Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1305/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********79195 olan “İphone 11” markalı telefon, “Apple 20W USB-C” markalı adapter, “Huawei Watch GT” markalı saat almış və nəticədə 917 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 559,44 manat İmei kodu **********79195 olan “İphone 11” markalı telefon, “Apple 20W USB-C” markalı adapter üçün ümumilikdə 309 manat olmaqla, ondan 280,44 manat ödənilməmiş hissə, güzəşt olunaraq 28,56 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2318,2 manat “Huawei Watch GT” markalı saat üçün ümumilikdə 608 manat olmaqla, ondan 552,2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 55,8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2045 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********79195 olan “İphone 11” markalı telefon, “Apple 20W USB-C” markalı adapter üçün, 280,44 manat ödənilməmiş hissə, 28,56 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Huawei Watch GT” markalı saat üçün 552,2 manat ödənilməmiş hissə, 55,8 manat cərimə olmaqla, ümumilikdə 917 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24014954 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********79195 olan “İphone 11” markalı telefonu, “Apple 20W USB-C” markalı adapteri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş 2318,2 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 125,90 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Huawei Watch GT” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 559,39 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 46,62 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızının "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 280,44 manat ödənilməmiş hissə, 28,56 manat cərimə borcu olmaqla, cəmi 309 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 552,2 manat ödənilməmiş hissə, 55,8 manat cərimə borcu olmaqla, cəmi 608 manat, ümumilikdə 917 manat ödənilməmiş borcu vardır.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən Paşayeva (İlyasova) Aytac Zərbəli qızına ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir.
20. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızından xx.xx.2021-ci il tarixli, 24014954 saylı müqavilə üzrə 552,2 (beş yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 572,2 (beş yüz yetmiş iki manat, iyirmi qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 280,44 (iki yüz səksən manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat cərimə borcu, cəmi 309 (üç yüz doqquz) manat, ümumilikdə 881,2 (səkkiz yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Paşayeva (İlyasova) Aytac Zərbəli qızından xx.xx.2021-ci il tarixli, 24014954 saylı müqavilə üzrə 552,2 (beş yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, cəmi 572,2 (beş yüz yetmiş iki manat, iyirmi qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 280,44 (iki yüz səksən manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 28,56 (iyirmi səkkiz manat, əlli altı qəpik) manat cərimə borcu, cəmi 309 (üç yüz doqquz) manat, ümumilikdə 881,2 (səkkiz yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva