Məhkəmə qərarları › İş №e-2(059)-448/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-448/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-448/2024 25.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 194 manat əsas, 29,1 manat cərimə olmaqla, cəmi 223,1 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, fiziki şəxs X2 ilə cavabdeh arasında bağlanmış 23 dekabr 2022-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 6 ay müddətinə ümumi qiyməti 397 manat olan malı satın almışdır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh hesablanmış əsas borc məbləğini tam vaxtında hissə-həissə ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, cavabdehin 194 manat əsas, 29,1 manat cərimə borcu yaranmışdır. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan əlavə, fiziki X2 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2022ci il tarixli faktorinq müqaviləsinə əsasən Sabit Kərimlinin nisyə alqı-satqı müqaviləsi üzrə bütün hüquqları və tələbləri İddiaçı QSC-yə ötürülmüşdür. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, sözügedən 23 dekabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmamaqla, yanaşı alınan məhsullar ona aid olmamışdır. Belə ki, keçmiş əri X1 hüquqları İddiaçı QSC-yə ötürülmüş Sabit Kərimli ilə onun adından alqı-satqı müqaviləsi bağlayaraq, etibarından sui-istifadə etmişdir. Buna görə də, 23 dekabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə onun İddiaçı QSC- yə 194 manat əsas, 29,1 manat cərimə, 30 manat məbləğində isə ödənilmiş dövlət rüsumu borcu yaranmışdır. Lakin, sözügedən nisyə alqı-satqı müqaviləsindən məlumatı olmamaqla, yanaşı həmin müqavilədə olan imzalar onun deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur ki, bu da, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, İddiaçı QSC-nin ona qarşı iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh adından fiziki şəxs X2 ilə bağlanmış 23 dekabr 2022-cu il tarixli, MMX000006 saylı nisyə alqı-satqı müqaviləsindən, eləcə də müqaviləyə 1 saylı əlavədən və eyni tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh, fiziki şəxs Sabit Kərimlidən dəyərini 6 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 397 manat qiymətində qadın geyimləri satın almış və həmin mallar sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İşdə olan 29 noyabr 2022-ci il tarixli, R-1731/22 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, fiziki şəxs X2 müştərilər ilə arasında bağlanmış nisyə alqı-satqı müqavilələrindən irəli gələn pul tələblərini «Ferrum Kapital” QSC-yə güzəşt etmişdir. İşdə olan «Ferrum Kapital” QSC tərəfindən 02 aprel 2024-cü il tarixdə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh sözügedən nisyə alqı-satqı müqaviləsi üzrə 194 manat əsas, 29,1 manat cərimə olmaqla, cəmi 223,1 manat borcu vardır. İşdə olan 03 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli, 4/1025 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 23 dekabr 2022-ci il tarixli, MMX000006 saylı nisyə alqı-satqı müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ hissəsindəki imza və 2-ci səhifəsində “Alıcı” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 23 dekabr 2022-ci il tarixli MMX000006 saylı nisyə alqı-satqı müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ hissəsindəki imzada və 2-ci səhifəsində “Alıcı” qrafasındakı imzada Cavabdehnn imzasılna oxşadılmaqla icra olunması əlamətləri müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 126 manat təşkil edir. İşdə olan 17 aprel 2024-cü il tarixli qəbzdən görünür ki «Ferrum Kapital” QSC məhkəməyə müraciət edərkən bank xidmətlərinin göstərilməsinə və dövlət rüsumuna görə cəmi 30,40 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, sonradan faktorinq müqaviləsi üzrə tələb hüquqları İddiaçı QSC-yə güzəşt edilmiş fiziki şəxs X2 ilə Cavabdeh arasında müqavilə olmalıdır. Lakin, hazırkı vəziyyətdə belə bir müqavilənin (23 dekabr 2022-ci il tarixli, MMX000006 saylı nisyə alqı-satqı müqaviləsi) olmasına baxmayaraq, həmin müqavilə hazırkı iş üzrə tərəflər arasında hər hansı bir öhdəliyin yaranmasına səbəb ola bilməz. Belə ki, işin faktiki hallarından, eləcə də məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 23 dekabr 2022-ci il tarixli, MMX000006 saylı nisyə alqı-satqı müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ hissəsindəki imza və 2-ci səhifəsində “Alıcı” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş ödənilmiş 30,40 manat məhkəmə xərci İddiaçı QSC-yə aid edilməli, eyni zamanda aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən cəmi 126 manat İddiaçı QSC tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC-nin Cavabdeh qarşı " borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30,40 manat məhkəmə xərci İddiaçı QSC-yə aid edilsin. Aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən cəmi 126 (bir yüz iyirmi altı) manat İddiaçı QSC tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar