Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-919/2025 16.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi , Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 610,02 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 671,02 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müvafiq olaraq ümumi qiyməti 610,02 manat dəyərində olan “Hisense” markalı TV satın almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, borcundan bu günədək heç bir ödəniş etməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı "xxxx" MMC-yə qeyd olunan müqavilə üzrə ümumilikdə 671,02 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiklərini, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəklərini qeyd edib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazına uyğun eyniməzmunlu izahatında göstərdi ki, o, 10 iyun 2025-ci il tarixdə Siyəzən Rayon Mərkəzi Poçtunun binasında iddiaçı "xxxx" MMC ilə “Hisense” markalı televizorun alqı-satqı müqaviləsini imzaladıqdan sonra, sözügedən televizor 16 iyun 2025-ci il tarixdə MMC-nin əməkdaşları tərəfindən yaşadığı ünvana çatdırılmışdır. Televizoru onun ünvanına çatdıran əməkdaşdan qablaşdırmanı açmasını xahiş etsə də, sonuncu bunu etməmişdir. Bundan əlavə, iddiaçı şirkətin əməkdaşı tərəfindən ünvanına çatdırılan televizor onun istədiyi ölçüdən kiçik olmaqla yanaşı, artıq satışda olmayan bir model olmuşdur. Belə ki, sözügedən televizor onun ünvanına çatdırıldığı gün, onun quraşdırılması üçün evinə gələn Taleh adlı usta həmin televizorun istədiyi ölçüdə olmadığını deyərək, “109” diaqonal istədiyi halda, onun ünvanına çatdırılan televizorun “101” diaqonal ölçüdə, həmçinin artıq satışda olmayan model olmasını vurğulamışdır. Belə olan halda, sözügedən televizorun çatdırılmasından 3 gün sonra, o, "xxxx" MMC ilə telefon vasitəsilə əlaqə saxlayaraq məhsulu geri qaytarmaq istədiyini bildirsə də, iddiaçı tərəfin əməkdaşı televizorun geri qaytarılmasının mümkün olmadığını, həmçinin sözügedən televizorun dəyərinin onun tərəfindən ödənməli olduğunu bildirmişdir. Bundan sonra, o, dəfələrlə şirkətin əməkdaşına televizoru geri qaytarmaq istədiyini qeyd etsə də, sonuncu bunu qəbul etməmiş, həmçinin, o, iddiaçı "xxxx" MMC-nin satış ünvanını bilmədiyi üçün televizoru geri qaytarıb təhvil verə bilməmişdir. Hətta, iddiaçı şirkətin əməkdaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlayarkən istədiyi ölçüdə televizoru gətirdikləri halda, onu qəbul edərək ödənişini etməyə hazır olduğunu bildirmiş, lakin, qarşı tərəf onun bu şərtini də qəbul etməmişdir. Bu səbəbdən də, o, iddiaçı tərəfə “Hisense” markalı televizorun dəyərindən ümumiyyətlə ödəniş etməmiş, himayəsində azyaşlı uşaq olduğu üçün sözügedən televizorun satış yerini araşdıraraq, təhvil verə bilməmişdir. Habelə, sözügedən televizor hazırkı vaxtadək quraşdırılmamış və təhvil aldıqları vəziyyətdə qablaşdırmasında qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin, eləcə də sözügedən müqaviləyə əlavənin surətlərindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 610,02 manat olan “Hisense” markalı TV-ni 18 ay müddətinə, ayda 33,89 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan 01 noyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 17 noyabr 2025-ci il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə sözügedən nisyə alqı-satqı müqaviləsinə əsasən “Hisense” markalı TV-yə görə 610,02 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 671,02 manat borcu vardır. İşdə olan 19 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sözügedən Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Yuxarıda sadalanan maddələri rəhbər tutan məhkəmə cavabdehin etirazında nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşyanın (televizorun) onun istədiyi ölçüdə və lazımi keyfiyyətdə olmaması barədə vurğuladığı məqamlara tənqidi yanaşır və qeyd edir ki, bu barədə iş materiallarında hər hansı sübut növü olmamaqla, alıcının bu istiqamətdə hər hansı hərəkəti işdən görünmür. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinə uyğun gələn televizoru cavabdehə vermiş və cavabdeh aldığı əşyadan bir müddət şikayətçi olmamışdır. Hazırda cavabdeh həmin televizorun onun istədiyi ölçüdə və lazımi keyfiyyətdə olmamasından şikayətçi olsa da, bu halı sübut edəcək hər hansı formada sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin gətirdiyi arqumenti borcun ödənilməsindən yayınma kimi qiymətləndirməklə, tərəflər arasında bağlanmış müqaviləbin şərtlərinə uyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. X1 Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sözügedən Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lakin, məhkəmə hesab edir ki, iddiaçının 610,02 manat olan əsas kredit borcu üzrə 61 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 61 manat məbləğində hesablanmış cərimə məbləğinin 6 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh sözügedən müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi ümumiyyətlə yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlığa rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 610,02 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 616,02 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 92%-i, yəni 27,60 manatı tutularaq, ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 10 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 610,02 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 616,02 (altı yüz on altı manat 02 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 92%-i, yəni 27,60 (iyirmi yeddi manat 60 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-919/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-919/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver