Məhkəmə qərarları › İş №e-2(060)-1686/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1686/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1686/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********44621 olan “X1 11S” markalı telefon, “Samsung” markalı mikrodalğalı soba, “Oral” markalı 3 ədəd elektrik diş fırçası almış və nəticədə 1225 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 784,98 manat, İmei kodu **********44621 olan “X1 11S” markalı telefon üçün ümumilikdə 816 manat olmaqla, ondan 741,37 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74,63 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 manat “Samsung” markalı mikrodalğalı soba üçün ümumilikdə369 manat olmaqla, ondan 336 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 113,94 manat olan “Oral” markalı 3 ədəd elektrik diş fırçası üçün ümumilikdə 40 manat olmaqla, ondan 37 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə borcu vardır. Cəmi ödədiyi məbləğ 120,55 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********44621 olan “X1 11S” markalı telefon üçün 741,37 manat ödənilməmiş hissə, 74,63 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı mikrodalğalı soba üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Oral” markalı 3 ədəd elektrik diş fırçası üçün 37 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 1225 manat borc və 32,25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03751266 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Oral” markalı 3 ədəd elektrik diş fırçasını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 113,94 manat pul məbləğini hissə-hissə 6 ay müddətinə hər ay 18,99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13401750 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********44621 olan “X1 11S” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 785,03 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 43,61 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02002407 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung” markalı mikrodalğalı sobanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 335,99 manat pul məbləğini hissə-hissə 3 ay müddətinə hər ay 112 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 18 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 37 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, cəmi 40 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 741,37 manat ödənilməmiş hissə, 74,63 manat cərimə borcu, cəmi 816 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 336 manat ödənilməmiş hissə, 33 manat cərimə borcu, cəmi 369 manat, ümumilikdə 1225 manat ödənilməmiş borcu vardır.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, cəmi 40 (qırx) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 741,37 (yeddi yüz qırx bir manat, otuz yeddi qəpik) manat ödənilməmiş hissə, 74,63 (yetmiş dörd manat, altmış üç qəpik) manat cərimə borcu, cəmi 816 (səkkiz yüz on altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, cəmi 369 (üç yüz altmış doqquz) manat, ümumilikdə 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 32,25 (otuz iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, cəmi 40 (qırx) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 741,37 (yeddi yüz qırx bir manat, otuz yeddi qəpik) manat ödənilməmiş hissə, 74,63 (yetmiş dörd manat, altmış üç qəpik) manat cərimə borcu, cəmi 816 (səkkiz yüz on altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu, cəmi 369 (üç yüz altmış doqquz) manat, ümumilikdə 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 32,25 (otuz iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar