiyyətində olan "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törətməklə, X7 məxsus, X4 idarə etdiyi “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İşdə olan 05 oktyabr 2020-ci il tarixli sığorta aktının, eləcə də 08 oktyabr 2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş zərərə görə 3500 manat sığorta ödənişi “İcbari Sığorta Bürosu” X8 tərəfindən X6 ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, “İcbari Sığorta Bürosu” X8 məhkəməyə müraciət edərkən 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Sözügedən Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bu Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Adı qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinin İ cümləsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, X2 mülkiyyətində olan "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 26 dekabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta edilmişdir. Sığorta müddətində, yəni 29 avqust 2020-ci il tarixdə, saat 16:10 radələrində Bakı-Quba yolunun 138-ci km-də Cavabdeh etibarnamə olmadan həmin avtomobili idarə edərkən, X4 idarə etdiyi X7 məxsus “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşaraq Vüsal Salmanova maddi zərər vurmuşdur. Bu səbəbdən də, iddiaçı tərəfindən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Bundan əlavə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İİ Tağımının əməkdaşı tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh 29 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. Həmçinin, iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hüququ olmayan şəxs tərəfindən idarə edilməsini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Bununla belə, məhkəmə qeyd edir ki, Cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili idarə etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməsi, habelə bunu əsas gətirərək ondan subroqasiya qaydasında pulun tələb edilməsi istisna edilir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxs hesab edilir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Lakin, işin faktiki hallarından da göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı cavabdehin sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Həmçinin, Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi hesab olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Bu zaman, yalnız etibarnamə və ya digər yazılı sənəd deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırkı halda Cavabdeh sözügedən avtomobili bu nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X2 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halına çevrilmişdir, o cümlədən bunun əksini, yəni cavabdehin məlum avtomobili Famil Cabbarlının iradəsinə zidd olaraq idarə etməsini təsdiq edən sənəd və ya sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda cavabdeh avtomobili idarə etməyə hüququ olmayan şəxs statusunda qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir ki, bu halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Bu səbəbdən də, iddianın əsaslı hesab edilməklə, təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddiaçı “İcbari Sığorta Bürosu” X3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar