Məhkəmə qərarları › İş №e-2(060)-1295/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1295/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1295/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq xx.xx.2022-cü il tarixli, İF/06043 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada olmaqla 11985,82 manat borcun, 6205 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 70 manat məbləği və dövlət rüsumu olaraq ödədikləri 145 manat məbləği iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli, İF/06054 saylı, 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Kia Forte minik markalı, 77AJ423 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Daxili maliyyə lizinq müqaviləsi ilə yanaşı 11 sentyabr 2023-cü il tarixində Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Bir müddət ödəniş olunduqdan sonra cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. 14 Yanvar 2023-cü il tarixindən başlayaraq 06 iyun 2024-cü il tarixinə qədər hər ay 796,99 manat olmaqla, 14345,82 manat ödəniş edilməli olduğu halda cəmi 2360 manat ödəniş edilmişdir. Cavabdehin qalıq borcu 11985,82 manatdır (14345,82 manat – 2360 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 6205 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən xidmət haqqı 70 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, İF/06054 saylı lizinq müqaviləsinə əsasən lizinq alanın lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır. Zaminlik müqaviləsinin 2.4.3-cü bəndinə əsasən zamin “lizinq verən” qarşısında “lizinq alan”la eyni həcmdə məsuliyyət daşıyır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, qeyd olunan hadisə 4 il əvvəl, yəni 2021-ci il tarixdə baş vermişdir. Bir nəfər şəxs ona avtomobil verilmədiyi üçün adına müqavilə bağlanmasını xahiş etmişdir. Həmin şəxslə razılaşıb müəssisəyə yaxınlaşmışdırlar. Müəssisənin rəhbəri ona həmin şəxslərin başqa şəxsləri də müəssisəyə gətirdib onların adına müqavilə bağlandığını bildirmişdir. Ondan sonra razı olmadığını bildirmişdir. Notariusda sənəd imzalamış, lakin həmin sənədi oxumamışdır. Bu hadisənin üzərindən 4 il keçmişdir. Şirkət avtomobilləri alır və icarəyə verir. Mübahisəli avtomobildən məlumatı olmamışdır. Müaviləni o imzalamışdır. Müqavilə bağlamağa heç kim onu məcbur etməmişdir. Müqavilə onun adına olmuş, lakin avtomobil başqa şəxsə verilmişdir. Avtomobili götürən şəxs Cavabdeh3dur. Həmin şəxs onun üçün avtomobil götürməyini xahiş etmişdir. Zaminlər qohumları deyil, tanışıdır.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh1 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinqi müqaviləsi və ona 1 saylı əlavəyə əsasən "xxxx" MMC lizinq obyektini lizinq alan tərəfindən seçilmiş və alınmış əmlakın (Kia Forte minik markalı avtomobil: rəngi qara metallik, tipi sedan, buraxılış ili 2013) dəyərini ödəyib öz mülkiyyətinə əldə edilməsini və müəyyən haqq müqabilində lizinq alan Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan Cavabdeh1 isə lizinq obyektini qəbul etməyi və 36 ay müddətində, aylıq ödəniş 796,99 manat olmaqla illik 36 % ilə 17400 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 7.3.3-cü bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq,hüququna malikdir. Müqavilənin 10.2-ci maddəsinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə,o halda lizinq alan gecikdirilən hər gün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir.

7. Təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, İF/06054 nömrəli daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti (“Kia Forte minik” markalı avtomobil) satıcı tərəfindən lizinq alana təhvil verilmişdir.

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-AJ- *** dövlət qeydiyyat nişanlı, “Kia Forte minik” markalı avtomobilin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

9. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2022-xx.xx.2024-cü il tarixlərinə əhatə edən Cavabdeh1 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində 780 manat, xx.xx.2023-cü il tarixində 780 manat, xx.xx.2023-cü il tarixində 800 manat manat olmaqla, 2360 manat ödəniş edilmişdir.

10. "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1, yəni lizinq alan ilə lizinq verən arasında bağlanan xx.xx.2022-ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinq müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir.

11. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1, yəni lizinq alan ilə lizinq verən arasında bağlanan xx.xx.2022-ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinq müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir.

12. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən), X2 nümayəndəsi X1 (satıcı) və Cavabdeh1 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06054 saylı lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satmağı, alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə etməyi və razılaşdırılmış məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

13. "xxxx" MMC tərəfindən Cavabdeh1, X3, Cavabdeh2 ünvanlanmış 04 aprel 2024-cü il tarixli pretenziya məktubunun surətinə əsasən cavabdehə müqavilə ilə nəzərdə tutulan öhdəliyin 3 gün ərzində yerinə yetirilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında maliyyə lizinqi müqaviləsindən yaranan öhdəlik münasibətləri vardır. Belə ki, iddiaçı 2013-cü il buraxılışlı “Kia Forte minik” markalı nəqliyyat vasitəsini lizinq alan kimi onun istifadə və sahibliyinə vermiş, öz növbəsində lizinq alan 36 ay müddətində aylıq 796,99 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Sonradan qeyd edilən lizinq müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2, Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh1 təhvil versə də, lizinq alan müqavilə üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq üç dəfədən artıq ödəməmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh1 lizinq müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbində müqavilənin tarixi xx.xx.2022-ci il kimi, nömrəsi İF/06043 kimi qeyd edilsə də iş materiallarına xx.xx.2022-cü il il tarixli, İF/060054 saylı müqavilə əlavə edilmiş, iddia ərizəsində və eyni zamanda iddiaçının nümayəndəsinin izahatında da həmin müqavilənin məzmunununa istinad edilərək lizinq müqaviləsi üzrə borc məbləği tələb edilmişdir. Belə olan halda məhkəmə müqavilənin tarixinin xx.xx.2022-ci il kimi, nömrəsi İF/06043 kimi qeyd edilməsini texniki səhv kimi qiymətləndirərək xx.xx.2022-cü il tarixli, İF/060054 saylı müqaviləyə hüquqi qiymət verməyi məqsədəmüvafiq hesab edir.

19. Məhkəmə hesab edir ki, bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə lizinq obyektinə dair hüquqlara malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri, yəni lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş borc məbləğini iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lizinq alan Cavabdeh1 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə borc tutulmalıdır.

20. Lizinq müqaviləsini, təhvil-təslim aktlarını imzalasa da, əslində lizinq obyektinin onun deyil, tanışları olan digər şəxsin istifadəsinə verilməsi barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq məhkəməyə təqdim edilmiş təhvil-təslim aktı əsasında lizinq obyektinin məhz Cavabdeh1 tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır.

21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, İF/06054 saylı lizinq müqaviləsi üzrə 11985,82 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan əlavə, iddiaçı lizinq obyektinin təhvil alınması zamanı təmir və rənglənməsinə çəkilən xərclərin əvəzi olaraq cavabdehdən 6205 manat məbləğində dəymiş zərərin tutulmasını istəmiş, həmin hissədə iddiasını sübuta yetirmək məqsədilə xx.xx.2024cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024-cü il tarixli qüsur aktı təqdim etmişdir.

23. İddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla həmin aktlar cavabdehin iştirakı ilə tərtib edilməmişdir. Ona görə də məhkəmə həmin aktları mötəbər sübut kimi qiymətləndirmir və qeyd edir ki, lizinq obyektinə məhz cavabdehin təqsiri ucbatından zərərin vurulması iş materialları ilə təsdiq olunmur.

24. Lizinq obyektinin hazırda qüsurlu (nasaz) olmasının qəbul olunması belə, fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, nəqliyyat vasitəsinin qüsurlu olması və təmiri üçün 6205 manat məbləğində pul vəsaitinin zəruri olması heç şübhəsiz əsaslı təmir halına aiddir. Mülki Məcəlləyə görə, lizinq münasibətlərində lizinq obyektinin əsaslı təmirini bir qayda olaraq lizinq verən həyata keçirməlidir. Belə ki, həmin məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Tərəflər arasındakı lizinq müqaviləsində qeyd edilən ana qaydadan fərqli qaydanın nəzərdə tutulması müəyyən olunmur. Bu isə o deməkdir ki, lizinq alanın qəsdi müəyyən olunmadığı müddətcə (hazırkı işdə də bu hal müəyyən edilmir) nəqliyyat vasitəsindəki qüsur hər bir halda lizinq verən tərəfindən aradan qaldırılmalıdır. Odur ki, bu əsasla cavabdehdən zərərin tələb edilməsi istisna edilir. Göstərilənlər eyni zamanda iddia tələbinin avtomobilin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 70 manat məbləğin tutulması hissəsinin də rədd edilməsini şərtləndirir və məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır.

25. Məhkəmə iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1, yəni lizinq alan ilə lizinq verən arasında bağlanan xx.xx.2022-ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinq müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir.

26. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

27. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh3 və Cavabdeh2 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia cavabdehlər Cavabdeh3 və Cavabdeh2 dair hissədə də təmin edilməlidir.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 11985,82 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir

Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli, İF/06054 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 11985 (on bir min doqquz yüz səksən beş) manat, 82 (səksən iki) qəpik borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,96 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar