Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-478/2022 05.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1450 manat zərər və ödənilmiş 34,50 manat dövlət rüsumu olmaqla, cəmi 1484,50 manat pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi “Hyundai Sonata” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil 01 sentyabr 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 15 dekabr 2019-cu il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Hyundai Tucson” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurmuş və hadisə yerindən yayınmışdır. Binəqədi RPİ-nin DYPŞ-nin 16 dekabr 2019-cu il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinməklə, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda, 24 dekabr 2019-cu il tarixli qüsur aktına əsasən “Hyundai Tucson” markalı avtomobilə dəymiş ziyan 1450 manat məbləğində hesablanmış, habelə iddiaçı tərəfindən Məhbubə İsmayılovaya ödənilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin və bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişin onun qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, cavabdehə bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bildiriş vərəqəsi aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 20 iyul 2022-ci il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. Bununla belə, 03 avqust 2022-ci il tarixdə Cavabdeh istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng edilməsinə baxmayaraq, əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi “Hyundai Sonata” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli hərəkətləri nəticəsində 15 dekabr 2019-cu il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə X1 idarə etdiyi “Hyundai Tucson” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən “Hyundai Tucson” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC “Hyundai Sonata” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasını əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmış, həmçinin, məhkəməyə müraciət edərkən 34,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yenə bu Qanunun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Sözügedən Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 1450 manat məbləğində sığorta ödənişi və ödənilmiş 34,50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 1450 (bir min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş 34,50 (otuz dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-478/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-478/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver