Məhkəmə qərarları › İş №e-2(059)-912/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-912/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-912/2025 16.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 04 yanvar 2024-cü il tarixli müqavilə üzrə 356,71 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu, 35,67 manat cərimə olmaqla, cəmi 415,98 borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 2142,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefon, Apple adapter, Qızıl zəmanət ultra 2 il, 2 ədəd vinil mat və Paket XXXL xidməti satın almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, borcundan bu günədək 1786,19 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun müqavilə üzrə cəmi 415,98 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsinə, baxmayaraq cavabdehə bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bildiriş vərəqəsi aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 18 dekabr 2025-ci il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı MMC ilə cavabdeh arasında 04 yanvar 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 2142,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefon, Apple adapter, Qızıl zəmanət ultra 2 il, 2 ədəd vinil mat və Paket XXXL xidməti satın almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, borcundan bu günədək 1786,19 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış, nəticə də, onun müqavilə üzrə 356,71 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu, 35,67 manat cərimə olmaqla, cəmi 415,98 manat borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sözügedən Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Alqı-satqı müqaviləsinin 2.6-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da ABC' malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Sözügedən müqavilənin 3.14-cü bəndinə əsasən alınan bütün mallar üzrə yaranmış borc toplam borc məbləği hesab olunur. İstənilən mal əsasında və ya müqavilə şərtləri əsasında yaranmış ödəniş öhdəliyində gecikmənin olması ümumi borc üzrə gecikmə hesab olunur. Müştərinin ümumi borc üzrə ABC qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda ABC dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Bu müqavilənin 3.5-ci bəndinə əsasən 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar ABC əlavə ödənişlər tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 04 yanvar 2024-cü il tarixli müqavilə üzrə 356,71 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu, 35,67 manat cərimə olmaqla, cəmi 415,98 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 04 yanvar 2024-cü il tarixli müqavilə üzrə 356,71 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat dövlət rüsumu, 35,67 manat cərimə olmaqla, cəmi 415,98 ( dörd yüz on beş manat 98 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar