Məhkəmə qərarları › İş №e-2(059)-574/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-574/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-574/2023 11.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 212 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 6200 manat əsas, 3100 manat cərimə olmaqla, cəmi 9300 manat borcun və ödənilmiş 113 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən 7000 manat məbləğində qızıl-zinət əşyaları 8 ay müddətinə hər ay 875 manat ödəmək şərtilə cavabdehə satılmışdır. Lakin, Cavabdeh alqı-satqı müqaviləsi üzrə borcunu tam ödəməmiş, nəticədə 6200 manat əsas, 3100 manat cərimə olmaqla, cəmi 9300 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdəhə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri iddia ərizəsinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan İddiaçı və sonuncunun nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 212 nömrəli nisyə alqı-satqı müqaviləsindən, eləcə də həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, alqı-satqı qiyməti 7000 manat olan qızıl-zinət əşyaları 8 ay müddətinə, hər ay 875 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan İddiaçı tərəfindən 23 iyul 2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən alqı-satqı müqaviləsi üzrə 6200 manat əsas, 3100 manat cərimə olmaqla, cəmi 9300 manat borcu vardır. İşdə olan 25 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 113 (bir yüz on üç) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış alqı-satı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Nisyə alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğin həmin məbləğin ödəməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2% həcmində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lakin, məhkəmə hesab edir ki, iddiaçının 6200 manat olan əsas kredit borcu üzrə 3100 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 3100 manat məbləğində hesablanmış cərimə məbləğinin 310 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh aldığı qızıl-zinət əşyalarına görə 8 ay ərzində hər ay 875 manat olmaqla, cəmi 7000 manat ödəməyi öhdəsinə götürmüş, lakin o, nisyə alqısatqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Hazırda, cavabdehin iddiaçıya 6200 manat əsas, 310 manat məbləğində cərimə borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 16 yanvar 2023-cü il tarixdə bağlanmış 212 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehdən 6200 manat əsas, 310 manat cərimə olmaqla, cəmi 6510 manat borc və ödənilmiş 113 manat dövlət rüsumunun 70%-i, yəni 79,10 manatı tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 yanvar 2023-cü il tarixdə bağlanmış 212 saylı alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh 6200 manat əsas, 310 manat cərimə olmaqla, cəmi 6510 (altı min beş yüz on) manat borc və ödənilmiş 113 manat dövlət rüsumunun 70%-i, yəni 79,10 (yetmiş doqquz manat 10 qəpik) manatı tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar