Məhkəmə qərarları › İş №e-2(059)-699/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-699/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-699/2025 24.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 896,67 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu və 89,67 manat cərimə olmaqla, cəmi 1009,94 manat borc və ödənilmiş 30,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2024-cü il və 31 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq ümumi qiyməti 2273,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefon, Apple adapter və Paket xl, qızıl zəmanət ultra 2 il xidməti və ümumi qiyməti 258,96 manat dəyərində “Xiaomi Redmi A3” markalı mobil telefon satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək ümumilikdə 1636,19 manat ödəniş etmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı "xxxx" MMC-yə müqavilələr üzrə ümumilikdə 1009,94 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsinə, habelə cavabdehin həmin bildirişi 23 avqust 2025-ci il tarixdə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2024-cü il və 31 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq ümumi qiyməti 2273,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefon, Apple adapter və Paket xl, qızıl zəmanət ultra 2 il xidməti və ümumi qiyməti 258,96 manat dəyərində “Xiaomi Redmi A3” markalı mobil telefon satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək ümumilikdə 1636,19 manat ödəniş etmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmış, nəticədə onun sözügedən müqavilələr üzrə 896,67 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu və 89,67 manat cərimə olmaqla, cəmi 1009,94 manat borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30,10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da ABC' malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Sözügedən müqavilənin 3.14-cü bəndinə əsasən alınan bütün mallar üzrə yaranmış borc toplam borc məbləği hesab olunur. İstənilən mal əsasında və ya müqavilə şərtləri əsasında yaranmış ödəniş öhdəliyində gecikmənin olması ümumi borc üzrə gecikmə hesab olunur. Müştərinin ümumi borc üzrə ABC qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda ABC dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Bu müqavilənin 3.5-ci bəndinə əsasən 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar ABC əlavə ödənişlər tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 04 yanvar 2024-cü il və 31 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 896,67 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu və 89,67 manat cərimə olmaqla, cəmi 1009,94 manat borc və ödənilmiş 30,10 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 04 yanvar 2024-cü il və 31 iyul 2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 896,67 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu və 89,67 manat cərimə olmaqla, cəmi 1009,94 (bir min doqquz manat 94 qəpik) manat borc və ödənilmiş 30,10 (otuz manat 10 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar