Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-513/2024 09.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan ağ rəngli minik avtomobilinin MMC-yə geri qaytarılması və 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik, eləcə də istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 29 may 2024 -cü il tarixə olan 1033,09 manat əsas, 699,82 manat gecikdirilmiş mükafat, həmçinin həmin günə hesablanmış 267,54 manat dəbbə pulu olmaqla, cəmi 2000,45 manat məbləğində borcun, habelə ödənilmiş 100,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə X2 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı “daxili lizinq müqaviləsi”nə əsasən 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan 17,50% hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, ümumilikdə isə 19819 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 05 sentyabr 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-5164 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı “daxili lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün cavabdehin 29 may 2024-cü il tarixə ümumilikdə 2000,45 manat gecikmə borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 14950 manat dəyərində əmlakı, yəni 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17,5% həcmində mükafat ödənilməsi şərti ilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan eyni tarixli təhvil-təslim aktının surətindən görünür ki, dəyəri 14950 manat məbləğində olan həmin avtomobil "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (alıcıya) və X1 (lizinq alana) təhvil verilmişdir. İşdə olan İddiaçı MMC, X2 və Cavabdeh arasında bağlanılmış 05 sentyabr 2022-ci il tarixli, MAS-5164 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, Ceyhun Cəfərli 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüşdür. İşdə olan 05 sentyabr 2022-ci tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən Cavabdeh təhvil verilmişdir. İşdə olan 27 aprel 2022-ci il tarixdə verilmiş BB seriyalı, 236057 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFNF130051 ban nömrəli, 147H0607366 mühərrik nömrəli ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 29 may 2024-cü il tarixə olan borcu, 1033,09 manat əsas, 699,82 manat mükafat, 267,54 manat cərimə olmaqla, cəmi 2000,45 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 29 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə öhdəliklərin ötürülməsi müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən sözügedən avtomaşın, illik 17,5% həcmində mükafat ödənilməsi şərtilə 48 ay müddətinə hər ayın 27-də hər ay 356,65 manat, sonuncu ay isə 356,59 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı hadisə və səbəbdən ləğv və ya xiatm edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə, lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə, cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 29 may 2024cü il tarixə borcu, əsas məbləğ üzrə 1033,09 manat, mükafat məbləği üzrə 699,82 manat, cərimə məbləğ üzrə 267,54 manat olmaqla, cəmi 2000,45 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsi əsasən pul məbləğini, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Belə ki, lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq alan, bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan ağ rəngli minik avtomobili cavabdehdən alınaraq, iddiaçıya geri qaytarılmalı, eləcə də 1033,09 manat əsas, 699,82 manat mükafat, 267,54 manat dəbbə pulu olmaqla, cəmi 2000,45 manat borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq, iddiaçı MMC-nin xeyrinə xeyrinə ödənilməlidr. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan, ağ rəngli minik avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. 1033,09 manat əsas, 699,82 manat mükafat, 267,54 manat dəbbə pulu olmaqla, cəmi 2000,45 (iki min manat 45 qəpik) manat borc və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-513/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-513/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver