Məhkəmə qərarları › İş №e-2(060)-1153/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1153/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1153/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 490 (dörd yüz doxsan) manat pulun və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN**********) “OCEAN RO452 CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1690 (bir min altı yüz doxsan) manat məbləğində olan “OCEAN RO452 CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2018-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN RO452 CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 80 (səksən) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 23 ay müddətinə olmaqla hər ayın 30-dan gec olmayaraq, hər ay 70 (yetmiş) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 490(dörd yüz doxsan) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 490(dördyüz doxsan) manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, 27 dekabr 2018-ci il tarixində gecə saatlarında səyyar satıcılıq edən Dinamik fırmasından dəyəri 1 690 AZN (bir min altı yüz doxsan) olan Ocean markalı içməli su filteri aparatı alıb. Elə həmin gün şirkət nümayəndəsinə 80 AZN (səksən) ilkin ödəniş ödəyib 16 ay ərzində də heç bir gecikmə olmadan hər ay vaxtı vaxtında qapıda ödəmə üsulu ilə 70 AZN (yetmiş) ,ümumi 1 200 AZN (bir min iki yüz) ödəniş edib. 2020 ci ilin may ayında ilk dəfə həm özünün, həm də yoldaşının xəstə, yaşlı insan olmalarını, pandemiya ilə əlaqədar maddi sıxıntıları və səhhətinin yaxşı olmaması səbəblərini Satıcıya bildirib qalıq ödənişi artıq edə bilməyəcəyini, malı geri qəbul edib ödədiyi vəsaitin bir hissəsinin ona qaytarılması barədə telefon zəngi vasitəsilə müraciət etmişdir. Həmin tarixədək Satıcının ünvanladığı məktubda yazıldığı kimi onun tərəfindən heç bir gecikmə halı olmayıb. Satıcıda bütün qəbzlər və tarixlər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü Maddəsinin 373.2 bəndinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il olaraq müəyyən edilib . Onunla 4 ilə yaxın müddətdə Satıcı tərəfindən heç kim əlaqə yaratmayıb və Satıcı tərəfindən ünvanlanmış məktubda dəfələrlə ona yazılı və şifahi xəbərdarlıq edilməsi yalnış təqdim edilmiş məlumatdır. Onun ünvanına göndərilmiş ilk məktub 02 Dekabr 2024-cü il tarixlidir və həmin tarixədək o, başqa bildirişlər almayıb. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin etirazı ilə tanışdır, lakin orada qeyd edilən əsaslarla razı deyil və iddia müddətinin ötürülməsi ilə bağlı fikri qəbul etmir. Hesab edir ki, iddia müddəti ötürülməyib. Cavabdeh borcunu etiraf edir. İşlərin çox olması səbəbindən vətəndaşlar iddia müddətindən sui-istifadə edirlər. İddiaçının nümayəndəsi dəfələrlə borcun ödənilməsi üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamış və cavabdeh hətta məhkəməyə müraciət edilməsini təklif etmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, pandemiya ilə əlaqədar bir neçə ay ödəniş edə bilməmişdir. Filterin qiyməti 1690 manat olub, o həmin məbləğdən 1200 manat ödəniş etmişdir. Lakin sonradan həmin filtrın ona çox baha qiymətə satıldığını öyrənmişdir. Həm bu səbəbdən, həm də ödənişləri edə bilməməsi səbəbindən iddiaçıya aparatı qaytarmağı, 200 manatın iddiaçıya qalmasını, ödədiyi 1000 manatın isə ona qaytarılmasını təklif etmişdir. Lakin iddiaçı həmin təkliflə razılaşmamışdır. 2020-ci ildən sonra hər hansı ödəniş etməmişdir. Bildirir ki, hazırda pensiya alır və həmin pulla ancaq öz dərmanlarını ala bilir. İddiaçı 4 il ərzində bir dəfə də olsun onu axtarmamışdır. Ona bu məsələ ilə bağlı ilk dəfə 2024-cü ildə bildiriş gəlmişdir. Nəticədə iddia müddəti ötürülmüşdür. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh hissə-hissə ödəməklə "xxxx" MMC-dən qiyməti 1690 manat olan, “OCEANRO452 CS” markalı su təmizləmə sistemi almışdır. 8.İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmışdır.

9. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh rasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 490 manat borcu vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Sözügedən müqavilənin icra müddəti xx.xx.2020-ci ildə bitmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

12. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). 14.Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 16.İş materiallarından görünür ki, Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 17.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün iddiaçının tələbinə üç illik iddia müddəti şamil edilməlidir. 18.Müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi isə mühüm əhəmiyyət kəsb edir. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdətutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 20.Hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması alqı-satqı müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. 21.Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablandıqda, iddia müddəti xx.xx.2023-cü ildə bitmiş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. 22.Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hala istinad edə bilməmiş, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. 23.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. 24.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. 25.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar