Məhkəmə qərarları › İş №e-2(059)-320/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-320/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-320/2022 04.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1441 manat əsas, 432 manat faiz borcunun, eləcə də 40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 09 noyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 100 manat məbləğində ilkin ödəniş etməklə, ümumi dəyəri 1804 manat olan “Samsung” markalı televizoru satın almış, nəticədə 1704 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə sonuncu dəfə 15 may 2019-cu il tarixdə 50 manat ödəniş etmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin iddiaçıya alqı-satqı müqaviləsi üzrə 1441 manat əsas, 432 manat faiz borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 09 noyabr 2018-ci il tarixli, ******* nömrəli hissəhissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh dəyəri 1804 manat olan “Samsung” markalı televizoru 100 manat ilkin ödəniş etməklə, nisyə satın almışdır. İşdə olan 15 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 21 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 1704 manat məbləğində borc 24 ay müddətinə hər ayın 08-də 71 manat olmaqla ödənilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sözügedən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsaslanaraq hesab edir ki, satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi, yəni illik faiz miqdarı nisyə alqı-satqı müqaviləsində müəyyənləşdirilmədiyindən, həmçinin cavabdeh bu barədə hər hansı bir öhdəlik götürmədiyindən iddia tələbinin faiz borcunun tutulmasına aid hissəsi təmin edilməməlidir. Bundan əlavə, nisyə alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində satıcının xeyrinə cərimə ödəyir. İddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi bu halın özü də tələb üzrə faizin ödənilməsi üçün kifayət deyildir. Çünki, iddiaçı ərizəsində bu bəndin məzmununu “... gecikmə faizi ödəyir” kimi göstərməklə, hüquqi nəticə yaratmağa çalışsa da, müqavilənin hərfi məzmunundan da göründüyü kimi həmin bənddə cərimənin ödənilməsindən söhbət gedir. Deməli, bu halda da iddia tələbi üzrə faiz borcunun tutulması üçün əsaslar yaranmamışdır. Bununla da, məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 09 noyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1441 manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 77%-i, yəni 30,80 manatı alınaraq ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1441 (bir min dörd yüz qırx bir) manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 77%-i, yəni 30,80 (otuz manat 80 qəpik) manatı alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar