Məhkəmə qərarları › İş №e-2(060)-1383/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1383/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1383/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, «Gree» markalı kondisionerüçün 909,6 manat ödənilməmiş hissə, 90,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon üçün 92,67 manat ödənilməmiş hissə,9,33 manat cərimə, ümumilikdə, 1102 manat borc, 31,02 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, GREE markalı kondisioner, İMEİ KOD **********04359 HUAWEİ P SMART Z markalı telefon almış və nəticədə 1102 (min yüz iki) borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2019-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1628,94 (min altı yüz iyirmi səkkiz manat doxsan dörd qəpik ) manat (33 ay x 47,91 manat + 47,91 manat ilkin ödəniş) əsasən GREE markalı kondisioner üçün ümumilikdə, 1000 (min) manat olmaqla ondan, 909,6 (doqquz yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 90,4 (doxsan manat qırx qəpik) manat cərimə; xx.xx.2019-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 384,4 (üç yüz səksən dörd manat qırx qəpik) manat (19 ay x 19,22 manat + 19,22 manat ilkin ödəniş) olan İMEİ KOD **********04359 HUAWEİ P SMART Z markalı telefon üçün ümumilikdə, 102 (yüz iki) manat olmaqla ondan, 92,67 (doxsan iki manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,33 (doqquz manat otuz üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1011,07 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 1628,94 manat olan «Gree» markalı kondisioner almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. - 20370198 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 №-li əlavə sazişdən görünür ki, Cavabdeh aldığı “Gree” markalı kondisioner üçün ümumilikdə, 1628,94 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 384,4 manat olan İMEİ KOD **********04359 HUAWEİ P SMART Z markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. - 00989933 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 №-li əlavə sazişdən görünür ki, Cavabdeh aldığı İMEİ KOD **********04359 HUAWEİ P SMART Z markalı telefon üçün ümumilikdə, 384,4 manat ödəməyi öhdəsinə götürmüşdür. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 33 ay müddətinə, ilkin 47,91 manat ödənişlə, aylıq ödəniş 47,91 manat olmaqla, “Gree” markalı kondisioner, 19 ay müddətinə, ilkin 19,22 manat, aylıq ödəniş 19,22 manat olmaqla İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon almış, müqavilə restrukturizasiya edildikdən sonra alınan məhsulların 2013,34 manat olan hesablanmış dəyərindən cəmi 1011,07 manat ödəniş etmişdir, bununla da 1002,27 manat borc yaranmışdır. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon və “Gree” markalı kondisioner almışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1002,27 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən əsasən 909,6 manat ödənilməmiş borc, 90,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, 1002,27 manat ödənilməmiş borc yaranmışdır. Müqavilələr restrukturizasiya edildikdən sonra alınan məhsulların 2013,34 manat olan hesablanmış dəyərindən cəmi 1077,07 manat ödəniş etmişdir, bununla da 1002,27 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Müqavilələr restrukturizasiya edildikdən sonra alınan məhsulların 2013,34 manat olan hesablanmış dəyərindən cəmi 1011,07 manat ödəniş etmişdir, bununla da 1002,27 manat borc yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 90,4 manat və 9,33 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 90,4 manat və 9,33 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1102 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 31,02 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh:

1. xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, «Gree» markalı kondisioner üçün 909,6 manat ödənilməmiş hissə, 90,4 manat cərimə;

2. xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində edilmiş 01 saylı əlavəyə əsasən, İmei kodu **********04359 olan Huawei P Smart Z markalı telefon üçün 92,67 manat ödənilməmiş hissə, 9,33 manat cərimə; ümumilikdə 1102 manat borc və 31,02 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar