Məhkəmə qərarları › İş №e-2(060)-1328/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1328/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1328/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və ödənilmiş 70 manat dövlət rüsumunun (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Hyundai HD 72” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu ildə cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai HD 72” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobillə Qax–Zaqatala yolunun Süskənd kəndi ərazisindən keçən 5-ci km-də Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edərkən eyni əməliyyat etmiş hərəkətdə olan “Ford Transit” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobili arxasından vurduqdan sonra sonuncu yol kənarında dayanmış “Mercedes Benz 190” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən vurduqdan sonra “Vaz 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin arxasından çırpılmış, bundan sonra həmin avtomobil də “Vaz 2107” markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobilin arxasına çırpılmış, “Hyundai HD 72” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobil isə qarşı tərəfdən gələn “Mercedes E220” markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilə dəydikdən sonra “Hyundai HD 72” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobil yolun kənarında olan meşə sahəsinə düşmüşdür. Qax RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaya əsasən qərarın surəti inzibati tənbeh tədbirlərinin görülməsi üçün Qax RPŞ-nin DYPB-yə göndərilmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İdarə etdiyi avtomobillə vurduğu ilk avtomobildən başqa qalanları qəza nəticəsində huşu getdiyindən yadında deyildir. Hadisədən sonra ayağından əməliyyat olduğu üçün uzun müddət müalicə almışdır. Bu səbəbdən heç bir prosesdə iştirak etməmişdir. Hesablanmış ziyanla razı deyildir. Qəza baş verən zaman sürücülük vəsiqəsi olmamışdır. YPX əməkdaşları tərəfindən çağırılmamış və cərimə olunmamışdır. Hadisədən dərhal sonra xəstəxanaya aparılmışdır. Zərər dəymiş avtomobil sahibləri ilə də əlaqəsi olmamışdır. O, eyni zamanda qeyd etdi ki, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Elektron məlumatdan görünür ki, “Hyundai HD 72” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən 1 il müddətinə kimi "xxxx" ASC-də sığortalanmışdır. - PXA 57727, 53336, 57732, 61727 və 57725 №-li sığorta aktından görünür ki, X4 adına olan “Hyundai HD 72” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə, saat 18:50-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı Qax–Zaqatala yolunun 5-ci km-də, “Mercedes- Benz E220” markalı, **-TS-*** dövlət nömrə nişanlı, “Vaz 2107” markalı, **-FX-*** dövlət nömrə nişanlı, “Vaz 21063” markalı, **-BE-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz 190” markalı, **-UG-*** dövlət nömrə nişanlı və “Ford Transit yük” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. - xx.xx.2019-cu il tarixli Qax RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1, X2 və Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü, X3 barəsində isə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tədbri görülməsi üçün qərarı surəti Qax RPŞ-nin DYPB-yə göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qax Rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən Qax Rayon Məhkəməsinin 3(024)-283/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai HD72” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən idarə olunarkən Qax–Zaqatala yolunun 5-ci km-də, “Mercedes-Benz E220” markalı, **-TS-*** dövlət nömrə nişanlı, “Vaz 2107” markalı, **-FX-*** dövlət nömrə nişanlı, “Vaz 21063” markalı, **-BE-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz 190” markalı, **-UG-*** dövlət nömrə nişanlı və “Ford Transit yük” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobillərlə zəncirvari toqquşmuşdur. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində inzibati icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 5000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar