Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1094/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Haojue HJ 150-9” markalı, 99–A–076 dövlət nömrə nişanlı motosiklet xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyulun 12-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Haojue HJ 150-9” markalı, 99–A–076 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 az ağır dərəcədə xəsarət almışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarili, 1(004)-79/2022 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci mddəsi ilə ilə təqsirli bilnmişdir. Başqa sözlə , vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi məhkəmə hökmü ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş 153 nömrəli ekspert rəyinə əsasən X2 az ağır dərəcəli xəsarət alması 2021-ci il iyulun 12-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.4-cü maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda 30 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 1500 manat). Göstərilənlərə əsasən cavabdеh Cavabdeh 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan PXA 106684 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Haouje” markalı, 99-A-076 dövlət qeydiyyat nişanlı motosikletin törətdiyi YNH nəticəsində sərnişin X1 az ağır dərəcədə xəsarət almış, dəymiş xəsarətin ilə əlaqədar sığorta ödənişinin məbləği 1500 manat təşkil edir.
8. İşin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh 100 manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, iş üzrə maddi sübut kimi tanınmış «HJ 150-9» markalı 99A076 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X6 qaytarılmasının nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış beş ədəd 1 DVD disk cinayət işinin materiallarında saxlanılması, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pulun köçürülməsi hökm edilmişdir.
9. İşin materiallarında olan sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən görünür ki, 419******9009 nömrəli kart X4 təhvil verilmişdir.
10. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 419******9009 kart nömrəli hesaba 1500 manat pul köçürülmüşdür.
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
14. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
16. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
17. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “Haouje” markalı, 99-A-076 dövlət qeydiyyat nişanlı motosikleti idarə etmək səlahiyyəti olmadan idarə etmişdir.
18. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmək səlahiyyəti olmayan Cavabdeh tərəfindən idarə edildiyindən, habelə onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
19. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 1500 (bir min beş yüz) manat və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva