Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-482/2025 18.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4107,57 manat məbləğində pulun və ödənilmiş 61 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı ASC-nin xeyrinə müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 11 mart 2022ci il tarixdə, saat 00:10 radələrində Abşeron rayonunun Xırdalan şəhərinin M. Hüseynzadə küçəsində Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin “Dong Feng” markalı, **-HL-*** və “Kia Optima” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. DYP əməkdaşı tərəfindən tərtib edilmiş TP5151770 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 328.1 və 332.2-ci maddələrində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “Dong Feng” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 11990 manat təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxslərin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və tələb edilən məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar, "xxxx" ASC tərəfindən iş üzrə PXA121773 saylı sığorta aktları tərtib edilməklə zərərçəkən şəxslərə dəymiş zərərə görə 4107,57 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, sığortalanmış “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə Cavabdeh3 verilmiş və sonuncunun razılığı ilə həmin avtomobili Cavabdeh2 idarə etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt onun mülkiyyətində olmuş “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh3 vermiş və sözügedən yol-nəqliyyat hadisəsinin iştirakçısı birbaşa həmin şəxs olmuşdur. Ona görə də o, heç bir cavabdehlik və məsuliyyət daşımır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş BA seriyalı, 123494 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 21 aprel 2021-ci ildən 21 aprel 2022-ci il tarixədək sığortalanmışdır. İşdə olan Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 15 dekabr 2021-ci il tarixdə, reyestrdə 7E-10814 nömrə ilə qeydə alınmış nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmin tarixdə 9 ay 27 gün müddətinə, yəni 11 oktyabr 2022-ci il tarixədək Cavabdeh3 istifadəsinə təqdim edilmiş və bu avtomobilin idarə edilməsi ilə əlaqədar bütün hüquq və səlahiyyətlər sonuncuya verilmişdir. İşdə olan sənədlərdən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 məxsus olan, Cavabdeh3 müvəqqəti istifadəsinə verilmiş “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Cavabdeh2 tərəfindən idarə edilmişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2022-ci il tarixli, eləcə də, Abşeron RPİ-nin DYPB-nin əməkdaşı tərəfindən 26 iyul 2022-ci il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 11 mart 2022-ci il tarixdə, saat 00:10 radələrində Abşeron rayonunun Xırdalan şəhərinin M. Hüseynzadə küçəsində “Kia Optima” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “Kia Rio” markalı, **-CY-*** avtomobillə toqquşması nəticəsində, sonuncu avtomobil yolun hərəkət hissəsində sola istiqamətlənərək qarşı yola çıxmaqla, əks istiqamətdə öz yolunda hərəkətdə olan “Dong Feng” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bununla da, X3 idarə etdiyi “Dong Feng” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 332.2-ci maddəsi ilə 100 manat inzibati cərimə edilmişdir. İşdə olan Azərsığorta tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli avtonəqliyyat vasitəsinə dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Dong Feng” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11990 manat məbləğində ziyan dəymişdir. İşdə olan sığorta aktının surətindən görünür ki, “Dong Feng” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4107,57 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X5 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 12 dekabr 2022-ci il tarixdə sığortaçı "xxxx" ASC X5 4107,57 manat sığorta ödənişi etmişdir. İşdə olan 15 may 2025-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 61 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 mülkiyyətində, sonuncunun verdiyi etibarnamə əsasən Cavabdeh3 müvəqqəti istifadəsində və sahibliyində olan “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili digər Cavabdeh2 sürücülük hüququ olmadan idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində 11 mart 2022-ci il tarixdə saat 00.10 radələrində Abşeron rayonunun Xırdalan şəhərinin M. Hüseynzadə yolnəqliyyat hadisəsi baş vermiş və sonuncu nəqliyyat vasitəsinin idarəetmə hüququ olmadan idarə etdiyi “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi “Kia Optima” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Dong Feng” markalı, **-HL-*** avtomobillərlə toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan vurmuşdur. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərərçəkmiş Emin Məmmədova 4107,57 manat sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC “Kia Rio” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdehlərə qarşı iddia qaldırmışdır. Həmçinin, Cavabdeh3 müvəqqəti istifadəsində və sahibliyində olan, təhlükə mənbəyi sayılan sözügedən avtomobili hüquqi əsaslarla Cavabdeh2 verməsi sübutların tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Beləliklə təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər ikisi birgə məsuliyyət daşıyrlar. Həmçinin, digər Cavabdeh1 təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi olsa da, hadisə baş verən vaxtı həmin avtomobil onun sahibliyində olmamış, qanuni əsaslarla onun sahibliyindən müvəqqəti olaraq çıxmışdır. Beləliklə Cavabdeh1 təhlükə mənbəyinin sahibi sayılmadığına görə vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi onun öhdəsinə qoyula bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 daşımalı, digər Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab olunmamalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədikləri üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 4107,57 manat məbləğində pul və 61 manat məbləğində dövlət rüsumu alınaraq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 4107,57 (dörd min yüz yeddi manat 57 qəpik) manat məbləğində pul və 61 (altmış bir) manat məbləğində dövlət rüsumu alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-482/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-482/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver