Məhkəmə qərarları › İş №e-2(060)-1329/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-1329/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1329/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 26 avqust 2022-ci il tarixli, ALY-1384 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixə 412,03 manat gecikdirilmiş əsas, 493,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327,02 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 870,50 manat məbləğində pulun, ümumilikdə 2103,90 manat borc və ödənilmiş 41,44 manat dövlət rüsumunun iddiaçını xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli, ALY-1384 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2020-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 452,96 manat, ümumilikdə isə 19024 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 870,50 manat dəyərində ziyan dəymişdir. Cavabdehin daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixə 412,03 manat gecikdirilmiş əsas, 493,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327,02 manat dəbbə pulu olmaqla, cəmi 1232,93 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, lizinq obyekti icbari sığorta olunub. Lizinq obyektinin əmlak sığortasını isə cavabdeh özü etdirməlidir və çox güman ki, cavabdeh tərəfindən sığorta olunmayıb. Cavabdeh problemli müştərilər siyahısına daxildir. Cavabdeh bir dəfə onlara müraciət edib və onun üçün yeni ödəniş qrafik açılıb. Lakin cavabdeh yenə ödəniş etməyib. Lizinq müqaviləsi cavabdehlə fiziki şəxs olaraq bağlanılıb. Cavabdehin məhkəmə iclasından xəbəri var. Lakin iştirak etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1987-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. AD seriyalı 885929 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarından görünür ki, tərəflər arasında 26 avqust 2022-ci il tarixli, ALY- 1384 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 03 saylı əlavədə göstərilən əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində əsasən lizinq müddəti 42 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 3 №-li əlavə-ödəniş cədvəlindən görünür ki, cavabdeh lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 452,96 manat, sonuncu ay isə 453,10 manat olmaqla iddiaçıya ödəniş etməlidir. xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir. İddiaçının əməkdaşları Faiq Abbasəliyev və Ramin Həşimov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli aktda “Ravon Nexia R3” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən geri alındığı göstərilmişdir. İddiaçının servis mərkəzinin qüsur aktında “Ravon Nexia R3” minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 870,50 manat vəsait tələb edildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 67 saylı arayışda cavabdehin xx.xx.2022-ci il tarixə 412,03 manat əsas borcu, 493,88 manat mükafat borcu, 327,02 manat cərimə borcu olmaqla, ümumilikdə 1232,93 manat borcu qaldığı göstərilmişdir. xx.xx.2022-ci il tarixli, 1028 saylı məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1.). Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir) (747-1.1.). Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir (747-5.1.). Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir (748-1.1.). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1.). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12.4.). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1.). İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, lizinq müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinq obyektindən istifadə haqqı hər ay ödənilməli olduğu halda cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq müqavilədən irəli gələn ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində geri alınmışdır. İddiaçı həmin tarixə cavabdehin ona borclu olduğu lizinq ödənişlərini tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, lizinq obyekti xx.xx.2022-ci ilə kimi cavabdehin sahiblik və istifadəsində olduğu üçün iddiaçı həmin tarixə olan əsas borc və mükafat məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, cavabdehdən 327,02 manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, cavabdehdən 870,50 manat avtomobilə dəymiş ziyana görə vəsait iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41,44 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 238.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 412,03 manat əsas borc, 493,88 manat mükafat məbləği, 327,02 manat dəbbə pulu və 870,50 manat dəymiş ziyan məbləği olmaqla, cəmi 2103 (iki min yüz üç) manat 90 (doxsan) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41 (qırx bir) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar