Məhkəmə qərarları › İş №e-2(060)-1454/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1454/2025

10.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1454/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun tərəfindən cavabdehin payına düşən 17.000 manat məbləğin kompensasiya şəklində ödənilərək, Cavabdeh Sumqayıt şəhəri Corat bağları ərazisində, 787 saylı fərdi ev köçürülməsinin xitam olunması, gələcəkdə evlə bağlı hər hansı tələb irəli sürməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Belə ki, Cavabdeh xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları xx.xx.1994-cü il təvəllüdlü X11 oğlu və xx.xx.1997ci il təvəllüdlü Nümayəndə doğulmuşdur. Nikahları xx.xx.2018-ci il tarixdə qarşılıqlı hörmət əsasında mübahisəsiz pozulmuşdur. Bu zaman o və övladlarları ilə birgə Sumqayıt şəhəri, Corat bağları, 787 saylı sənədsiz tikilidə yaşamağa davam etmişlər, özü isə evi tərk etmiş, xaricdə yaşayacağını bildirmişdir. Amma münasibətləri övladlarına görə davam etmişdir. Bu müddət ərzində evin məişət ehtiyaclarını, kommunal xərclərini özü qarşılamış, yüksək şəkildə təmir etdirib yaşanılası hala gətirmişdir. X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Bunun üzərindən 1 il yarım keçəndən sonra, Cavabdeh içkiyə başlamış, şəhid atası adına laiq olmayan hərəkətlər etməyə başlamışdır. Dəfələrlə bunun qarşısını almağa çalışsa da, onu söyüb təhqirlər etmiş, xəsarət yetirmişdir. Sonuncu dəfə evə içkili gələndə, artıq buna son qoymasını, tələb etsə də, qızını vurmaq istədikdə qarışısına keçmiş ona xəsarətlər yetirmiş, söyüb təhqir etmişdir. Vəziyyətə son qoyulmasının əvəzinə daha da qızışdığını gördüyündə artıq 102 çağrı xidmətinə zəng etmiş, vəziyyəti bildirmişdir. Bunu görəndən sonra, onu döyüb və qızını hədələyib çıxıb getmişdir. Faktla bağlı araşdırılma başlamışdır. Səhəri gün evində böyük qaz açarı ilə onlara zərər vermək üçün evə gəldikdə, onları tapa bilmədiyindən 10.000 manat dəyərində bütün məişət əşyalarını sındırmış, yararsız hala gətirmişdir. Qonşular səs küy barədə ona zəng edib bildirəndə, artıq polisə də məlumat vermiş və əməkdaşlar tərəfindən Cavabdeh şübhəli şəxs kimi saxlanmış, məhkəməyə çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-638/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmışdır. Onun həbs qətimkan tədbirinin seçilməsinin istəməməmin səbəbi, ona bildirmişdi ki, artıq bizlə işi olmayacaq yenidən xaricə gedəcəkdir. Əşyalara vurduğu zərərlə bağlı isə ölkədə olmadığından 1 il müddət keçdiyi üçün, mülki qaydada məhkəmə icraatı qaydasında baxıla biləcəyindən bu barədə indiyədək heç bir iddia qaldırmamışdır. Lakin ölkəyə məzuniyyətə gələn zaman Coratda yerləşən sənədsiz evlərindəki paylarının müəyyən olunması barədə məhkəmədə iddia qaldırmış, məhkəmə evin hazırkı bazar qiyməti barədə ekspertiza sorğusu göndərmiş, evin dəyərinin 34.000 manat məbləği müəyyən edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-918/2023 saylı, xx.xx.2022-ci tarixli qərarına əsasən, iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilmiş, həmin məbləğ üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh İddiaçı payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bu qətnamədən irəli gələrək Cavabdeh köçürülmə ilə bağlı iddia qaldırmış, iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təmin edilmiş, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə maneəsiz köçürülməsi qət olunmuşdur. Lakin həmin şəxs özü xaricə getmişdir. İldə bir dəfə məzuniyyət üçün ölkəyə qayıdan bu şəxsin bütün məqsədi onların hüzrunu qaçırmaqdır. 2018-ci ildən bəri Sumqayıt şəhəri, Corat bağları ərazisində, 787 saylı fərdi evdə mən iki övladı ilə birgə qalmış, bir aylıq məzuniyyətə ölkəyə gələndə ara-sıra onlarla qalmış, lakin münasibətlər pisləşəndən yəni, 2022-ci ilin may ayından sonra, birdəfəlik münasibət kəsilmişdir. Hazırda Sumqayıt şəhəri, Corat bağları ərazisində, 787 saylı fərdi evdə o və qızı qalır, həmçinin bu ev onun oğlunun böyüdüyü ev olduğundan bu evdə xatirəsini yaşatmaq istəyir. 2-ci X2muş oğlunun şəkillərini, otağını dağıtmış, onun mənəvi dəyərə malik əşyalarını sındırmış, həmçinin o və qızı Nümayəndə maddi və fiziki zərər yetirmiş, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuş, əmlaklarını dağıtmış bu şəxslə bir evdə qalmaqları qeyrimümkündür. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı qətnaməsinə əsasən təmir tikintiyə çəkilmiş ona düşən pay məbləğində, yəni 17.000 manat kompensasiya ödəməklə Sumqayıt şəhəri, Corat bağları, 787 saylı fərdi tikiliyə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2018-ci ildə boşanandakı yəni birgə nikah dövründəki evin halını deyil, evin təmirinə 25.000 manat xərclədiyi 2023-cü ildəki vəziyyətinin Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-918/2023 saylı qətnaməsinə əsasən təmir - tikintiyə çəkilmiş ona düşən pay məbləğində, yəni 17.000 manat kompensasiya ödəməklə Sumqayıt şəhəri, Corat bağları, 787 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, yeganə yaşayış yerinin qeyd olunan mübahisəli mənzil olduğunu, həmin mənzildən çıxmaq fikrində olmadığını, həmin mənzildən iddiaçıya çatan 17000 manatı da verməyə etirazı olmadığını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etmir. İddiaçının həmin iddia tələbində yazdıqları boş cəfəngiyyat olmaqla onun ünvanına atılan şər və böhtandır. İddiaçı iddia tələbində göstərir ki, guya o, ona və qızına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 787 saylı evdə yaşamağa imkan vermir. Bu səbəbdən də ona 17000 manat kompensasiya verilməklə mənzilə köçürülməyinə xitam verilməlidir. İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onlar 2018-ci ildən boşanmışlar. Onun oğlu 44 günlük X2muş və o, həmin ərəfədə işi ilə bağlı xaricə getməyi səbəbindən həm iddiaçıya, həm də qızı Nümayəndə etibarnamə vermişdir. Bu ərəfədə şəhid ailəsi kimi ona və iddiaçıya dövlət tərəfindən bır sıra vəsaitlər ayrılmış və iddiaçı onun adına verdiyi həmin etibarnamədən istifadə etməklə ona dövlət tərəfindən verilən vəsaitləri adına olan kart və bank hesablarından çıxarmış, nəticədə o, ümumillikdə 50000 manatdan artıq ona çatası vəsaitləri götürmüşdür. O, xaricdən qayıtdıqdan sonra iddiaçıdan həmin vəsaitləri ona qaytarmasını tələb etmiş, lakin iddiaçı bu vəsaitləri ona verməmiş və bu azmış kimi onun mülkiyyətində olan “Kia Optima” markalı maşınını da özgəninkiləşdirmişdir. O, bundan sonra ona qarşı məhkəmədə iddia qaldırmış və həmin məhkəmə işi üzrə iddiası qismən təmin edilmiş, məhkəmə mübahisəsi hazırda da davam edir. İddiaçının bir neçə yerdə yaşayış evləri vardır. Belə ki, Abşeron rayon, Şəfəq qəsəbəsi, st.Sumqayıt ərazisində ona 2 otaqlı mənzil verilmiş və 16-cı mikrorayon, yeni tikili Panorama situ 17/11, blok 2 ünvanında mənzil almışdır. Onu iddiaçı hazırki evə buraxmadığı üçün o, mənzilə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. Mənzilə köçürülən zaman onun vəziyyətini sübut etmək məqsədi ilə o, videoçəkiliş aparmışdır. İddiaçı bu mənzili boşaltmış və orada olan əşyaları söküb çıxarmış və mənzili öz şəxsi tamahına görə bərbad bir hala salmışdır. İddiaçı nə üçün ona kompensasiya verib bu mənzildən çıxarılmalıdır. Mənzildə onun pay və istifadə hüquqlarını təsdiqləyən qanun qüvvəsini almış qətnamələr vardır. Həmin qətnamələr ona dəlalət edir ki, iddiaçının ondan hər hansı bir üstünlük hüququ yoxdur. Digər tərəfdən iddiaçının mənzili vardır. Dövlət tərəfindən şəhid ailəsi kimi mənzil almışdır. Lakin iddiaçıya mənzil verildiyi üçün o, mənzil sahəsi ilə təmin olunmamışdır. İddiaçı iddia tələbində göstərir ki, guya mübahisəli evdə yaşayır. Lakin faktiki olaraq o, hər cür komfort şəraiti olan yeni tikilidə - 16-cı mikrorayon, yeni tikili panorama situ 17/11, blok-2də yaşayır. Ona mübahisəli ev yaşamaq üçün deyil, satıb gəlir götürmək üçün lazımdır. Şəhid oğlunun ruhuna hörmət qoyan həmin evi söküb bərbad hala salmazdı. Evinə üzərinə “satılır” sözü yazdırmazdı. Sadəcə o, bu gün məhkəməni manipulyasiya etmək üçün özünü guya oğlunun xatirəsini əziz tutan bir şəxs kimi qələmə verməyə çalışmışdır. Əslində isə belə deyildir. İddiaçı məhkəməyə izahat ilə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 2018-ci ildə nikahları qarşılıqlı razılaşma əsasında pozulmuşdur. O vaxtdan Sumqayıt şəhər, Corat bağları, 787 saylı evdə o, daimi yaşamış, evin bütün saxlanc xərclərini özü qarşılamışdır. Belə ki, sözü gedən tikili daş divar olmuş, 25.000 manat təkcə təmirinə vermiş, eyvan artıraraq evi böyütmüş, daha sonra torpaq alaraq 3 sota çatdırmışdır. Belə ki, cavabdeh daimi xaricdə yaşamış və yaşamaqdadır, onun daimi yaşayış yeri Litviya Respublikasıdır. Belə ki, xx.xx.2018-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-ci il, xx.xx.2023- xx.xx.2023-ci il, xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə daimi xaricdə yaşamışdır. xx.xx.2025-ci ildə Azərbaycana gəlmiş, daimi 8-ci mikroyayonda anası ilə birgə yaşamışdır. 1 dəfə belə olsun Coratda yaşamamışdır, maneəsiz köçürülməsi təmin olunsa belə. Hətta əksinə dərhal birgə yaşayış qaydalarını pozaraq, yenidən otağın əşyalarını sındırmış, çıxıb getmişdir. Hələ ondan özünün sınıq sınıq etdiyi evə şərait qurmağını gözləyir. 2011-ci ildən daimi orda övladları ilə birlikdə yaşamış, 2018-ci ildə boşananda daş hörgünü bəyənməmiş, özü gedib kefini xaricdə çəksə də, o, övladlarının vəsaiti hesabına evi əziyyəti ilə sıfırdan yığdırmışdır. İndi evin yaxşı halda olduğunu görüb ondan ev istəyir. Onun orda yaşamadığını, faktiki onun daim orda yaşadığını qonşuların aktından da görmək mümkündür. İşdə olduğu müddətdə yeni arvadını evə gətirib manqal çəkib həyəti zibilləyib, acıq vermək üçün canı çıxsın ona yığışdırsın deyib töküb getmişlər. Onun da oğluna görə o evə ziyarət olunduğundan məcbur yığışdırır. İmkan vermirlər oğlunun anını yaşadsın, zatən iş materiallarındanda görmək olur ki, o nə özünə nə oğluna hörmət qoyur. Oğlunun bütün əşyalarını sındırmış “ ata”dan söhbət gedir. Bu ev onun 14 ildir qaldığı əzab-əziyyətlə ərsəyə gətirdiyi evdir. Ona dövlət tərəfindən oğluna görə ev verilməsi öz evini verilməli olduğu anlamına gəlmir. O da ev növbəsindədir, mərhələli evlə təmin olunacaqdır. Özünün də ev almağa imkanı var. Sadəcə almır ki, bu evi ondan alsın. Onsuz xaricdə yaşayır. Bundan əlavə onunla bir yerdə yaşamaqları əxlaq və təhlükəsizlik baxımından qeyri-mümkündür. Döyür, söyür, təhqirlər edir, əşyaları sındırır. Bunun da rəsmi sübutlarını məhkəməyə təqdim etmişdir. Onların arasında gedən məsələ mülkiyyətə payların bölünməsi deyil, çəkilmiş xərcdən yaranan istifadə hüququdur. Əks halda mülkiyyətə payların müəyyən olunması 3 ildir və bu müddəti çoxdan aşmışdır. Məhkəmlərdə çəkilmiş xərcləri bölmüşdür. Xərcə görə istifadə hüququ yaranmışdır. Həm istifadə etmədiyindən, evə bir dəfə gələrək mənə zərər vurduğundan o, ona xərcini ödəmək istəyir. Eyni zamanda ev natura qaydasında bölüməsidə mümkün deyil. Evin bütün xərclərini o qarşıladığıbdab, təmir etdirib yaşanılası hala gətirdiyindən, komunnallar onun adına olduğundan, ən əsası da onun və qızının daimi yaşadığı ev olduğundan və onun birgə yaşayış qaydalarını dəfələrlə pozduğundan, arvadını gətirərək onun mənzil hüququnu pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh özünü apara bilmir. Nə onu, nə də özünü qarşılamır və yola getmirlər. Cavabdeh iki dəfə evə gəlmiş və ikisində də evi dağıtmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh 8-ci mikrorayonda yaşayır. Onun doğulduğu evdir. İmkanı vardır, lakin ev almır. Digər tərəfdən dövlət tərəfindən Stansiya Sumqayıtdan ev verilir, lakin qəbul edilmir. Əgər orada qalırdısa nə üçün köçürülmə barədə müraciət etmirdi? Evi təmir etdikdən sonra dəyərə minmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qonşu qapının ağzında maşın saxlayır. O da mübahisə edir ki, avtomobili orada saxlamasın. Cavabdehin qalacaq yeri yoxdur. Ev verilmir. Corat ərazisində yaşayır. 15 gündür ki, buraya köçmüşdür. Suyu da bağlayaraq iddiaçı qırmışdır. 8-ci mikrorayon ərazisində kirayədə yaşamışdır. Qışı qala bilmədiyi üçün Corat ərazisində yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Kompensasiya tələb olunması ilə bağlı tələb hüququ vardır. Lakin hazırki vəziyyətdə hüququ yoxdur. İkinci tərəfdən yaşayış sahəsindən başqa cavabdehin yaşayış yeri yoxdur. Kompensasiya hüququ olduğu üçün yaşayış hüququndan mərhum ola bilməz. Onların köçürülmə barədə qətnaməsi vardır. İddiaçı onun müdafiə etdiyi şəxsin orada yaşamamaqlarını sübut etməlidir. Onlarında kompensasiya tələb etmək hüququ vardır. Onlar da kompensasiya verə bilərlər. Şərait ilə bağlı başqa yerdə də yaşa bilərlər. İddiaçı imtiyazdan istifadə edərək iki otaqlı mənzil almışdır. Bu səbəbdən də iddia əsassızdır və rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Sumqayıt şəhəri Pİ-nin PB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 11 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, faktda Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gəlib ev əşyalarını qəsdən sındıraraq ona maddi ziyan vurmuş Cavabdeh barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə sahə rəisinə verilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin təmir-tikinti işlərinin ümumi dəyəri 34000 manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 004914 nömrəli, 15 aprel 2021-ci il tarixdə verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, X7 Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-638/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və onun 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Qonşuların iştirakı ilə tərtib olunmuş 05 aprel 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı övladı Nümayəndə ilə birlikdə Corat bağları, 787 saylı fərdi evdə daimi yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli qərarına əsasən məhkəmə tərkibi qeyd edilən maddənin tətbiqi ilə bağlı təcrübədə fərqli hüquqi yanaşmaların olduğunu nəzərə alıb vurğulamağı zəruri hesab edir ki, ümumi paylı mülkiyyət hüququndakı pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş payçının hüquqlarının məhkəmədə müdafiəsi qaydası (qaldıracağı iddianın predmeti) qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. Ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi – paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (Mülki Məcəllə, 215.1-215.3-cü maddələr). Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5- 215.6-cı maddələr). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş, nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin təmir-tikinti işlərinin ümumi dəyəri 34000 manat məbləğində müəyyən edilmiş, həmin məbləğ üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh X3 payları müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 374/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə köçürülmüşdür. Hazırda iddiaçı keçmiş həyat yoldaşı Cavabdeh mənzilə istifadə hüququna kompensasiya ödənilməklə mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği 17.000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələb yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən mülkiyyət hüquqları müvafiq qaydada qeydiyyata alınan mülkiyyətçiyə münasibətdə tətbiq edilən normadır. Hazırki tələb üzrə tərəflərin hüquqları rəsmi qaydada qeydiyyata alınmamış mənzilə münasibətdə birgə nikah dövründə çəkilmiş xərcə münasibətdə tərəflərin payları müəyyən edilməklə, cavabdeh mənzilə köçürülmüşdür.Hüquq normasının sabitliyinin və məhkəmə aktlarının qanuniliyi baxımından hazırki tələbə münasibətdə kompensasiya verilməklə hüququn xitamı və digər əsaslar üzrə mənzildən çıxarılması əsaslı olmamaqla, qanunvericiliyin normasına uyğun deyildir. Bütün qeyd olunanlarla bərabər cavabdehin mübahisəli mənzildə yaşamaması sübut olunmayaraq, onun yaşayış hüququnun təmini üçün başqa yaşayış yerinin olması işin araşdırılan hallarına əsasən təsdiq edilmir. Məhkəmə prosesinin gedişində tərəflərə mübahisənin barışıqla həll edilməsi yönündə təklif edilmiş, lakin tərəflər arasında mübahisənin barışıqla bitməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmənin icraatında olan tərəflərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iş üzrə (2(060)-2787/2025 saylı) tələbləri baxımından hazırki tələbin qanuni əsasının olmaması qənaətinə gəlməsinə əsas verir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” və sair tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar