Məhkəmə qərarları › İş №e-2(059)-328/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-328/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-328/2022 20.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı MMCnin xeyrinə “Samsung Galaxy A10” markalı, **********48139, **********48136 İMEİ kodlu mobil telefona görə 310 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 22 fevral 2020-ci il tarixli, 20120987 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi qiyməti 381 manat dəyərində olan “Samsung Galaxy A10” markalı mobil telefon satın almışdır. Eyni zamanda, digər cavabdeh Zamin həmin tarixdə zaminlik müqaviləsi imzalamaqla, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdehlə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borcundan bu günədək cəmi 71 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdehlərə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq onlar müqavilələr üzrə yaranmış borcu ödəməkdən yayınmışlar. Nəticədə, onların iddiaçı MMC-yə ümumilikdə 310 manat məbləğində borcları yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, 22 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən ümumi qiyməti 381 manat dəyərində olan “Samsung Galaxy A10” markalı mobil telefon satın almışdır. Borcundan 71 manat ödəniş etsə də, sonradan işində və səhhətində yaranmış problemlərə görə ödənişləri həyata keçirə bilməmişdir. İddia ərizəsində göstərilən məbləğdə borcu olmasını qəbul etsə də, gələcəkdə MMC tərəfindən onun üçün yeni ödəniş qrafiki tərtib edilərsə, borcunu iddiaçıya qaytaracaqdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22 fevral 2020-ci il tarixli, 20120987 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 381 manat olan “Samsung Galaxy A10” markalı, **********48139, **********48136 İMEİ kodlu mobil telefon 12 ay müddətinə, ayda 31 manat ödəmək şərti ilə iddiaçı tərəfindən sonuncuya nisyə satılmışdır. Bu müqavilənin təminatı olaraq 22 fevral 2020-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Zamin iddiaçı qarşısında digər Cavabdeh ilə birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşdə olan 15 fevral 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 13 aprel 2022-ci il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə “Samsung Galaxy A10” markalı mobil telefona görə 310 manat borcu vardır. İşdə olan 15 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqaviləsinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 22 fevral 2020-ci il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, alqı-satqı müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliklərin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Zamin qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Bununla da, Cavabdeh "xxxx" ASC-yə ümumilikdə 310 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 310 manat borc və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 310 (üç yüz on) manat borc və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar