Məhkəmə qərarları › İş №e-2(060)-170/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-170/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-170/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Toyota Rav 4” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, K.Səfərəliyeva küçəsi ərazisində "xxxx" ASC tərəfindənMV-P 00429-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 8420 (səkkiz min dörd yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYP-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Bünyatov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbləri ilə bağlı 4855,82 (dörd min səkkiz yüz əlli beş manat, səksən iki qəpik) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 3564,18 (üç min beş yüz altmış dörd manat, on səkkiz qəpik) manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0529/23 nömrəli məktubla Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3564.18 (üç min beş yüz altmış dörd manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 55.64 (əlli beş manat altmış dörd qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun iddiaçı "xxxx" АSC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği ilə tam şəkildə razı deyildir. İş üzrə iddiaçı qismində çıxış edən sığorta şirkəti dəymiş ziyanın ödənilməsi barədə ona heç bir məlumat verməmiş, daha sonra isə əsassız olaraq hesablanan 3564 manat məbləğ pulu ondan tələb etmişdir. Bildirmək istəyir ki, "xxxx" ASC tərəfindən ziyan dəymiş avtomobilə çəkilmiş xərclərin miqdarını və servis xərcləri barədə heç bir rəsmi məlumat verilməmişdir. Hazırki ərizə ilə müraciət edərək iddia tələbinə etiraz etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləği, eləcə də digər tərəfin sığortasının və onun sığortası tərəfindən edilmiş hərəkətlər barədə heç bir məlumatı olmamışdır. Avtomobilə dəymiş ziyanı ilə qəti olaraq razı deyildir. Belə ki, hesablanmış məbləğ tamamilə uydurma və cəfəngiyyatdır. Hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan hallar tam, obyektiv və hərtərəfli araşdırılmalı və iş üzrə həqiqətə nail olunmalıdır.

4. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, onun idarə etdiyi (etibarnamə əsasında) **-ZS-*** markalı, RAV-4 minik maşını barədə verilən qərara əsasən avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclası xx.xx.2023-cü il tarixdə olmasına baxmayaraq avtomobilin üzərinə həmin zamandan həbs qoyulmuşdur. Halbuki o, ayrılmış və dörd uşaq üçün aliment ödəyir. O bu ödədiyi alimentin məbləğini idarə etdiyi avtomobil əsasında qazanır. Onun bu vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə zamanı ona yazılan cərimə əsassız olmuşdur. Lakin o bilmədən cəriməni ödəmişdir. Həm də “Qala Sığorta ”АSC tərəfindən çıxarılmış dəymiş ziyanla bağlı razı deyildir. Qiymət çox yüksək göstərilmişdir. Yenidən eskpertiza təyin olunub, dəyərləndirilməsini xahiş etdi.

5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5896/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8246 nömrəli ekspert rəyi və mülki iş məhkəməyə daxil olmuş və bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-5896/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatı təzələnmişdir.

6. İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Fuad Allahverdiyev xx.xx.2024- cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən tərtib olunmuş №-1780/22 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən 8670 (səkkiz min altı yüz yetmiş) manat müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli ekspert rəyində 2018-ci il buraxılışlı “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 8670 (səkkiz min altı yüz yetmiş) manat məbləğində olduğu qeyd edilsə də, işlənib hazırlanmış metodikaya əsasən illik 3% aşınma nəzərə alınaraq həmin avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 7957 (yeddi min doqquz yüz əlli yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2022-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ilinin (2018) deyil, 2022-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. Bu səbəbdən də ekspert tərəfindən hesablanmış məbləğin köhnəlmə əmsalı tətbiq edilməklə azalması, iddiaçının maliyyə itkisinə məruz qalmasına səbəb olur. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, ekspert rəyində “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirbərpa xərci avtoehtiyat hissələrinə tətbiq olunmuş köhnəlmə faizinin nəzərə alınmamasını, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3564.18 (üç min beş yüz altmış dörd manat, on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 55,64 (əlli beş manat, altmış dörd qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun idarə etdiyi **-ZS-*** RAV 4 markalı avtomobillə qarşı tərəfin idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” markalı avtomobili ilə qəza baş vermişdir. Qəza zamanı günah onun üstünə yıxılmışdır. O, DYP-də heç bir izahat yazmamışdır. Onun adından izahat yazılmışdır. Həmçinin çertyoj tərtib olunarkən o iştirak etməmişdir. Əgər yazılanların onun tərəfindən yazıldığı sübut olunarsa bütün məsulliyyəti ilə cavabdehlik daşımağa hazır olduğunu bildirmişdir.

8. İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Fuad Allahverdiyev xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən tərtib olunmuş №-1780/22 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən 8670 (səkkiz min altı yüz yetmiş) manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində 2018-ci il buraxılışlı “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2 cür, yəni, 1-ci bəndində dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq olaraq 8370 (səkkiz min üç yüz yetmiş) manat, 2-ci bəndində dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7657 (yeddi min altı yüz əlli yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2022-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ilinin (2018) deyil, ehtiyat hissələrinin 2022-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. Göründüyü kimi ekspert tərəfindən hesablanmış məbləğin köhnəlmə əmsalı tətbiq edilməklə azalması, iddiaçının maliyyə itkisinə məruz qalmasına səbəb olur. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, ekspert rəyində “Porsche Panamera” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə tətbiq olunmuş köhnəlmə faizinin nəzərə alınmamasını, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3564.18 (üç min beş yüz altmış dörd manat, on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 55,64 (əlli beş manat, altmış dörd qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, ekspert tədqiqatının nəticəsində gəldiyi birinci nəticə əsasında qətnamə qəbul edilməsini xahiş etdi. Aşınma tətbiq olunmamalıdır. Avtomobil 2018-ci il istehsalıdır. 2022-ci il istehsalı ilə eyni deyildir. Aşınma tətbiqinə görə 700 manat fərq vardır. Aşınma və yeni qiymətlərə görə iki cür qiymətləndirilmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, subroqasiya hüququ yaradan heç bir hal yoxdur. Polis inspektoru sənədin davamını onun adından özü yazmışdır. İnzibati qərar ilə olan cəriməni də bilməmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Əmlakına həbs qoyulmuş, digər maşına isə heç nə edilməmişdir.

12. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus olan “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2027-ci il tarixədək Cavabdeh1 istifadəsinə vermişdir.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında protokolundan və “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.

15. İş materiallarında olan MVP0078/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8670 manat, ödənilmiş sığorta ödənişinin məbləği 8420 manat təşkil edir.

16. İşin materiallarında olan 2000 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 8420 manat pul köçürülmüşdür.

17. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1780/2022 nömrəli qiymətləndirmə aktından görünür ki, “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumillikdə 8670 manat olaraq müəyyən edilmişdir.

18. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4855,82 manat pul köçürülmüşdür.

19. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 02 may 2023-cü il tarixli, 0529/23 nömrəli xəbərdarlıqdan görünür ki, subroqasiya hüququna əsasən 3564,18 (üç min beş yüz altmış dörd manat on səkkiz qəpik) manat məbləğdə vəsaiti 7 iş günü müddətində "xxxx" ASC-nin aşağıda qeyd olunan bank hesabına ödəməyi xahiş etmişlər. Qeyd olunan tarixədək həmin vəsaitin onun tərəfindən ödənilməyəcəyi təqdirdə məhkəmə qarşısında subroqasiya tələbi irəli sürüləcək və bu zaman müvafiq məhkəmə xərcləri də əlavə olaraq ondan tələb olunacaqdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8246 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Porsche Panamera” markalı, ** TR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8670 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7957 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2115 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Porsche Panamera” markalı, ** TR *** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə, yəni 2022-ci ilin may ayın təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8370 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7657 manat kimi müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 80 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 “Toyota RAV-4” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Porsche Panamera” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən 8420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra sığortalıya ödənilmiş 8420 manat məbləğində sığorta ödənişinin 4855,82 manat təşkil edən hissəsi «Аvtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə "xxxx" ASC-dən tələb olunmuş və adı çəkilən sığorta şirkəti tərəfindən 4855,82 manat məbləğ "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda "xxxx" ASC subroqasiya qaydasında qalan 3564,18 manat məbləğində pulu cavabdehlərdən məhkəmə qaydasında tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

29. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

30. Məcəllənin 936.5-ci maddəsinin tələbinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

31. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti (23 Ali Məhkəmənin bülleteni 2020) iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

33. Göründüyü kimi yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan “Toyota Rav 4” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər Cavabdeh2 isə həmin avtomobili ona etibarnamə əsasında istifadəsinə vermişdir.

34. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalı, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

35. Bundan əlavə, məhkəmə iclasında işə baxılarkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8246 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8670 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7957 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2115 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə, yəni 2022-ci ilin may ayın təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8370 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7657 manat kimi müəyyən edilmişdir.

36. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə real olaraq ekspertizanın rəyi nəzərə alınmaqla ziyanın vurulması və "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4855,82 manat məbləğində sığorta ödənişinin verilməsi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2801,18 manat (8420-7657=763, 3564,18-763=2801,18) məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

37. "xxxx" ASC tərəfindən sığortalıya artıq məbləğin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq ödənilmiş məbləğlə əlaqədar məbləğin ödənildiyi şəxsə qarşı iddia tələbini irəli sürmək hüququna malikdir.

38. Məhkəmə iddia tələbinin “müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumuna görə 55,64 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, ödənilmiş dövlət rüsumunun yarısı olaraq 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun qalan 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2801,18 (iki min səkkiz yüz bir manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri (50+80) 130 (bir yüz otuz) manat iddiaçı "xxxx" ASC və Cavabdeh1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2801,18 (iki min səkkiz yüz bir manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun yarısı olaraq 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun qalan 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat iddiaçı "xxxx" ASC-dən və Cavabdeh1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Behdudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar