Məhkəmə qərarları › İş №e-2(060)-1465/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1465/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1465/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "X1 Agentliyi" X3rşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə:

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1426 (bir min dörd yüz iyirmi altı) manat məbləğində qazdan istifadə borcunun əsassız hesab edilməsi, hesablanmış 1426 manat borcun İddiaçı hesabından (abonent saldosundan) silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi bağ evinə qaz xəttinin təchizatı ilə bağlı quraşdırılmış “G-4 smart” markalı, 1102AQ10100 nömrəli qaz sayğacı ilə bağlı (abonent kodu: **********00000) Cavabdeh İBnin nümayəndələri tərəfindən ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktda qayka birləşməsində plombun qırıldığı göstərilmişdir. Sayğac onun evinin darvazasının çöl (yol tərəf) hissəsində quraşdırıldığından və tərəfiindən sayğaca hər hansı müdaxilə olunmadığından o,atkı imzalamaqdan imtina etdi. Həmçinin, xx.xx.2018-ci il tarixdə onun iştirakı olmadan Cavabdeh İB-nin nümayəndələri tərəfindən guya onun 7435 m artıq qaz sərfinə yol verməyinə dair hesabat hazırlanmışdır. Müvafiq hesabatın mövcudluğundan o, 2024-cü ilin oktyabr ayında Cavabdeh İB tərəfindən ondan borc tələb edilərkən xəbəri olmuşdur. Bundan sonra, abonent saldosunu əldə etdi və ona məxsus saldoya 1426 (bir min dörd yüz iyirmi altı) manat borc daxil edildiyini müəyyən etdi. Halhazırda Cavabdeh İB-nin əməkdaşları borcu tələb edir və evə gələn qazın kəsiləcəyini bildirirlər. O, hesablanmış qaz borcu ilə qəti şəkildə razı deyil. Belə ki, istifadə etdiyi qazın dəyəri həmişə tam şəkildə ödənilmişdir, tərəfindən ümumiyyətlə qaz sayğacına hər hansı müdaxilə edilməmişdir və qaz sayğacı dəyişdirilən zaman da köhnə qaz sayğacının plombu üzərində olmuşdur. Bundan əlavə, borc məbləği 2018-ci ilə aiddir və qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti, eləcə də öhdəliyə xitam verilməsinə dair 5 illik tələb etmə müddəti də ötürülmüşdür. Qeyd edilənlərə əsasən o, hesablanmış 1426 manat məbləğində qaz borcunu tamamilə qanunsuz və əsassız hesab edir. Hesablanmış borcla bağlı tərəfindən X2 Agentliyinə şikayətlə müraciət edilmiş və həmin qurum tərəfindən aparılmış araşdırma ilə sayğaca müdaxilə olunmasını müəyyən etmək məqsədilə cavabdeh tərəfindən dövlət yoxlamasının keçirilmədiyi müəyyən edilmişdir. Belə müəyyən olunur ki, hər hansı yoxlama keçirilmədən cavabdeh öz mülahizəsi ilə ona borc hesablamışdır və abonent saldosuna işləmişdir. Qeyd edilənlərə əsasən iddiaçıiddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğac mənzildən çöldədir. İddiaçının xəbəri olmadan cavabdeh tərəfindən ona cərimə hesablanıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə olduğu üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq həmin dövrdə olan mövcud təcrübəyə əsasən hər kub 20 qəpikdən hesablanmaqla 1487 manat borc hesablanmışdır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "X1 Agentliyi" X5 xəbərdar edilməsinə baxmayaraq iş üzrə həmin şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 1487 manat borc hesablanmışdır. 8.İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-cü il tarixli tələbnamədən görünür ki, ünvan 2 qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 7435 m3 müəyyən edilmişdir. 9.İşdə olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş və sayğacın qayka birləşməsində plombun qırılması müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacına müdaxilə nəticəsində sayğacın yan plombunun olmaması halı ilə əlaqədar cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2018-ci il tarixli nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı 1487 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun 1426 manat hissəsinin silinməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir(4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.(4.9). 13.Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. 14.Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 16.Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 18.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 20.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 11, ev 220/15 ünvanına (abonent kodu:**********00000) hesablanmış 1426 manat məbləğində borc əsassız hesab edilməli və həmin borcun silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 21.Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 22.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 11, ev 220/15 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1426 (bir min dörd yüz iyirmi altı) manat məbləğində borc əsassız hesab edilsin və həmin borcun silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar