Məhkəmə qərarları › İş №e-2(059)-689/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-689/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-689/2023 13.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı «X3 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 146,14 manat əsas, 103,20 manat cərimə olmaqla, cəmi 249,34 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu 35 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 49 manat, sonuncu ay 49,74 manat ödəmək şərtilə 623,74 manat dəyərində "xxxx" markalı mobil telefon satın almışdır. Beləliklə, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, cavabdehin cəmi 249,34 manat borcu yaranmışdır. Bundan əlavə, “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC borclu Cavabdeh ilə arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X3 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən ödəniş olunmamasını bildirmişlər. Məhkəmə, iclasın iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 2019-cu ildə "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 49 manat, sonuncu ay 49,74 manat ödəmək şərtilə "xxxx" markalı mobil telefon satın almışdır. Bundan sonra, o, hər ay 50 manat olmaqla, 12 ay müddətində ödənişlərini əşyanı aldığı mağazaya etmiş və ödəniş qəbzlərini almışdır. Lakin, uzun müddət keçdiyinə görə o, həmin qəbzləri özündə saxlamamış, bu səbəbdən də hazırda məhkəməyə ödənişlərlə bağlı hər hansı formada sübut təqdim edə bilmir. Bundan başqa, etdiyi ödənişlərin mağaza əməkdaşlarının məsuliyyətsizliyindən sistemə işlənmədiyini düşünür. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, ŞBRK01726 saylı nisyə alqı-satqı müqaviləsinin, eləcə də müqaviləyə 1 saylı əlavənin və eyni tarixli təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh, iddiaçı MMC-dən 12 ay müddətinə hər ay 49 manat, sonuncu ay 49,74 manat ödəmək şərtilə 623,74 manat dəyərində "xxxx" markalı mobil telefonu nisyə satın almış və həmin telefon sözügedən MMC tərəfindən cavabdehə təhvil verilmişdir. İşdə olan 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsinə əsasən "xxxx" MMC müştərilər ilə arasında bağlanmış nisyə alqı-satqı müqavilələrindən irəli gələn pul tələbini “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. İşdə olan bildiriş məktubunun surətindən görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan «X3 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən 15 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, cavabdeh X1 02 avqust 2019-cu il tarixli, ŞBRK01726 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 146,14 manat əsas, 103,20 manat cərimə olmaqla, cəmi 249,34 manat borcu vardır. İşdə olan 09 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, «X3 Olmayan Kredit Təşkilatı” MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Nisyə alqı-satqı müqaviləsinin 5.6-cı bəndinə görə borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lakin, məhkəmə hesab edir ki, iddiaçının 146,14 manat olan əsas kredit borcu üzrə 103,20 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 103,20 manat məbləğində hesablanmış cərimə məbləğinin 15 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 02 avqust 2019-cu il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh "xxxx" MMC ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, Cavabdeh etirazında və izahatında sözügedən nisyə alqı-satqı müqaviləsi üzrə borcunu tam şəkildə ödədiyini qeyd etsə də, buna dair hər hansı mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 146,14 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 161,14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 65%-i, yəni 19,50 manatı tutularaq, iddiaçı «X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 146,14 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 161,14 (bir yüz altmış bir manat 14 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 65%-i, yəni 19,50 (on doqquz manat 50 qəpik) manatı tutularaq, iddiaçı «X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar