Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-628/2022 19.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 05 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə görə 413,90 manat əsas, 62 manat cərimə olmaqla, cəmi 475,90 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 05 dekabr 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “HP” markalı printerə görə 12 ay ərzində hər ay 42 manat, sonuncu ay 38 manat olmaqla, cəmi 499,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 04 fevral 2022-ci il tarixdə 42 manat ödədikdən sonra ödənişləri dayandırmış və qalıq qalmış 413,90 manat borcu qaytarmamışdır. Sözügedən müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 620 manat təşkil etdiyi halda, iddiaçı MMC humanizm prinsipinə əsaslanaraq, cavabdehdən həmin cərimə məbləğinin 10%-ni, yəni 62 manatını tələb edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə, onun iddiaçı MMC-yə cəmi 475,90 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 05 dekabr 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “HP LaserJet Pro MFP M130fn” markalı printeri nisyə satın almış, lakin işlədilən zaman printerin barabanından səs gəldiyinə, eləcə də karteçindən birdəfəlik istifadə edildiyinə görə 30 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-nin Quba filialına müraciət edərək, həmin printeri baxılması üçün servisə təhvil vermişdir. Əşya ona satılan zaman iddiaçının nümayəndələri tərəfindən sözügedən karteçin birdəfəlik istifadə üçün nəzərdə tutulmasına dair hər hansı formada məlumat verilməmiş, habelə hər dəfə doldurula biləcəyini qeyd etmişlər. Beləliklə, printerin karteçi birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan hər dəfə yenisi ilə əvəz olunması müəyyən xərc tələb edir ki, bu hal qəbuledilməzdir. 04 yanvar 2022-ci il və 04 fevral 2022-ci il tarixlərdə həmin aylar üçün ödəməli olduğu məbləği ödəmişdir. Daha sonra, ona servisdən zəng gəlmiş, printerin təmiri üçün əlavə pul istəmişlər. Bundan əlavə, hazırda sözügedən printer onda olmamaqla, iddiaçının nümayəndələri tərəfindən əşyanın ona qaytarılması ilə bağlı hər hansı məlumat verilməmişdir. Hazırkı iddia tələbi üzrə keçirilmiş sonuncu iclasdan sonra "xxxx" MMC-nin baş ofisindən bir nəfər ona zəng edərək, özünü səlahiyyətli şəxs kimi təqdim etmiş, habelə yaranmış nasazlıq barəsində soruşaraq, müdiriyyətə məlumat verdikdən sonra, yenidən əlaqə saxlayacağını bildirsə də, sonradan heç bir xəbər verməmişdir. Beləliklə, iddiaçıdan adında olan borcun silinməsini və ya borcun əvəzinə yeni məhsul verməsini tələb etməklə yanaşı, mübahisə predmeti olan printerin geri qaytarılmasını istəmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05 dekabr 2021-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinin, eləcə də sözügedən müqaviləyə əlavənin surətindən görünür ki, cavabdeh, iddiaçı MMC-dən alqı-satqı qiyməti 499,99 manat olan “HP LaserJet Pro MFP M130fn” markalı, “VNK4H07083” İMEİ kodlu printeri 12 ay müddətinə hər ay 42 manat, sonuncu ay isə 38 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 13 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı MMC-yə 05 dekabr 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 413,90 manat əsas, 620 manat cərimə borcu vardır. İşdə olan texniki rəydən görünür ki, 01 fevral 2022-ci il tarixdə “HP LaserJet Pro MFP M130fn” markalı, “VNK4H07083” İMEİ kodlu printerə texniki baxış keçirilmiş, bu zaman karteç resursunun bitməsi müəyyən olunmuş və karteçin doldurulması zərurəti yaranmışdır. Həmçinin, məhsulda mövcud olan baraban üzərində təmizləmə əməliyyatı da aparılmalıdır. İşdə olan 30 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tərəflər arasında bağlanmış sözügedən müqaviləyə əsasən Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əşyanı iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Yuxarıda sadalanan maddələri rəhbər tutan məhkəmə cavabdehin etirazında nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşyanın qüsurlu olması barədə dəlilinə tənqidi yanaşır və qeyd edir ki, bu barədə iş materiallarında hər hansı sübut növü yoxdur. Daha öncə istinad olunan maddənin dispozisiyasından da göründüyü kimi alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir. Alıcının bu istiqamətdə hər hansı hərəkəti işdən görünmür. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçı keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn “HP LaserJet Pro MFP M130fn” markalı, “VNK4H07083” İMEİ kodlu printeri cavabdehə vermiş və cavabdeh aldığı printerindən bir müddət şikayətçi olmamışdır. Hazırda cavabdeh əsasən karteçin birdəfəlik istifadə üçün nəzərdə tutulmasından narazıdır. Buna baxmayaraq, sonuncu alqı-satqı müqaviləsini bağlayarkən “HP LaserJet Pro MFP M130fn” markalı, “VNK4H07083” İMEİ kodlu printerin texniki şərtləri ilə tanış olmalı idi. Belə olan halda məhkəmə cavabdehin gətirdiyi arqumenti borcun ödənilməsindən yayınma kimi qiymətləndirməklə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 05 dekabr 2021-ci il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 413,90 manat əsas, 62 manat cərimə olmaqla, cəmi 475,90 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 413,90 manat əsas, 62 manat cərimə olmaqla, cəmi 475,90 (dörd yüz yetmiş beş manat 90 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-628/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-628/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver