Məhkəmə qərarları › İş №e-2(060)-1483/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1483/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1483/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2017-ci il və 23 avqust 2018-ci il tarixlərində Cavabdeh ilə aralarında S3K4692981 nömrəli və S3K4552212 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K4692981 nömrəli müqavilə üzrə 2238 manat dəyəri olan 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Philips” markalı tosteri alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K4552212 nömrəli müqavilə üzrə 2208 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S3K4692981 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 2198 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 147 manat olmaqla, hər ayın 13-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K4552212 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 2208 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 92 manat olmaqla, hər ayın 22-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K4692981 nömrəli müqavilə üzrə 647 manat əsas, 194 manat dəbbə pulu olmaqla, 841 manat və S3K4552212 nömrəli müqavilə üzrə 840 manat əsas, 250 manat dəbbə pulu olmaqla, 1090 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K4692981 nömrəli, 14 sentyabr 2017-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş və S3K4552212 nömrəli, 23 avqust 2018-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh S3K4692981 nömrəli, 14 sentyabr 2017-ci il tarixli müqavilə üzrə 647 manat əsas, 194 manat dəbbə pulu və S3K4552212 nömrəli, 23 avqust 2018-ci il tarixli müqavilə üzrə 840 manat əsas, 250 manat dəbbə pulu və 40 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1971 manat pulun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, S3K4692981 saylı alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 1 ədəd “REF BEKO DM150220DS” markalı və 1 ədəd “TOSTER PHİLİPS HD 2648” markalı əşyalara görə 15 ay ödəniş cədvəli üzrə 147 manat olmaqla, ilkin ödəniş olaraq 40 manat ödəməklə cəmi 2238 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, S3K4552212 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı 2 ədəd “SAMSUNG GALAXY A6+ SM-605 BLACK” markalı mobil telefona, 1 ədəd Qızıl Zəmanət 001716 və 1 ədəd Qızıl Zəmanət 001551-ə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 92 manat olmaqla, cəmi 2208 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı S3K4692981 nömrəli, xx.xx.2017-ci il tarixli və S3K4552212 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilələr xx.xx.2023-cü il tarixə müvafiq olaraq 647 manat əsas, 194 manat dəbbə pulu və 840 manat əsas, 250 manat dəbbə pulu, həmçinin 40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1971 manat məbləğində borcu mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, S3K4692981 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə cərimə borcu 60 manat, S3K4552212 nömrəli, xx.xx.2018-ci il müqavilə üzrə cərimə borcu 80 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, S3K4692981 saylı alqı-satqı müqaviləsinə əsasən 647 (altı yüz qırx yeddi) manat əsas, 60 (altmış) manat cərimə, xx.xx.2018-ci il tarixli, S3K4552212 saylı alqı-satqı müqaviləsinə əsasən 840 (səkkiz yüz qırx) manat əsas, 80 (səksən) manat cərimə olmaqla, ümumilikdə 1627 (bir min altı yüz iyirmi yeddi) manat məbləğində pul, həmçinin 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, S3K4692981 saylı alqı-satqı müqaviləsinə əsasən 647 (altı yüz qırx yeddi) manat əsas, 60 (altmış) manat cərimə, xx.xx.2018-ci il tarixli, S3K4552212 saylı alqı-satqı müqaviləsinə əsasən 840 (səkkiz yüz qırx) manat əsas, 80 (səksən) manat cərimə olmaqla, ümumilikdə 1627 (bir min altı yüz iyirmi yeddi) manat məbləğində pul, həmçinin 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar