Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1233/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Balaəli qızının, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Balaəli qızının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Balaəli qızı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh Sumqayıt QİS tərəfindən 4147,20 manat məbləğində əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Balaəli qızı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB Sumqayıt QİS tərəfindən 4682,91 manat məbləğində əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, 19 aprel 2023-cü il tarixli, ******* saylı aktla Cavabdeh İB Sumqayıt QİS tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 1, mənzil 7B ünvanında yerləşən məişət qaz sayğacına baxış keçirilmışdir. Sayğacdan kənar rezin borunun aşkarlanması əsası ilə dəymiş ziyanın ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur. Heç bir əsas olmadan, itirilmiş qazın hesabatının əsası müəyyən edilmədən 34560 kub metr zərər dəydiyi müəyyən edilərək, əsassız qaydada 4147,20 manat borc yazılmışdır. Adı çəkilən məişət qaz sayğacına iddiaçı tərəfindən hər hansısa sayğacdan kənar vasitə quraşdırılmamışdır. Sayğac hasardan çöldə yerləşir. Ona kim tərəfindən müdaxilə olunması bəlli deyildir. Üstəlik sayğacdan kənar borunun oraya quraşdırılmasını iddiaçı tamamilə təkzib edir və belə bir halın olmadığını israrla təsdiq edir. Akta imza etməməsi də iddiaçının bu halı əzəldən bəri təkzib etməsinin bariz sübutudur. Hətta belə bir hal olmuş olsa belə, fakt müəyyən edilməli qanunla məsuliyyət tədbiri görülməli idi. Dəymiş zərərin məbləği dəqiq əsaslarla müəyyən edilməli və mülki qaydada iddiaçıdan tələb edilməli idi. Hazırkı halda cavabdeh baş vermiş hadisədə iddiaçının təqsirli olmasını, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olmayan qaydada həyata keçirmiş, haradan bu nəticəyə gəldiyi bəlli olmayan dəymiş zərər məbləğini hesablayaraq iddaçının üzərinə qoymuşdur. Odur ki, Cavabdeh İB Sumqayıt QİS əməkdaşları tərəfindən hesablanmış borc əsassız və qanunsuz hesab edilməlidir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
4. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2(060)-1233/2024 saylı mülki iş üzrə İddiaçı əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İBnin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus (**********121) sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda “Sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandı” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560m3 x 0112qəpik=4147,20 manat dəymiş zərər hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol verilmişdir, dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı sayğaca müdaxilə etməyə artıq adət edib dəfələrlə kənar xətt qoşduğuna görə İddiaçı dəymiş ziyanla bağlı yazılıb. Lakin o, yazılan dəymiş ziyan aktlarına məhəl qoymayaraq, təkrarən sayğacdan kənar təbii qazdan istifadə etməyə davam edib. 1. xx.xx.2016-cı il (Akt-0103686)-2304m3 2. xx.xx.2017-ci il (Akt-0129826)- 3180m3 3. xx.xx.2018-ci il (Akt-0181994)-8100m3 4. xx.xx.2019-cu il (Akt-0196646)- 2083m3 5. xx.xx.2023-cü il(Akt-0308550)-34560m3 6. xx.xx.2024-cü il(Akt-0245293)- 10080m3. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yazılan cərimənin sılınməsını tələb edən bir vaxtda belə, İddiaçı kənar xətt vasitəsi ilə qeyri-qanuni qazdan isifadə etmişdir. Belə ki, 07 yanvar 2024-cü ildə onun yaşadığı mənzilin qaz sayğacına baxış keçirərkən yenidən qeyri-qanuni qoşulma halı aşkarlanmış buna görə ******* saylı akt tərtib olunmuş və itirilmiş qazın bərpası uçun 10080m3 (1,209,60 manat) dəymiş ziyan hesablanmışdır.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Balaəli qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən 4147,20 manat məbləğində borc hesablanmışdır. Aktda kənar xətt aşkar olunduğu qeyd olunmuşdur. Hesablanan borc məbləğinin necə müəyyən olunduğu məlum deyildir. Yanvar ayında yenə akt tərtib olunmuş və cərimə yazılmışdır. Kənar xətt qoşulduğu zaman qaz paylayıcı qazın verilməsini dayandırmalıdır. İnzibati xəta və cinayət tərkibi müəyyən olunduğu halda məhkəməyə müraciət oluna bilərdi. Şəxsin təqsiri sübuta yetirilməmişdir. Akt əsasında hesablanmış borc əsassızdır. Barəsində cərimə tətbiq edilən şəxs heç vaxt yenidən kənar xətt qoşmaz.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Balaəli qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyildirlər. Obyektivliyinə şübhələri vardır. Ayaz adlı ekspert məhkəmənin təyin etdiyi vaxtda baxış keçirməmiş, sonradan baxış keçirərkən onları çağırmadan rəy vermişdir. Ona görə rəylə razı deyildirlər.
Tədqiq olunan sübutlar:
8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, baxış zamanı sayğacdan kənar rezin boru aşkarlanmışdır.
9. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı Balaəli qızının istifadəsində olan ünvan 2 ünvanına qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 kub.m müəyyən edilmişdir.
10. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 04 yanvar 2024-cü il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, sayğacı açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur.
11. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı Balaəli qızının istifadəsində olan ünvan 2 ünvanına qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 210 gün qəbul edilməklə itirilmiş qazın həcmi 10080 kub.m müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-3/1331 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar predmetin (şəxsin) müdaxiləsindən yarana bilən kənar xətt aşkar edilməmiş, lakin giriş borunun birləşən sahəsi qaynaq üsulla əsas borudan ayrılmamaqla əyilmiş, bu da qaynaq və digər müdaxilə üsulla əlavə xəttin çəkilməsinə dəlalət etmir.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -13.8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 19 aprel 2023-cü il tarixdə və 04 yanvar 2024-cü il tarixdə abonent kodu **********00072 olan İddiaçı Balaəli qızının sayğacdan kənar xəttdən istifadə etməsi ilə bağlı ******* saylı və ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunmuş və həmin aktlara əsasən 4682,91 manat məbləğində borc yazılmışdır.
20. Qeyd edilən aktlarda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi sayğacın açılaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadəsinin aşkar olunduğu göstərilmişdir.
21. Beləliklə, cavabdeh ünvana baxış keçirilən zaman sayğacdan kənar xəttin aşkar olunduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gəlinərək dəymiş ziyan qismində sonuncudan 4682,91 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
22. Halbuki yuxarıda qeyd edilən “Qaz təchizatı” haqqında Qanunun 13.8-1-ci maddəsinin məzmunundan aydın olur ki, qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
23. Hazırki iş üzrə qaz xəttinə müdaxilə edilməsi halları ilə bağlı tərtib edilmiş aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edildiyi və həmin orqanların və ya məhkəmənin qərarı ilə həmin şəxsin qazın talanmasında təqsirli olduğu müəyyən edilməmişdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
25. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
28. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
30. Hazırki işdə cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.
31. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-3/1331 nömrəli ekspert rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar predmetin (şəxsin) müdaxiləsindən yarana bilən kənar xətt aşkar edilməmiş, lakin giriş borunun birləşən sahəsi qaynaq üsulla əsas borudan ayrılmamaqla əyilmiş, bu da qaynaq və digər müdaxilə üsulla əlavə xəttin çəkilməsinə dəlalət etmir.
32. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Balaəli qızına (abonent kodu: **********00072) 19 aprel 2023-cü il tarixdə tərtib olunmuş ******* nömrəli və 04 yanvar 2024-cü il tarixdə tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında hesablanmış 4682 (dörd min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik məbləğində borc silinsin. Cavabdehndən 66 (altmış altı) manat, 82 (səksən iki) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva