Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1229/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödnilməmiş 20000 manat əsas borc, 7600 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 172,80 manat dövlət rüsumunun, cəmi 27772,80 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 20000 manat olan iyirmi ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 2 ay ərzində ödəmək şərti ilə, alınan malların dəyərini tam ödəməli idi. Ancaq heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 20000 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00 faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə (dəbbə pulu) 7600 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 20000 manat olan iyirmi ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 2 ay ərzində ödəmək şərti ilə, alınan malların dəyərini tam ödəməli idi. Ancaq heç bir ödəniş etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixədək olan əsas borcu 20000 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00 faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə 7600 manat təşkil edir. Ödəniş həyata keçirilmədiyi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Əsas borc tam olaraq ödənilməmişdir. Ümumiyyətlə ödəniş edilməmişdir. Hansısa işçi işdən çıxarıldığı zaman yoxlama aparmaq məqsədilə müqavilə bağlandığı görülməmişdir. Yoxlama aparılması ilə bağlı rəsmi sənəd yoxdur. Əsas təhvil-təslim aktıdır. Çatdırılma qəbzi olmaya da bilər. Məhsulu şəxs özü mağazdan götürə bilər. Sonda məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onu aldadaraq müqaviləni imzalatmışdırlar. İşinin yoxlanması məqsədilə sentyabr ayının 11-i müqaviləni imzalatmışdırlar. Mal ona təqdim olunmamışdır. Həmin malın götürülməsi üçün də müraciət etməmişdir. İşlədiyi müddətdə hər hansı bir əskiyinin olmadığı təqdirdə müqaviləni ləğv edəcəklərini demişdirlər. Daha sonra öz ərizəsi ilə sentyabr ayının 17-i işdən çıxartmışdırlar. İşdən çıxandan sonra həmin müqavilənin ləğv olunacağını bildirmişdirlər. O da inanmışdır. Lakin müqavilə ləğv olunmamış və bu barədə ona məlumat verilməmişdir. Bildirmişdir ki, o, 4 il kredit mütəxəssisi işləmişdir. Bütün elektronika mağazalarında müştəri məhsulu qəbul etməsə belə təhvil-təslim aktı tərtib olunur. Malın verilməsi ilə bağlı anbardan çıxarılma qəbzi olmalıdır. O sənədi təqdim edə bilməzlər, çünki elə bir sənəd yoxdur. Həmin müqavilə nə mağaza daxilində, nə də şirkət daxilində imzaladılmışdır. Müdirin otağına salınaraq ona müqavilə imzaladılmış, hamısı planlı olaraq həyata keçirilmişdir. Belə ki, həmin otaqda heç bir kamera görüntüsü və səs yazısı aparılmamışdır. Qeyd olunan hal yalnız ona qarşı olmamışdır. Bu halla rastlaşan başqa bir işçi də vardır. Həmçinin bildirmişdir ki, o qədər soyuducu ona lazım deyildir. Onun bu borcdan xəbəri olmamış, məhkəmə bildirişi gələndə öyrənmişdir. Aylıq 500 manat məbləğində əmək haqqı alan şəxslə 2 ay müddətinə ödəmək şərti ilə 10000 manatlıq müqavilə bağlanması absurddur. Evdə yalnız onun işlədiyi barədə də məlumatları var idi. Əlavə olaraq qeyd etmişdir ki, işdən çıxan zaman blank imzalamış və həmin blankda krediti olmadığı qeyd olunmuşdur.
Tədqiq olunan sübutlar:
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 20 ədəd «Daewoo» markalı soyuducu almışdır.
6. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* saylı müqavilənin predmeti olan əşyaları təhvil almışdır.
7. xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mallar üçün 11 oktyabr 2023cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək hər ay 10000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
8. "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 20000 manat əsas borc, 7600 manat dəbbə pulu olmaqla, cəmi 27600 manat borcu vardır.
9. 04.12.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilə üzrə yaranmış borc öhdəliyinin 3 gün müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. Cavabdeh məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə NTK2204/044 saylı əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə səyyar kredit mütəxəssisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən NTX2309/172 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflərin razılığına əsasən müqavilə üzrə ödənişlərin icra edilməsi müddətləri və məbləğləri müəyyənləşdirilmişdir.
17. Cavabdeh sözügedən müqavilənin bağlanılması zamanı aldadıldığına istinad edərək, müqavilə bağlanarkən "xxxx" MMC-nin işçisi olduğunu, həmin müəssisə də işləyərkən əskiyinin olub-olmamasının müəyyən edilməsi məqsədilə yoxlama aparıldığını və müqavilənin də məhz həmin yoxlamaya görə bağlandığını, aralarındakı razılaşmaya uyğun olaraq yoxlama nəticəsində əskiyi müəyyən edilmədiyindən, iddiaçı tərəfindən müqavilənin ləğv edilməli olduğu halda ona verilmiş vədə əməl olunmayaraq ləğv edilmədiyini bildirmişdir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsində əqdlərin şərtlə bağlanmasının mümkünlüyü təsbit edilmişdir. Həmin maddənin 1-ci bəndinə görə əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Qanunvericilikdə əqdlərin şərtlə bağlanılmasının mümkünlüyünü təsbit edən müddəaların olmasına baxmayaraq, tərəflər arasında bağlanmış müqavilənin bəndlərindən həmin müqavilənin hər hansı bir şərtlə bağlandığı müəyyən olunmur.
19. Cavabdehin həmin əqdi bağlayarkən aldadılması ilə bağlı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh iddiaçı ilə aralarında bağlanmış 11 sentyabr 2023-cü il tarixli müqavilə ilə razılaşmadığından və həmin əqdin onun aldadılması nəticəsində bağlandığına istinad etdiyindən məhkəmə tərəfindən ilk növbədə həmin əqdin etibarlı olub-olmamasına münasibət bildirilməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.
22. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
23. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
24. Hazırki işdə cavabdeh aldadılmasının əsası kimi işlədiyi dövrdə fəaliyyətinin yoxlanılaraq əskiyinin müəyyən edilmədiyi halda sözügedən nisyə alqı-satqı müqaviləsinin ləğv ediləcəyinə inandığına və buna görə belə bir müqavilə bağladığına istinad edir. Lakin qeyd edilən halları təsdiq edəcək hər hansı sübutu məhəməyə təqdim etmir.
25. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Məhkəmə hesab edir ki, hazırki işdə mübahisələndirilən müqavilənin etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı (müqavilənin cavabdehin fəaliyyətinin yoxlanılması ilə bağlı bağlanması və s.) üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh müqavilənin onun həmin müəssisədə işləyərkən fəaliyyətinin yoxlanması səbəbilə bağlandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu, habelə onun fəaliyyəti üzrə yoxlamanın aparıldığını təsdiq edən və bağlanmış alqı-satqı müqaviləsinin həmin yoxlamanın nəticəsinə bağlı olduğunu, habelə şərtlə bağlandığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh iddiaçı tərəfindən aldadılmasının hansı hərəkətlərdə ifadə olunmasını mötəbər sübutlarla təsdiq etməmişdir. Halbuki əqdin etibarsızlığını sübuta etmək yükü bu halı iddia edənin üzərinə düşür.
27. Cavabdehin 20 ədəd soyuducunun ona təhvil verilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin birlikdə tərtib etdikləri 11 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktı, əksi sübut edilmədikcə mal vermiş (satmış) tərəfin öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Bu halda soyuducuların ona verilmədiyini sübut etmək yükü də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən bu hal da sübut yetirilməmişdir.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
30. Məhkəmə iddianın cavabdehdən 7600 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində qeyd edilmişdir ki, alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00 faizi miqdarında dəbbə pulu ödəməlidir.
31. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin tənasübsüz surətdə yüksək hesablanması, qənaətinə gələrək cərimə məbləğinin 20 (iyirmi) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
32. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə əsas borc qismində 20000 manat, cərimə borcu qismində 20 manat olmaqla, cəmi 20020 (iyirmi min iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 172 (yüz yetmiş iki) manat, 80 (səksən) qəpik pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə əsas borc qismində 20000 manat, cərimə borcu qismində 20 manat olmaqla, cəmi 20020 (iyirmi min iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 172 (yüz yetmiş iki) manat, 80 (səksən) qəpik pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva